Əsas Səhifə > Cəmiyyət > AZƏRBAYCANSAYAĞI TƏZAD

AZƏRBAYCANSAYAĞI TƏZAD


13-01-2012, 17:57
AZƏRBAYCANSAYAĞI TƏZAD

QƏZET KÖŞKÜ QƏZETİN SATIŞINA PİS TƏSİR EDİR

Son vaxtlar Bakıda qəzet satışında ciddi problemlər yaranıb. Meriya səyyar satışa əngəllər yaradır, köşklərin sayı azaldılır. Bakı Şəhər İcra Hakimiyyətnin quraşdırdığı yeni köşklərdə isə qəzet satışına çox da həvəs göstərilmir. Bu durum qəzetlərə necə təsir edir? “Media forum” saytı bu sualla redaksiya rəhbərlərinə müraciət edib.

“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı:

- Çox pis mənzərədir. Son hadisələr onsuz da zəif olan satışa çox pis təsir etdi. Bu bütün qəzetlər üçün zərbədir. Şəhərdə yeni, çox gözəl köşklər quraşdırılıb. Biz həmin köşkləri görəndə sevinmişdik ki, qəzet satışına müsbət təsir edəcək. Təəssüf ki, köşklər ümidimizi doğrultmadı. Bu köşklərdə qəzetdən başqa hər şey satılır. Özü də heç bir yayım şirkəti həmin köşklərin kimə, hansı instansiyaya məxsus olduğunu təyin edə bilmir.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu:

- Məlum hadisələr qəzetin satışına mənfi təsir edib. Düzdür, hələ vəziyyət kritik deyil, amma bu gedişlə tiraj problemləri yarana bilər.

“Azadlıq” qəzeti baş redaktorunun birinci müavini Rahim Hacıyev:

- Bir köşkün götürülməsi belə qəzetin satışına mənfi təsir edir. Açıq görünür ki, qəzet satışını mümkün qədər məhdudlaşdırmağa çalışırlar. Bu da hökumətin bir siyasətidir. Müxtəlif bəhanələrlə köşkləri yığışdırırlar. Hakimiyyət azad mətbuata təzyiqin yeni bir üsulunu tətbiq etməyə başlayıb, bu, həyəcan doğuran vəziyyətdir. Hesab edirəm ki, azad mətbuatın olmasını istəyənlərin hamısı bu siyasətə qarşı çıxmalı, səyləri birləşdirməlidir.


Geri qayıt