Əsas Səhifə > Cəmiyyət > “BİR GÜN AZƏRBAYCANDA DA BİR NƏFƏR ÖZÜNÜ YANDIRACAQ”

“BİR GÜN AZƏRBAYCANDA DA BİR NƏFƏR ÖZÜNÜ YANDIRACAQ”


13-01-2012, 15:51
“BİR GÜN AZƏRBAYCANDA DA BİR NƏFƏR ÖZÜNÜ YANDIRACAQ”

“ONDAN SONRA DA İNQİLAB OLACAQ”

Bu gün Nəqliyyat Nazirliyi ilə Bakı Şəhər Baş Yol Polisi İdarəsi birgə reydlər keçirəcək. Məqsəd isə köhnə sovet maşınlarının taksi kimi fəaliyyət göstərməsinə mane olmaqdır. Qərara əsasən, təkcə “Qaz 3102" markalı maşınların yeni modellərindən başqa bütün Rusiya maşınları xətdən kənarlaşdırılacaq.

“Bakıda işləyən taksilərin çoxu texniki nöqteyi-nəzərdən, müasir tələblərə cavab vermir”

Lisenziyasız taksilərin işinə qadağa qoyulması ilə bağlı keçirilən reydin bu sahədə göstərilən xidmətlərin keyfiyyətinə müsbət təsir edəcəyini deyən “Baku Taxi Company” şirkətinin rəhbəri Eldar Qasımov bildirib ki, Nəqliyyat Nazirliyinin elan etdiyi “Bakıda taksi parkının London Taxi TX4 markalı avtomaşınlara dəyişdirilməsi” proqramı çərçivəsində yeni “Baku Taxi Company” şirkəti yaradılıb.
Bia.az Trend İA-ya istinadən xəbər verir ki, Qasımov, Bakının küçələrində işləyən taksilərin çoxunun həm texniki nöqteyi-nəzərdən, həm də rahatlıq və təhlükəsizlik baxımından müasir tələblərə cavab vermədiyini deyib: “Ona görə də bu avtomobillərin istismardan çıxarılması sərnişinlərə göstərilən xidmətin keyfiyyətini yaxşılaşdıracaq, rahatlığı və təhlükəsizliyi təmin edəcək”.
Bir müddət öncə Nəqliyyat Nazirliyindəki mənbə bir neçə günə Azərbaycanda lisenziyası olmayan taksilərin yığışdırılmasına başlanılacağını bildirmişdi. Nəqliyyat naziri Ziya Məmmədov isə Azərbaycanda lizenziyalaşdırılmamış taksilərin sayının 10 mini ötdüyünü qeyd etmişdi. Nəqliyyat Nazirliyi ilə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin birgə müşavirəsində bu sahədə mövcud problemlərin aradan qaldırılması üçün konkret qərarlar qəbul olunub. Müşavirədə həmçinin qeyd olunub ki, paytaxt ərazisində fəaliyyət göstərən taksilərin, avtobusların dayanacaqdan kənar yerlərdə saxlaması, sərnişin düşürdüb-mindirməsi, təmir gedən ərazilərdə alternativ yolların bərbad vəziyyətdə olması paytaxtda nəqliyyatın hərəkətində ciddi problemlər yaradır.
Taksilərin və avtobusların təyin olunmamış yerlərdə dayanmasının qarşısını almaq üçün Nəqliyyat Nazirliyi ilə Respublika Baş Dövlət Yol Polisi İdarəsi birgə reydlər keçirəcəklər.

“Bu çörəyi bizim əlimizdən almaqla deyil ki?!”

Bia.az əməkdaşları Nəqliyyat Nazirliyinin bu qərarına qarşı taksi sürücülərinin münasibətini araşdırıblar.

Taksi sürücüsü Qurban Vəliyev əməkdaşımızla söhbətində deyir ki, lizensiya versəydilər, daha yaxşı olardı: “Biz də lisenziya ilə işləyərdik”.

Sürücü Mehdi Quliyevin sözlərinə görə, millət acından qırılır: “Ona görə də hamı əlacsız qalıb, burda işləyir. Buna da maneçilik edirlər. Allah onların canını sağ eləsin”.
Müxbirimizin “Əgər bu taksiləri yığışdırsalar, nə edərsiz” - sualına cavabında Mehdi kişi süpürgə götürüb, süpügəçiliklə məşğul olacağını söylədi: “Varlıların qapısını süpürək ki, balalarımızı dolandıraq”.

Başqa sürücü Məmməd Güləliyev isə bu qərara münasibətinin “əla” olduğunu bildirdi: “Qoy, camaat acından qırılsın. Biz bu pulu zülmlə qazanırıq. Bu çörəyi bizim əlimizdən almaqla deyil ki?! Hökumət də bilir ki, nə edir”.

Dövlətin verdiyi VÖİN-lə işlədiyini və hər ay vergi verdiyini deyən sürücü Əhməd Alıyev bildirdi ki, oğlunu bu günlərdə hərbi xidmətə yola salacaq: “Əgər mən bu xalqı qoruyuramsa, prezident də məni qorumalıdır. Bundan sonra necə gedim müharibə edim? Xalqın əlində nə var ki? Liviyada bir nəfər, çörəyini əlindən aldıqları üçün özünü yandırdı və xalq buna görə inqilab elədi. Yəqin ki, bir gün Azərbaycanda da bir nəfər özünü yandıracaq, ondan sonra da inqilab olacaq”. Bir neçə sürücü isə məsələyə münasibət bildirməkdən yayındı.

Dövlət rəsmiləri isə bu qərara haqq qazandırırlar

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, reydin əsas məqsədi paytaxt ərazisində fəaliyyət göstərən taksilərin, avtobusların dayanacaqdan kənar yerlərdə saxlaması, sərnişin düşürdüb-mindirməsi ilə bağlıdır: “Bu tipli qayda pozuntularının qarşısını almaq üçün çox ciddi reydlər keçiriləcək”.

Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov da bu xəbəri təsdiqlədiyini söyləyib: “Bakıda taksi kimi yalnız istehsal tarixindən 5 il müddətinə kimi olan maşınlar istifadə oluna bilər. Bu tələbələrə cavab verməyən bütün Rusiya maşınları xətdən çıxarılacaq. Reyd zamanı lisenziyasız fəaliyyət göstərən bütün nəqliyyat vasitələrinin fəaliyyətinə qadağa qoyulacaq. Hətta İnzibati Xətalar Məcəlləsində də belə bir maddə var. Lisenziyasız bütün nəqliyyat vasitələrinin sürücüləri cərimələnəcək. Bakıda isə Avropa İqtisadi Komissiyasının təyin etdiyi ”C", “D” və “Y” seqmentlərində göstərilən (Buna “London” taksiləri də daxildir- F.İ.) və istehsal tarixindən 5 ilə kimi olan bütün maşınlar taksi kimi fəaliyyət göstərə biləcəklər. Bütün sovet maşınları yığışdırılacaq. Yalnız “Qaz 3102" markalı maşınlara icazə veriləcək. Bakıda həmçinin ağ rəngli taksilər də olacaq. Onların isə salonunda taxometri, ”GPS" naviqasiya sistemi olacaq. Həmin taksilər hələlik keçid dövrü kimi nəzərdə tutulacaq. İlkin sifarişə görə bu tipli taksilərdən min ədəd gətiriləcək. Bunlar da ancaq lisenziyalı fəaliyyət göstərə biləcəklər"


Geri qayıt