Əsas Səhifə > Sosial, Manşet > NİZAMİ HƏRBİ KOMİSSARLIĞINDA BAZAR AÇIBLAR

NİZAMİ HƏRBİ KOMİSSARLIĞINDA BAZAR AÇIBLAR


6-09-2013, 10:55
NİZAMİ HƏRBİ KOMİSSARLIĞINDA BAZAR AÇIBLAR
ARZU RƏHİMOVUN ADAMLARI NƏ QORXU BİLİR, NƏ HÜRKÜ: ŞƏFFAF RÜŞVƏT...

DİA.AZ: - Redaksiyamıza Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (Səfərbərlik xidməti) Nizami rayon şöbəsinin fəaliyyətində müşahidə olunan bir sıra qanun pozuntularına dair məlumatlar daxil olmuşdur. Qeyd etmək lazımdır ki, bu gün cəmiyyətdə formalaşmış ictimai rəy ümumiyyətlə Səfərbərlik xidmətinin fəaliyyətindən çoxsaylı narazılıqlara dəlalət edir. Son illər ərzində hərbi komissarlıq strukturlarında həyata keçirilən islahatlara və bu islahatların bir təzahürü kimi Rayon Hərbi Komissarlıqlarının səlahiyyətlərinin nəzərə çarpacaq dərəcədə məhdudlaşdırılmasına, daha sonra isə bu səlahiyyətlərin ümumiyyətlə Səfərbərlik xidmətinə verilməsinə baxmayaraq bu qurumların fəaliyyəti hələ də bir çox hallarda vətəndaşların hüquqlarının pozulması, müxtəlif korrupsiya faktları ilə müşayiət olunur.

DİA.AZ-a daxil olan məlumatlara görə, Səfərbərlik xidmətinin Nizami rayon şöbəsinin və şəxsən şöbənin rəisi Azər müəllimin fəaliyyəti isə bu yazılanları dəqiqliklə təsdiq edir. Bu xüsusda redaksiyamıza təqdim olunan məlumatlarda qeyd olunur ki, qurumun tabeçilik strukturunun və adının dəyişdirilməsi ilə xidmətin keyfiyyətində müsbətə doğru heç bir irəliləyiş olmayıb. Əksinə əvvəllər komissarlıqda yer alan rüşvətxorluq və korrupsiya halları bir qədər də artıb və dərinləşib.

DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, Nizami rayonunda sağlam çağırışçıların rüşvət almaq yolu ilə ordudan yayındırılması təcrübəsi geniş tətbiq edilir. Vurğulanır ki, qanun pozuntularına daha çox hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlmək mümkündür. Məlum olduğu kimi üç uşağı olan atalar və 35 yaşına yetişən kişilər hərbi xidmətə cəlb olunmurlar. Hərbi xidmətdən yayınmağa çalışan şəxslər üç uşağın dünyaya gəlməsinə, yaxud da müəyyən edilmiş yaş həddinə yetişənə qədər müxtəlif xəstəliklər bəhanəsi ilə vaxt qazanmağa çalışır və çox vaxt buna nail olurlar.

Təbii ki, belə hallar yalnız Səfərbərlik xidməti şöbəsinin “razılığı” ilə yarana bilər. Aldığımız məlumatlarda Səfərbərlik xidmətinin Nizami rayon şöbəsinin rəisi Azər müəllim tərəfindən hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması işinin əməlli-başlı biznes fəaliyyətinə çevrildiyi iddia olunur.

Səfərbərlik xidmətinin fəaliyyətindəki çoxsaylı neqativ hallardan bəhs edən şikayət məktublarından da belə başa düşmək olur ki, bəzi korrupsioner səlahiyyət sahibləri bu strukturlardan öz qanunsuz əməlləri üçün bir şirma kimi istifadə etmək planlarından hələ də əl çəkmək fikrində deyillər. Əlbəttə ki, bu vəziyyət davam etdikcə nə biz, nə də Nizami rayonunun ictimaiyyəti hələ də onları maraqlandıran sualların əksəriyyətinə, xüsusən də bu biabırçılıqlara nəhayət nə zaman və kim tərəfindən son qoyulacağı sualına cavab ala bilməyəcəyik...

Geri qayıt