Əsas Səhifə > Güney Press / Manşet > TOVUZDA 90 YAŞLI ANANIN HAQQINI KİM YEYİR?
TOVUZDA 90 YAŞLI ANANIN HAQQINI KİM YEYİR?5-09-2013, 15:49 |
![]() DİA.AZ: - Tovuz rayonu Çatax (Qandallar) kənd sakini Məmmədov Aydın Qurban oğlu tərəfindən prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova, Fövqaladə Hallar Naziri Kəmaləddin Heydərova, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalova şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: “Mən Tovuz rayonunun Çatax (Qandallar) kəndində yaşayan 90 yaşlı anamın pozulmuş hüquqlarının bərpa olunmasını, torpaq sürüşməsi nəticəsində evi uçmuş, bunun nəticəsində də evin bərpası üçün ona ayrılmış 8000 manat kompensasiyanın Tovuz rayon İH-i və Şatax kənd icra nümayəndəsi Eldar Abbasov tərəfindən mənimsənilən vəsaitin anama qaytarılması üçün sizlərdən kömək istəyirəm. Atam Məmmədov Qurban Xalıqverdi oğlu 1920 ci ildə Qandallar kəndində anadan olub, 1940 cı ildə (Sovetlər Birliyinə) hərbi xidmətə çağrılıb. 1941-1945 Böyük Vətən Müharibəsində ön cəbhədə “atıcı” olaraq vuruşub. Müharibə dövründə bir çox orden və medallarla təltif olunub. 1947 ci ildə müharibədən qayıdıb. Ailə qurub. Anam Məmmədova Pürüzə Qurban qızı 1924 həmin kənddə doğulub, müharibədən sonra atamla evlənib. 1962 ci ilda atamla birlikdə Qandallar kəndində 0.25 ha torpaq sahəsində ümumi sahəsi 60 kv.m olan yaşayış binası inşa edərək orada yaşamışlar. Onların 7 övladları olub. . ........Müharibədən sonrakı illərdə də atam Məmmədov Qurban Xalıqverdi oğlu müharibədə, ön cəbhədəki şücaətlərinə görə 17 dəfə müxtəlif orden və medallarla təltif edilib. Atam 1991 ci ildə həmin kənddə rəhmətə gedib. Atam rəhmətə getdikdən sonra anam Məmmədova Pürüzə Qurban qızı həmin evdə yaşayıb, bizləri böyüdüb. Son illərdə kənddə yaşayış səviyyəsi çox aşağı olduğu, iş yerlərinin olmaması, kəndlərdə yaşayan cavanların kəndlərdən şəhərlərə köç etmələri ilə nəticələndi, kəndlər boşaldı. Biz də onlar kimi kənddə heç bir məşğuliyyətimizin, iş yerlərinin olmadığı, ailələrimizi dolandıra bilmədiyimiz üçün başqa-başqa yerlərə köçmək məcburiyyətində qaldıq. Anamızın bizimlə gəlməsi üçün çox çalışsaq da, o öz evini tərk etmək, evindən çıxmaq istəmədi, son illərdə tənha yaşamaq məcburiyyətində qaldı. 2005-ci ildən başlayaraq 2007-ci ilə kimi davam edən torpaq sürüşməsi nəticəsində anamın evi təbii fəlakət nəticəsində zədələnərək yaşayış üçün təhlükəli vəziyyətə düşdü. Bu haqqda bir neçə dəfə Tovuz rayon İcra Hakimiyyətinə məlumat verilsə də, heç bir tədbir görülmədi. Tovuz rayon İH-i 29 fevral 2008 ci il 05/110 saylı başdansovdu məktubunda anama bildirir ki, “Dəymiş ziyanın ödənilməsi üçün Tovuz İH-də vəsait yoxdur. Belə hallarda FHN- mütəxəsis gəlməsi üçün xahiş olunmuşdur.” 29 fevral 2008 ci il tarixli bu məktubdan sonra heç nə dəyişmədi. Qəzalı vəziyyətə düşmüş evdə yaşamaq çox təhlükəli həddə çatdı. Bu günə kimi də, anam qəzalı vəziyyətdə olan bu evdə yaşayır. Bu məsələ ilə bağlı aidiyyəti qurumlara ünvanlanmış çoxsaylı şikayətlərimizin nəticəsi olaraq Tovuz Rayon İcra Hakimiyyəti Başçısının Çatax kənd İƏD nümayəndəsi Eldar Abbasovun 29 aprel 2010 cu il tarixli anama ünvanlanmış məktubunda deyilir. (məktubu olduğu kimi təqdim edirik) Hörmətli Pürüzə Oruc qızı. Diqqətinizə çatdırırıq ki, Sizin yaşağıdınız yaşayış evinin yerləşdiyi ərazi ekzogen geoloji proseslərin təsirinə məruz qalmışdır və sürüşmə təhlükəsi qarşısındadır. Son günlər yağan aramsız yağıntılar nəticəsində bu proses davam edərsə, yaşayış evinizə və Sizin ailənin həyatına təhlükə yarana bilər. Ona görə də Nazirlər Kabinetinin müvafiq tapşırığına uyğun olaraq Sizin ailənizin təcili köçürülməsi zərurəti yaranmışdır. Ailənizin təhlükəsizliyinin təmin olunması məqsədi ilə təcili olaraq təklif olunan yerə və ya istədiyiniz qohumlarınızın evinə köçməyinizi tələb edirik. Əks halda məsuliyyət Sizin üzərinizdə qalacaqdır. Bu məktub sübut edir ki, həqiqətən ev qəzalı vəziyyətdədir, ev boşaldılmalıdır və təxirəsalınmaz tədbirlər görülməlidir.Təssüflər olsun ki, 2007-2008 ci illərdə təbii fəlakət nəticəsində uçmuş evi (çoxsaylı-şikayətlərdən-sonra) 2010 cu ilin fevral ayında qəzalı vəziyyətə düşdüyünü təsdiqləyən Eldar Abbasov adlı Çatax kənd icra nümayəndəsi bu günə kimi bir dəfə də olsa maraqlanmayıb,heç bir tədbir görməyib. Bütün məsələ də bu xəbərdarlıq məktubundan sonra başladı. Anam bir neçə dəfə Tovuz rayon İH-nin Çatax kənd nümayəndəsi Eldar Abbasovun yanında olub, sonuncu dəfə o anama bildirib ki, Zizin uçmuş evinizin bərpası üçün sizə 8000 (səkkiz min) manat pul yazdırmışam. Bir müddət keçdikdən sonra anam təkrar Eldar Abbasovun yanına gedərək pulun nə vaxt veriləcəyi ilə maraqlanır. Eldar Abbasov anama bildirir ki, pul “BANK”-dadır, gedək götürək, hesablanmış 8000 manat pul vəsaitini o yazdırdığı üçün 4000(dörd min)manatı ona çatmalıdır, yəni tən yarısı ona çatmalıdır. Anam buna etiraz edir, Eldar isə nə vaxt mən deyənlə razılaşsan onda gələrsən gedib götürərik. Həmin dövrlərdə sürüşmə nəticəsində evləri qəzalı vəziyyətə düşmüş evlərin bəziləri yeniləri ilə əvəz olundu, bəzilərinə isə kompensasiya ödənildi. Anamın evi ilə eyni vəziyyətə düşmüş, Baqqalı kənd sakini Məhəmmədin evi dövlət tərəfindən yenisi ilə əvəz olundu, anamın evi isə nə yenisi ilə əvəz olundu, nə də ki, kompensasiya ödənildi. Təəccüblü də odur ki, evin yenilənməsi üçün 8000 manat ayrılıb, həmin vəsait hardadır.........kimlər tərəfindən mənimsənilib. Bu haqqda dəfələrlə aidiyyəti qurumlara və FHN-nə şikayətlər ünvanlamışdıq, həmin məktubların bəzilərinin FHN-i tərəfindən, 24 avqust 2011 ci il 25/26-04969, 24 yanvar 2012 ci il 25/22-00599, 03 dekabr 2012 ci il 25/22-12704, 09 iyul 2013 cü il 25/22-12032 saylı məktublarla baxılması üçün Tovuz rayon İH-i başçısına ünvanlamışdır. Həmin məktublar haqqında bizə nə yazılı nə də ki, şifahi məlumat verilmədi. Həmin məktublar hansı səbəbdənsə gizlədildi. Səbəbi isə sonradan məlum oldu, ayrılmış vəsait mənimsənilmişdir. Tovuz rayon İH-i və Çatax kənd nümayəndəsi Eldar Abbasov tərəfindən anam Məmmədova Pürüzə Qurban qızının təbii fəlakət zamanı qəzalı vəziyyətə düşmüş, çox hissəsi uçmuş evinin bərpası üçün ayrılmış 8000 manat kompensasiya mənimsənilmişdir. .......Son vaxtlarda məlum olub ki, 2010 cu ildə Eldar Abbasovun göstərişi ilə Çatax kənd icra nümayəndəliyində katib işləyən Qasımov Cahangir Əli oğlu anamın evinə gələrək 87 yaşlı anama bir neçə sənədə qol çəkdirib. Anam soruşanda ki, bu nə sənədlərdi mənə imza atdırırsan, o isə cavabında evinin yenidən tikilməsi ücün sənədlərdir. İmza atıldığı vaxtdan heç kim maraqlanmayıb ki, qəzalı vəziyyətə düşmüş ev, 2013 cü ildə evin içində yaşayan 90 yaşlı qadının vəziyyəti necə oldu. Məlumat üçün bildirim ki, evin 70%-i uçub, yerdə qalan hissəsi isə uçmaq üzrədir. Evi təmir etdirmək biz övladların imkanımız xaricindədir. Anamı isə o evdən aralamaq mümkün deyil. O heç vaxt evindən çıxmayacağını deyir. Əgər xoşagəlməz bir hadisə baş verərsə bütün məsuliyyət Tovuz rayon İHB-i və Çatax kənd nümayəndəsi Eldar Abbasovun üzərinə düşür. Mən indi-indi başa düşürəm ki, 2010 cu ildə 87 yaşı olmuş bir qadını aldadaraq, ona imza atdıraraq Tovuz rayon İH-i və Çatax kənd icra nümayəndəsi Eldar Abbasov onun 8000 manat vəsaitini mənimsəmişlər. Respublika Baş Prokuroru Cənab Z.Qaralovdan xahiş edirəm 90 yaşlı bir ananın göz yaşlarını, fəryadını eşidib bu məsələnin dərindən araşdırılması və nəzarətə götürülməsi üçun tapşırıq verəsiniz. Soyuqlar düşür, qış yaxınlaşır 90 yaşlı bir qadın SİZLƏRDƏN kömək gözləyir. Köməyinizi əsirgəməyin”. Bütün tərəfləri dinləməyə hazırıq... Geri qayıt |