Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT İÇİNDƏ TOTAL TƏMİZLƏMƏ QƏRARI VERİLİB

HAKİMİYYƏT İÇİNDƏ TOTAL TƏMİZLƏMƏ QƏRARI VERİLİB


5-09-2013, 10:48
HAKİMİYYƏT İÇİNDƏ TOTAL TƏMİZLƏMƏ QƏRARI VERİLİB
ƏSAS OLAYLAR SEÇKİDƏN SONRAYA TƏSADÜF EDƏCƏK: TƏXRİBATÇILAR VAR

DİA.AZ: - Qarşıdan gələn prezident seçkiləri ilə bağlı hələ xeyli əvvəlindən verilən proqnozlarda bir fikir prioritet təşkil etməkdə idi: BU SEÇKİ İLİ SÜRPRİZLƏRLƏ DOLU OLACAQ. Həqiqətən də belə oldu və bu gün də cəmiyyət hər anında hansısa sürpriz xarakterli olaya şahidlik edəcəyinə inanır. Və olur da.

Daha nələr olacaq? DİA.AZ-a daxil olan məlumatlardan da aydın olur ki, iqtidar daxili oyunlar nədənindən bizi hələ çox sürprizlər gözləyir. Mötəbər mənbənin redaksiyamıza söylədiyinə görə, hakimiyyət içində bir narazı qrup var ki, özünün maraqlarının təminatı naminə istənilən bir addımı atmağa hazır olduğunu nümayiş etdirib.

Mənbənin söylədikləri: «Diqqət yetirin, əgər 2-3 il əvvəlinə qədər ölkənin kriminogen durumunda belə bir süstlük müşahidə olunurdusa, artıq bu mənzərədən də əsər-əlamət qalmayıb. Elə həftə olmur ki, hansısa bölgəmizdə silahlar dillənməsin. Əksər hallarda isə tanınmışların, məmurların yaxınları bu yolla münasibətlərini aydınlaşdırırlar.

Hətta vəziyyət o həddə çatdı ki, prezident bir neçə dəfə harınlamış məmur yaxınlarına xitab etmək zorunda da qaldı».

Mənbəmiz iddia edir ki, əslində bütün bunlar sistemli şəkildə həyata keçirilən bir prosesin təzahürləridir: «Barəsində danışdığımız qruplaşma mətbuatla ciddi şəkildə işləyir. Elə bir rəy yaradılır ki, sanki bu gün Azərbaycanın həbsxanaları avtoritetlərin yuvasıdır və onlar istədiklərini həyata keçirirlər. Dövlət isə bu məsələdə aciz bir tərəf kimi təqdim olunur. Hansısa oğrunun «taclanması», hansısa oğrubaşının «tacının əlindən alınması» və digər bu kimi xəbərlər maneştləri bəzəməkdədir. Bu da təsadüfi deyil».

Məlumatlı mənbəmiz iddia edir ki, yaxın günlərdə daha bir təlaşlı hadisə gözlənilir: «Artıq bunun da ssenarisi üzərində iş gedir. İcra barədə qərar qətidir. Burada maraq məhz seçkiqabağı dönəmdə cəmiyyətdə silkələnmənin əmələ gətirilməsidir. Bu yolla kimlərsə özlərini vacib məqama daşımaq istəyirlər. Amma hər şeyin bir həddi var».

Mənbəmizə görə, məhz bu kimi təxribat xarakterli gedişlər səbəbindən həmin qüvvələrin əsas simalarından birinin yaxın günlərdə zərərsizləşdirilməsi gözlənilir: «Bu adam Prezident Administrasiyasında əyləşib. Kifayət qədər təsir gücünə malikdir. Onunla bağlı qərar verilib və hətta həbsi belə mümkündür. Amma əsas proseslər seçkidən sonraya saxlanılıb. Çünki baş verəcəklər hakimiyyətə aid orta məmur təbəqəsində müəyyən çaşqınlıqlara, mərkəzdənqaçmalara nədən ola bilər. Seçki ərəfəsində isə belə bir mühit iqtidar üçün heç də arzuolunan deyil».

Geri qayıt