Əsas Səhifə > Cəmiyyət > BİR BÖYRƏKLƏ ORDUDA XİDMƏT ETMƏK OLAR?

BİR BÖYRƏKLƏ ORDUDA XİDMƏT ETMƏK OLAR?


12-01-2012, 15:02
BİR BÖYRƏKLƏ ORDUDA XİDMƏT ETMƏK OLAR?

“ONU GERİYƏ HƏRBİ HİSSƏYƏ GÖNDƏRMƏK İSTƏYİRLƏR”

Bu gün Media Mərkəzində keçirilən mətbuat konfransında hüquq müdafiəçisi Ələkbər Məmmədov orduda problemlər, xəstə əsgərlərə qarşı laqeyd münasibət, fiziki cəhətdən sağlam olmayan gənclərin hərbi xidmətə çağırılmasından danışıb.

O, Astaradan hərbi xidmətə çağırılmış əsgər Elşad Novruzovun barəsində danışıb. E.Novruzov bir ilə yaxın Gəncədə xidmət keçib. İki aydır ki, Bakıda mərkəzi hərbi hospitalın pulmonologiya şöbəsindədir. Ona ciyərlərinə su yığılması diaqnozu qoyulub. Hər gün həkimlər əsgərin ciyərlərindən 250 qr. su çəkir. “Hospitalın soyuq otağı onun sağalmasına imkan vermir. Əsgər tam yaxşı olmayıb, amma onu geriyə hərbi hissəyə göndərmək istəyirlər”, - Ə.Məmmədov qeyd edib.

Əsgərin atası Əli Novruzov bildirib ki, ordudan əvvəl onun oğlu ciyərlərindən əziyyət çəkməyib. Onun fikrincə, əsgər bu bəlaya orduda tutulub. Ata oğlunun səhhətindən çox narahatdır və onu öz vəsaiti hesabına mülki xəstəxanalarda müalicə etdirməyə hazırdır.

Həkimlər ehtimal edirlər ki, ciyərlərdə suyun yığılması iltihab prosesinin olması ilə əlaqəlidir ki, bu da sağalmamış pnevmaniya və travmadan sonrakı plevrit deməkdir. Ekspertlər qeyd edirlər ki, müasir tibb dəqiq diaqnoz qoyulmaqla xəstəliyi müalicə edir.

Hüquq müdafiəçisi Ələkbər Məmmədov E.Novruzovla baş verənləri hakimlərin səhlənkarlığının, korrupsiya və digər mənfi proseslərin nəticəsi sayır.

Hüquq müdafiəçisi Astaradan olan başqa əsgər Amil Əliyevdən danışıb. A.Əliyevin anadangəlmə bir böyrəyi yoxdur. Əsgəri xidmətdə olduğu bir il, üç ay müddətində bu fakt aşkar olunmayıb. Çağırış üzrə tibbi komissiya da bunu qeydə almayıb. Hazırda A.Əliyevin tək böyrəyində problem yaranıb.

Bu fakt aşkar olunduqdan sonra o, ordudan tərxis edilib, lakin indiyədək Salyanda xidmət etdiyi hərbi hissədə saxlanılır.

“Biz müdafiə naziri Səfər Əbiyevə müraciət edərək bu faktlara reaksiya verməyə çağırırıq. Bu, Astara rayonundan orduya çağırılmış eşitmə qabiliyyəti zəif olan əsgərlə də baş vermişdi. Ümidvarıq ki, bu dəfə də günahkarlar öz cəzalarını alacaqlar”, - hüquq müdafiəçisi vurğulayıb.

Sonra o, əsgərlərin sığortalanması məsələsini qaldırıb. Bütün çağırışçılar həqiqi hərbi xidmətə çağırış zamanı sığorta olunurlar. Əgər əsgər xidmət zamanı xəsarət alarsa, o, tərxis edilir və ona 6 min manat həcmində kompensasiya verilir. Əgər həmin əsgər orduda həlak olarsa, kompensasiya 11 min manat təşkil edir.

Ə.Məmmədovun sözlərinə görə, indiyədək bu faktlar üzrə kompensasiyanın verilməsi barədə eşitməyib. Onun dediklərinə görə, orduda qanunsuzluq, ədalətsizlik və rüşvətxorluq hökm sürür. Lakin vəziyyət nəinki düzəlmir, əvvəlkitək qalır, hətta pisləşir.


Geri qayıt