Əsas Səhifə > Ölkə, Manşet > İCRA BAŞÇISININ OĞLU ARDNŞ ŞEFİNİ NECƏ ALDADIB?

İCRA BAŞÇISININ OĞLU ARDNŞ ŞEFİNİ NECƏ ALDADIB?


2-09-2013, 13:31
İCRA BAŞÇISININ OĞLU ARDNŞ ŞEFİNİ NECƏ ALDADIB?
DİA.AZ: - Salyan rayonunun icra hakimiyyətinin başçısı Tahir Kərimov ən şanslı başçılardan sayılır. Belə ki, hələ Daşkəsən rayonunun icra başçısı olarkən, Azərbaycan prezidentinin rayonun sosial – iqtisadi inkişafı üçün ayırdığı pulların təyinatı üzrə xərclənmədiyinə dair iddialar bu gün də mövcuddur. Salyanın inkişafı üçün ayrılan pulların da taleyi qaranlıq olaraq qalmaqdadır. Lakin DİA.AZ-a daxil olan məlumatlara görə, T.Kərimovun oğlu Həmzə Kərimov atasından qoçaq çıxıb.

SOCAR-ın Rumıniya Nümayəndəliyinin rəhbəri vəzifəsində çalışan Həmzə Kərimov qısa müddət ərzində Rumıniyanı SOCAR-ın yanacaqdoldurma stansiyaları ilə zənginləşdirib. Hətta bu aktiv fəaliyyəti nəticəsində Rövnəq Abdullayevdən “təşəkkürnamə” də alıb. Amma…

Amma sonradan bəlli olub ki, SOCAR-ın yanacaqdoldurma stansiyalarının yer seçimi məşhur türk filmlərindən birində olduğu kimi yanlış olub. Belə ki, “it hürməz, adam keçməz” ərazilərdə yanacaqdoldurma stansiyaları açan SOCAR-ın Rumıniya Nümayəndəliyinin illik satışı Gürcüstandakı bir satış məntəqəsi qədər belə deyil. Bəs belə boş ərazilərdə Azərbaycan dövlətinin pullarını “dəfn etmək”də məqsəd nə olub? Yaxınları Həmzə Kərimovun təcrübəsizliyini və gənc olmasını əsas gətirsələr də, bir çoxları burada ciddi yeyinti faktlarının olmasına diqqət çəkirlər. Bir sözlə, Tahir Kərimovun oğlu pulu benzin satmaqla deyil, lazımsız ərazilərdə yanacaqdoldurma stansiyaları tikməklə qazanıb.

O da vurğulanır ki, Həmzə Kərimovun ikinci vətəndaşlığı almaq üçün Rumıniya dövlət qurumlarına müraciət etməsinin səbəbi də heç də fəaliyyət izni ilə bağlı problemlər deyil, məhz edilən səhvlərə görə, hesaba çəkilməkdən özünü sığortalamaq cəhdi dayanır.

Ayrıca, Həmzə Kərimovun yaxın qohumlarını topladığı nümayəndəliklə bağlı başqa iddialar da mövcuddur. H.Kərimovun Rumıniyadakı “məsləhətçiləri” Julian Berezko və onun həyat yoldaşı Dorina Berezkonun SOCAR-ı aldatma əməliyyatındakı rolu və Botoşanidəki yararsız, lazımsız yanacaqdoldurma stansiyalarını Azərbaycana necə satdırmaları barədə növbəti yazımızda oxuya biləcəksiniz.

Geri qayıt