Əsas Səhifə > Cəmiyyət > QHT-LƏR DƏ “AVROVİZİYA” İLƏ BAĞLI TƏDBİR HAZIRLAYIR

QHT-LƏR DƏ “AVROVİZİYA” İLƏ BAĞLI TƏDBİR HAZIRLAYIR


12-01-2012, 13:16
QHT-LƏR DƏ “AVROVİZİYA” İLƏ BAĞLI TƏDBİR HAZIRLAYIR

QHT ƏAŞ BUNUNLA BAĞLI QƏRAR VERİB

DİA.AZ: - QHT Əməkdaşlıq Alyans Şurasının növbəti toplantısı keçirilib. İclasda Şuranın reqlamenti təsdiq olunub, icra katibliyi yaradılıb. Qurumdan DİA.AZ-a verilən məlumatda deyilir ki, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov Şuranın qərarı ilə Alyansın icra katibliyinin rəhbəri təyin edilib.

Şura iclasında daha sonra tədbirlər planı təsdiqlənib. Şura əlaqələndiricisi Rufiz Qonaqov 2012-ci ilin yanvar-fevral aylarında Alyansın keçirilməsi nəzərdə tutulan tədbirləri və görüşləri haqqında məlumat verib. Tədbirlər planı geniş müzakirə olunaraq təsdiq edilib. Qərara alınıb ki, “Azərbaycanda Evrovizion: Vətəndaş cəmiyyətinin üzərinə düşən vəzifələr” mövzusunda yanvar ayının 25-də QHT sektoru təmsilçiləri, müsabiqə iştirakçıları, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə Beynəlxalq Media Mərkəzində geniş tədbir keçirilsin. Bununla bağlı “Els” Müstəqil Araşdırmalar Mərkəzinin sədri, Alyansın Şura üzvü İradə Yaqubovanın rəhbərliyi ilə işçi qrupu yaradılıb.

Şura fevral ayında isə “Vətəndaş cəmiyyətinin resurslarının inkişafı” mövzusunda daha bir Dəyirmi Masa keçirilməsi haqqında qərar qəbul edib və Şura üzvü Xanoğlan Əhmədovun rəhbərliyi ilə işçi qrupu yaradılıb. Şura üzvü Razi Nurullayev isə Dəyirmi Masada məruzəçi təyin edilib.

Alyans Şurasının əlaqələndiricisi Rufiz Qonaqov bildirib ki, Evrovizion kimi mühüm əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsi, bu tədbirdən istifadə edərək ölkəmizin, onun mədəniyyətinin təbliği ilə bağlı vətəndaş cəmiyyətinin də üzərinə mühüm vəzifə düşür. Hesab edirik ki, ötənilki qələbədə vətəndaş cəmiyyətinin də payı var və bu il də fürsətdən istifadə etməli, ölkəmizi layiqincə təbliğ etməliyik. Tədbirin yüksək səviyyədə keçirilməsi üçün dövlət tərəfindən yaradılmış Təşkilat Komitəsi ilə əməkdaşlıq etməli, hazırlıq prosesində bacardığımız töhfəni verməliyik. Elə Alyans tərəfindən 25 yanvarda keçiriləcək tədbir də bu baxımdan böyük önəm daşıyır.


Geri qayıt