Əsas Səhifə > Ölkə > NAZİR BAŞ REDAKTORA RÜŞVƏT TƏKLİF EDİBMİ
NAZİR BAŞ REDAKTORA RÜŞVƏT TƏKLİF EDİBMİ12-01-2012, 13:08 |
DİN-DƏN “XURAL”IN İTTİHAMLARINA CAVAB GƏLDİ “Daxili işlər naziri Ramil Usubovun Əvəz Zeynallıya pul təklif etməsi barədə deyilənlər çox gülüncdür”. Yanvarın 12-də “Media forum” saytına açıqlamasında DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov belə deyib. “Xural” qəzetinin məhbus baş redaktoru Əvəz Zeynallının işini araşdıran Preventiv İctimai Təhqiqat Qrupunun hesabatında bildirilir ki, daxili işlər naziri Ramil Usubov 2011-ci il iyulun 29-da Əvəz Zeynallı ilə görüşü zamanı baş redaktora prezident İlham Əliyev və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev barədə tənqidi yazılara son qoyulması müqabilində rüşvət təklif edib. Ehsan Zahidov hesabatda deyilənlərə belə münasibət bildirib: “Preventiv İctimai Təhqiqat Qrupu, görünür, şər-böhtan qrupudur. Daxili işlər naziri Ramil Usubov haqda açıqlama uydurma, sensasiya xətrinə ictimaiyyətə sırınan böhtandır. Nəinki Azərbaycanın, heç bir ölkənin daxili işlər naziri belə bir addım atmaz. Ramil Usubovun kiməsə rüşvət təklif etməsi iddiaları çürük təxəyyülün məhsuludur. Rüşvət məsələsi olmayıb, ola da bilməz”. Ehsan Zahidov daxili işlər nazirinin mətbuata açıq bir dövlət adamı olduğunu vurğulayıb: “Ramil Usubov nazirliyə üz tutan hər bir jurnalisti qəbul edib dinləyə bilər. O cümlədən Əvəz Zeynallını. Ola bilsin ki, Əvəz Zeynallı daxili işlər nazirinin qəbulunda olub. Amma nazirin Əvəz Zeynallıya rüşvət təklif etməsi ilə bağlı iddialar şərdir”. Əvəz Zeynallı 2011-ci ilin oktyabrında həbs olunub. O, Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə təqsirləndirilir. Geri qayıt |