Əsas Səhifə > Cəmiyyət > NEFT FONDU NEFT PULLARINDAN ÖZÜNƏ DƏ XƏRCLƏYİR

NEFT FONDU NEFT PULLARINDAN ÖZÜNƏ DƏ XƏRCLƏYİR


12-01-2012, 11:27
NEFT FONDU NEFT PULLARINDAN ÖZÜNƏ DƏ XƏRCLƏYİR

QURUMA 85 MİLYONLUQ BİNA TİKİLƏCƏK

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yeni ofis binasının tikintisi üçün baş podratçı şirkət müəyyənləşib.

ARDNF-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, Fondun müasir tələblərə uyğun, «A» sinifli binasının tikintisi üçün baş podratçı şirkətin müəyyənləşdirilməsi məqsədilə təkliflər sorğusu üsulu ilə keçirdiyi satınalma müsabiqəsinin nəticəsinə əsasən, Belçikanın «N.V. Besix S.A.» şirkətinin 84,916 mln. avro məbləğində qiymət təklifi qəbul edilib. Artıq tərəflər arasında müvafiq satınalma müqaviləsi imzalanıb.

Qeyd edək ki, «N.V. Besix S.A.» şirkəti xarici ölkələrdə yüksək mərtəbəli ofis binalarının tikintisində böyük təcrübəyə malikdir və 1909-cu ildə Belçikada yaradılmış «BESIX Group»un törəmə şirkətidir. «BESIX Group» Avropa, Şimali və Mərkəzi Afrika və Asiya ölkələrində bir çox irimiqyaslı layihələr reallaşdırıb və hazırda 15 ölkədə 17 min işçi heyəti ilə fəaliyyət göstərir.

ARDNF-in yeni ofis binası Bakı şəhərinin Nizami rayonu ərazisində, Heydər Əliyev prospekti boyunca yaradılan yeni inzibati mərkəzdə tikiləcək. Nazirlər Kabinetinin 2009-cu il 29 dekabr tarixli sərəncamı ilə Nizami rayonu, 6-cı Köndələn küçəsi,2 ünvanında ayrılmış torpaq sahəsi yeni inzibati binanın tikintisi üçün Dövlət Neft Fondunun daimi istifadəsinə verilib.


Geri qayıt