Əsas Səhifə > Partiya > “MƏYUS DEYİLİK”

“MƏYUS DEYİLİK”


11-01-2012, 12:58
“MƏYUS DEYİLİK”

“KXCP İLƏ MÜZAKİRƏLƏRDƏ SƏHVLƏR GÖRDÜK”

“KXCP ilə müzakirələrdə biz yeni hərəkatın təşkilatlanmasının yolunda səhvlər gördük. Məsləhətləşmələrin gedişində bir neçə dəfə təşkilatlanmaya münasibətdə dəyişikliyin şahidi olduq”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev KXCP, ALP və VİP-in nəzərə tutduğu birliyin baş tutmamasına münasibət bildirərkən deyib. Ə. Əliyev bildirib ki, KXCP-nın digər 4 partiya ilə yaratdığı təşkilatı alqışlayır və bu yöndə uğurlar arzulayır: “Lakin biz bu təşkilata qoşulmadığımız üçün məyus deyilik. Bizim müzakirələrimiz Vətəndaş Hərəkatı Forumunun səkkiz partiyaya müraciətindən sonra başlayıb. Vətəndaş Hərəkatı Forumu təşəbbüskar tərəf olaraq konkret səkkiz partiyanın əməkdaşlığını təklif etmişdi. Üç partiyanın əməkdaşlıq edib müzakirələr aparmasının səbəbi isə o səkkiz partiyadan ikisinin kənarda qalması və onlarla razılıq əldə edilməsi ilə bağlı idi. Bizim məsləhətləşmələrimiz sonu belə oldu ki, partiyalardan biri daha geniş və yeni formada təşkilatlanmağın daha məqsədə uyğun hesab etdi. Klassik Xalq Cəmiyyəti Partiyası formatı dəyişmək qərarı aldı və bu səbəbdən bizim müzakirələrimiz yekunlaşmış hesab etmək olar. Amma biz, həm Vətəndaş və İnkişaf Partiyası, həm də Liberal Partiyası adından deyə bilərəm ki, yeni yaranmış təşkilata qoşulmadığımıza görə məyus deyilik”.

2011-ci ildə mövqelərinin cəmiyyətin geniş hissəsini siyasi prosesə cəlb etmək olduğunu qeyd edən Ə. Əliyev müxalifətin məğlubiyyətinə səbəb kimi neytralların siyasi proseslərdən uzaq olması, cəmiyyətin əksər hissəsinin proseslərdə iştirak etməməsini göstərib: “Biz keçən il ərzində mövqeyimizi davamlı olaraq cəmiyyətə çatdırdıq. 2011-ci ildə proseslər elə getdi ki, artıq müxalifəti tam da olmasa da qismən siyasi baxımdan təşkilatlanmış saymaq olar. Liberal Partiyası ilə biz 7 ildir əməkdaşlıq edirik. Cəmiyyət müxalifətdən bir yerdə olmağı tələb edir. Onların sosial sifarişi hakimiyyətin dəyişməsi üçün müxalifəti bir yerdə görməkdir. 2012-ci ildə bu kiçik ittifaqlar böyük format ala bilər. Biz qeyri-siyasi çevrələrdə də təşkilatlanmanı müşahidə etdik. Məncə Azərbaycanın görkəmli ziyalılarının Ziyalılar Forumunda birləşməsi buna nümunə ola bilər. Bildiyiniz kimi, 2013-cü ildə prezident seçkiləri olacaq və biz çalışmalıyıq ki, müxalifəti kövrək də olsa hansısa münasibətlərə sövq edə bilək”.

Qeyd edək ki, Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə VİP, ALP, KXCP uzun müddət bir təşkilatın yaranması haqqında müzakirələr aparıblar. Nəticədə isə KXCP Aydınlar, Azadlıq, Liberal DJemoakrat və Açıq Cəmiyyət partiyaları Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı yaratmaq qərarı verdi.


Geri qayıt