Əsas Səhifə > Partiya > MÜSAVAT QURULTAYINI HARADA KEÇİRƏCƏK?

MÜSAVAT QURULTAYINI HARADA KEÇİRƏCƏK?


11-01-2012, 11:53
MÜSAVAT QURULTAYINI HARADA KEÇİRƏCƏK?

“NƏZƏRDƏ TUTDUĞUMUZ YER ŞƏHRIYYAR MƏDƏNİYYƏT EVİ İDİ”

Müsavat Partiyasının növbəti qurultayının keçirələcəyi vaxt müəyyənləşdikdən sonra başqan İsa Qəmbərin yerinə namizədliyini kimlərin irəli sürəcəyi ilə bağlı müzakirələr başlayıb. Başqanlığa iddialı olan bir neçə nəfərin adı artıq bəllidir. Bununla belə, Müsavatın qurultayı harada keçirəcəyi də gündəmdədir. Deyilənə görə, partiya funksionerləri tərəfindən tədbirin keçiriləcəyi yerlə bağlı müəyyən təkliflər də irəli sürülür. Qurultayın keçiriməsi üçün “Sevinc” kinoteatrı məqbul yer hesab olunsa da, rəhbərlikdə təmsil olunan şəxslər tədbirin daha prestijli məkanda baş tutmasına israrlıdır.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Modern.az saytına bildirib ki, qurultayın keçiriləcəyi yerlərlə bağlı müzakirələr bu həftənin sonuna qədər başa çatacaq: “Konkret qərara gələndən sonra Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət göndərəcəyik”.

Gülağa Aslanlı qurultayın keçirilməsi üçün ən azı 1000 nəfərin yerləşəcəyi yer seçəcəklərini vurğulayıb: “Çünki qurultay nümayəndələrindən başqa həm ölkə daxilindən, həm də xaricdən xeyli sayda dəvətlimiz olacaq. Ona görə də yerlə bağlı ciddi fikir mübadiləsi aparılır və yerlərin hansı strukturlara aid olması müəyyənləşdirilir, yaxın günlərdə bu məsələ həll olunacaq. Bizim ilkin olaraq nəzərdə tutduğumuz yer Şəhriyyar Mədəniyyət Evi idi. Amma məlum olduğu kimi bu yer indi Milli Təhlükəsizlik Nazirliyinin balansına verilib. Deməli, bu yerlə bağlı müraciət etməyə dəyməz”.

Müsavat başqanının müavini bu səbəbdən Bakının mərkəzində yerləşən digər yerlərlə bağlı seçim etdiklərini deyib: “Müsavat 100 illik tarixi olan partiyadır. Deməli, elə yerdə qurultay keçirməliyik ki, adımıza və tariximizə layiq olsun”.


Geri qayıt