Əsas Səhifə > Siyasət, Manşet > PAYTAXTDA "İŞIQ DİRƏKLƏRİ BİZNESİ" KİMƏ AİDDİR?

PAYTAXTDA "İŞIQ DİRƏKLƏRİ BİZNESİ" KİMƏ AİDDİR?


26-08-2013, 12:07
PAYTAXTDA "İŞIQ DİRƏKLƏRİ BİZNESİ" KİMƏ AİDDİR?
DİA.AZ: - Ölkəmizin paytaxtı olan Bakı şəhəri son 10-15 ildə tanınmaz dərəcədə dəyişib. Bunu hamı etiraf edir. Hətta ölkəmizə gələn turistlər də şəhərimizin gözəlliyinə heyran qalırlar. 5-6 il əvvəl Bakıda olub yenidən gələn qonaqlar da az vaxtda şəhərin heyrətamiz dərəcədə gözəlləşdiyini dönə-dönə vurğulayırlar. Doğrudan da şəhərimiz günbəgün dəyişir.

Bu işdə ölkə başçısı cənab İlham Əliyevin xüsusi qayğısı və təşəbbüsü əsas rol oynayır. Yolların genişləndirilməsi, yaşıllıqların salınması, vətəndaşların rahatlığı və təhlükəsizliyi üçün xüsusi keçidlərin və körpülərin tikliməsi təqdirəlayiqdir. Ancaq problemlər də az deyil. Belə ki, yolların kənarında işıq dirəklərinin olması çox vacibdir. Çünki qaranlıq küçələrdə hərəkət etmək hər mənada təhlükəlidir. Birincisi, bəzi cinayətkar ünsürlər öz hədəflərini adətən qaranlıq yerdə seçirlər. Ona görə də qaranlıq küçələr cinayət üçün əlverişli məkandır desək yanılmarıq.

Digər tərəfdən məlum statistikaya görə ölkəmiz avtomobil qəzalarının sayına və bu qəzalar nəticəsində ölənlərin, yaralananların sayına görə dünyada çox irəli yerlərdən birində gedir. Dəfələrlə bu məsələ prezident səviyyəsində müzakirə olunub. Təkliflər irəli sürülüb. Qanunvericilikdə dəyişikliklər olub, cərimələr artırılıb və sairə. Ancaq etiraf etmək lazımdır ki, qəzaların və onun qurbanlarının sayı nəinki azalmır, əksinə sürətlə artır.

Bu problemin yaranmasında küçələrimizin qaranlıq olmasının, düzgün işıqlandırılmamasının da rolu danılmazdır.

Nəinki Bakıətrafı qəsəbələrdə, hətta şəhərin mərkəzi küçələrində də gecələr zülmət olur. Ətraf qəsəbələrin yollarından isə danışmağa dəyməz. Hər 100-150 metrdən bir işıq dirəkləri olsa da işıqların yandığını görən olmur. Bu isə yol qəzalarına gətirib çıxarır. Əgər işıqlar yanmayacaqsa, bu işıq dirəkləri kimə lazımdır..?

Hamıya məlumdur ki, son 10-15 ildə bu işıq dirəkləri dəfələrlə dəyişdirilib, yeniləri ilə əvəzlənib. Və köhnə dirəklər harasa yoxa çıxır, yerinə az qala 3000-4000 dollara başa gələn dirəklər qoyurlar. Və bu dirəklərin hazırlanması, ölkəyə gətirilməsi, köhnələrin harasa aparılması işinə Osman Abutalıbov adlı bir şəxs baxır. Bizdə olan məlumata görə Osman Abutalıbov Bakı şəhərinin meri Hacıbala Abutalıbovun doğma qardaşıdır. Ancaq nə olsun..? Şəhər merinin qardaşı olmaq o demək deyil ki, sən yanmayan dirəklərdən milyonlar qazanasan...? Görəsən, Osman Abutalıbov köhnə dirəkləri hansı anbarda saxlayır..? Həmin köhnə dirəklər Osman Abutalıbova nələr qazandırır..?

Yaxın günlərdə Osman Abutalıbovun rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə ciddi faktları, ilginc maxinasiyaları ehtiva edən şok sənədləri diqqətinizə təqdim edəcəyik. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt