Əsas Səhifə > Gündəm, Manşet > PREZİDENT SEÇKİSİ ƏRƏFƏSİNDƏ DURULAN MƏNZƏRƏ

PREZİDENT SEÇKİSİ ƏRƏFƏSİNDƏ DURULAN MƏNZƏRƏ


23-08-2013, 11:39
PREZİDENT SEÇKİSİ ƏRƏFƏSİNDƏ DURULAN MƏNZƏRƏ
ÖZÜNÜ VƏ TƏRƏFDARLARINI ZƏRBƏ ALTINDA QOYAN MÜXALİFƏTİN NAĞILI

DİA.AZ: - Putinin Bakı səfərinə qədər Milli Şuranın Kremlin Azərbaycandakı maraqlarının təzahürü kimi dəyərləndirilməsini süngü ilə qarşılayanlar da etiraf edir ki, əslində AXCP və Müsavat kimi qocaman müxalif təşkilatlar üçün siyasi məzar rolunu oynayan bu ittifaq Rusiya prezidenti Azərbaycana gəlib-gedəndən sonra faktiki olaraq dağınıq bir təşkilata çevrilib. Yəni bu da Milli Şuranın Rusiyanın əlində rəsmi Bakıya qarşı alət rolunu oynadığını tam olaraq sübutlamaqdadır. Əgər belə olmasaydı, Putinin gəlişinə qədərki atmosferdən zərrə qədərində olsa da, nələrsə qalardı.

Elə Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun da bir köşəyə çəkilib montajla məşğul olması (əslində o, elə əvvəlindən montajla məşğul idi -red.) faktı da ənənəvi müxalifət qüvvələrinin fiaskosundan xəbər verir. Yəni hakimiyyət seçkiyə qədər əsas alternativi kimi dəyərləndirilən müxaliflər üzərində qələbəsini qazanıb. Sadəcə olaraq 9 oktyabr tarixində bu qələbəsini elan edəcək. Ki, bunu da əksəriyyət etiraf etməkdədir.

Nə baş verdi? Əslində elə bir yenilik, əlahiddəlik baş vermədi. Müxalifət illərdir təkrarladığı yanlışlarını bu dəfə daha biabırçı formada həyata keçirdi. Əgər əvvəllər ən azından milli-mənəvi dəyərlər qorunurdusa, bu dəfə daha biabırçı proseslərdə iştirakçı oldu ki, bu da müxalifət üçün böyük zərbə hesab olunmaqdadır. Söhbət üzvlərinin böyük əksəriyyətinin məhz bu millətin azadlığı, müstəqil dövlətçiliyi uğrunda canını fəda etmiş təşkilatların liderlərinin Azərbaycanı yenidən kimlərinsə nökərinə çevirəcək ideyaya məhz iqtidara müxalif olmaları səbəbindən sarınmalarından gedir. Bəli, burada başqa bir arqument yox idi və müxalifət bu iqtidarın yola salınması üçün hətta «erməniyə dayı deməyə» hazır olduğunu belə nümayiş etdirdi.

Nə baş verəcək? Təbii ki, baş verəcəkləri də proqnozlaşdırmaq asandır. Əvvəl də asan idi. Putinə, Rusiyaya ümidli olan müxalifət anlamalı idi ki, istənilən bir güclə bazarlığın edilməsi üçün gücə çevrilmək vacib şərtdir. Əks halda alətə çevrilirsən… necə ki, çevrildilər də. Və bu gün müxalifətin əlində yetərincə nümunələr də var idi. Görünür, dünənə qədər müxalifətin başını sığallayıb hakimiyyətlə ortaq hərəkət edən Qərbin yaratdığı mənzərə müxalifətçi başbilənlər üçün nümunə rolunui oynamadı. Yəni anlamalı idilər ki, heç bir güc real güc olan rəsmi Bakını bir kənara atıb, gücə çevrilməsi kifayət qədər şübhəli olan müxalifətə stavka etməyəcək. Sadəcə olaraq hansısa təmas rəsmi Bakıya təzyiq üçün düşünülə bilər. Belə də oldu. İllərdir eyni şeyi müxalifətə Qərb yaşadır, indi də Rusiya eyni metodla müxalifəti ələ saldı.

Baş verəcəklərə gəlincə isə bunun üçün səbirsizlənməyə, hansısa möcüzəni təsəvvürdə canlandırmağa ehtiyac yoxdur. Heç nə baş verməyəcək. Daha doğrusu, heç nə dəyişməyəcək. Dəyişiklik olacaqsa, bu da artıq özünü bir güc kimi sübuta yetirmiş rəsmi Bakının istəyi ilə, onun nəzarəti altında baş verəcək. Bu faktdır. Faktı isə qəbul edib, ona uyğun hərəkət etmək lazımdır. Faktı görməməzlikdən gəlmək məğlubiyyətin ilkin mərhələsidir. Hər zaman isə müxalifət faktı nəzərə almayıb və şirin nağıllara meyilli olub. Nağıl isə reallıq deyil, cənablar…

Azər - DİA.AZ

Geri qayıt