Əsas Səhifə > Ölkə, Manşet > İKİ NAZİRLİYİN ADINDAN İŞLƏNƏN BİR CİNAYƏT

İKİ NAZİRLİYİN ADINDAN İŞLƏNƏN BİR CİNAYƏT


21-08-2013, 14:23
İKİ NAZİRLİYİN ADINDAN İŞLƏNƏN BİR CİNAYƏT
VƏTƏNDAŞLARA ÖZÜNÜ MƏMUR KİMİ TƏQDİM EDİR

DİA.AZ: - Bu günlərdə mətbuatda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sabiq əməkdaşı Rauf Əliyevin həyata keçirdiyi müxtəlif maxinasiyalardan bəhs edən materiallar dərc olunmuşdu. Rauf Əliyevin tutduğu vəzifədən azad edilməsi məsələsinin bəzi təfərrüatları təqdim olunan həmin məlumatlarda isə bildirilirdi ki, Komitədəki vəzifəsinin ona verdiyi səlahiyyətlərdən mütəmadi olaraq sui-istifadə hallarına yol verən bu məmur, son “əməliyyatını” spirtli içkilər istehsalı ilə məşğul olan, tanınmış bir müəssisə ilə həyata keçirmək istəyib.

Mənbə qeyd edir ki, bəlkə də Rauf müəllim öz nəfsini bir qədər cilovlaya bilsəydi, bu gün də şöbə rəisi postunda qalardı. Lakin, Rauf müəllim bu dəfə müəssisə rəhbərlərindən nə az, nə çox düz bir milyon manat tələb etməklə karyerasına son qoymuş oldu. Məhz bu insidenrdən sonra Rauf Əliyev tutduğu vəzifədən maddə ilə qovuldu.

Qeyd edək ki, məlumatı təqdim edən mənbə bu sabiq məmurun adının müxtəlif rüşvət və korrupsiya qalmaqallarında hallandırılmasının heç də birinci dəfə baş vermədiyini xüsusi olaraq vurğulamışdı. Maraq doğuran daha bir cəhət də bundan ibarətdir ki, Rauf Əliyev bir müddət əvvəl İqtisadi İnkişaf Nazirliyində də kiçik rəhbər vəzifədə işləmişdir. Lakin nəfsi və ambisiyaları onun bu nazirlikdə də karyerasına tezliklə son qoymuşdur.

Bu gün isə Rauf Əliyev inşaat sektorunda şəxsi biznesini “inkişaf etdirməklə” məşğuldur. Bu barədə DİA.AZ-a daxil olan məlumatlara görə, keçmiş məmur hazırda bir neçə inşaat şirkətində pay sahibliyinə malikdir. Məlumatlarda bildirilir ki, R.Əliyevə məxsus olan şirkətlərdən biri inşaat işləri ilə sırf dələduzluq məqsədləri üçün istifadə olunur. Belə ki, bəzi mənbələr Rauf müəllimi vətəndaşlara təminatsız mənzil sənədləri satmaqda ittiham edirlər. Həmçinin məlumatlarda qeyd olunur ki, bu saxtakarlıqların həyata keçirilməsində R.Əliyevə onun Cəfər adlı şəriki kömək edir.

Həm də yeni aldığımız məlumatlarda, Rauf müəllimin insanları aldatmaq məqsədilə özünü bu gün də hərdən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, bəzi hallarda isə İqtisadi İnkişaf Nazirliyinin əməkdaşı kimi təqdim etdiyi bildirilir. Düşünürük ki, bu məlumatlar adları çəkilən Komitə və Nazirlik rəhbərliklərinin diqqətini xüsusi olaraq cəlb etməlidir. Hər halda bir fırıldaqçının öz əməllərinə mötəbər dövlət qurumlarını şərik etmək cəhdlərinə müvafiq reaksiya verilməsə, gələcəkdə bu kimi halların bir tendensiyaya çevrilə biləcəyini istisna etmək olmaz.

Geri qayıt