Əsas Səhifə > Partiya > AMİP DAXİLİNDƏ GƏRGİNLİK

AMİP DAXİLİNDƏ GƏRGİNLİK


9-01-2012, 12:32
AMİP DAXİLİNDƏ GƏRGİNLİK

PARTİYA SƏDRİ YARITMAZ FƏALİYYƏTDƏ İTTİHAM OLUNDU

“Milli İstiqlal Partiyasının sədrinin və baş katibinin yarıtmaz fəaliyyətləri partiya daxilində ciddi fikir ayrılıqlarına və narazılıqlara gətirib çıxarıb.

Şantajla, təzyiqlə, hədə-qorxularla, yalançı vədlər verməklə, üzvlərə qarşı ayrı-seçkilik etməklə, partiyanı proseslərdən kənarda saxlamaqla çox da uzağa getmək olmaz”.

Bu açıqlamanı APA-ya Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının üzvü, Qadınlar Təşkilatının sədr müavini, İctimai Palatanın üzvü Sənubər İsayeva verib.

S. İsayeva deyib ki, partiya rəhbərliyi fəaliyyətinə yenidən nəzər salaraq, buraxdıqları səhvlərdən nəticə çıxarmalı, partiyada zəhməti olan insanlara fərqli baxışlarına və mövqelərinə görə təzyiq etməməlidir. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun vəzifədən çıxarılması ilə bağlı AMİP rəhbərliyi tərəfindən verilən informasiyaların həqiqətəuyğun olmadığını deyən S. İsayeva bildirib ki, Ə. Orucovun dekabrın 10-da keçirilən Mərkəzi Şuranın iclasında tutduğu həmin vəzifədən istefa verdiyi barədə mətbuata verilən məlumatlar qeyri-səmimi və yanlışdır: “Mən Mərkəzi Şuranın üzvü olaraq geniş müzakirələrə imkan verilməyərək gərgin keçən və bu səbəbdən də Yusif Bağırzadə tərəfindən bağlı elan edilən həmin iclasda sonadək iştirak etmişəm. Həmin yığıncaqda Əli Orucov tutduğu vəzifəsindən istefa verməyib. O, iclasın bağlanmasından sonra geniş müzakirələrə imkan verilməməsinə və iclasın yarımçıq saxlanmasına etiraz edib. Partiya rəhbərliyinin mətbuata düzgün informasiya verməməsinin və çaşqınlıq yaratmaq cəhdlərinin səbəblərini anlaya bilmirəm. Görünür, rəhbərlik partiyadaxili narazılıqların daha da dərinləşməsinin qarşısını almağın və əsas hədəflərdən yayınmağın üsulunu bu cür tapıb”.

S. İsayeva qeyd edib ki, partiyadaxili müzakirələrdən çəkinən rəhbərlik AMİP Nizamnaməsini pozaraq 3 aydan gec olmayaraq keçirilməli olan Mərkəzi Şuranın iclasını bir ildən çox müddətə gecikdirib: “Əli Orucovun təşəbbüsü ilə Mərkəzi Şura üzvlərinin üçdə birinin imzası toplandıqdan sonra partiyanın rəhbərliyi fakt qarşısında qalıb və iclası çağırmaqdan başqa yolu qalmayıb. Bunları nə Yusif Bağırzadə, nə Arzuxan Əlizadə, nə də digərləri inkar edə bilməzlər. Hətta mən və Mərkəzi Şuranın indiki sədri Rəşad Bayramov da o sənədə imza atmışıq”.

S. İsayeva onu da bildirib ki, AMİP Siyasi Şurasının partiya üzvlərinin İctimai Palatanın Koordinasiya Şurasında namizədliyinə qadağa qoymasını isə tələsik və reallığı əks etdirməyən qərar kimi qiymətləndirib.

AMİP baş katibi Arzuxan Əlizadə isə bu cür fikirlərə münasibət bildirmək istəmədiyini desə də, qeyd edib ki, bu məsələ ilə bağlı partiyanın müvafiq qurumları öz sözlərini deyəcəklər: “Hər kəsi öz vicdanına buraxıram. Partiyadaxili məsələlərin bu şəkildə gündəmə çıxarılması yolverilməzdir. Digər tərəfdən isə AMİP-də heç bir problem olmadığı halda bunu, problem formasında cəmiyyətə təqdim etmək də düzgün deyil. Məsələ ilə bağlı partiyanın müvafiq qurumları münasibət bildirib. Konkret olaraq mənim və sədrin münasibət bildirməsinə artıq lüzum yoxdur. Amma ümumilikdə demək istərdim ki, AMİP-in fəaliyyəti nizamnaməyə uyğun qurulub, qərarlar da kollegial şəkildə qəbul olunur”.


Geri qayıt