Əsas Səhifə > Partiya > SÜLHƏDDİN ƏKBƏRDƏN İNQİLAB ANONSU

SÜLHƏDDİN ƏKBƏRDƏN İNQİLAB ANONSU


9-01-2012, 10:53
SÜLHƏDDİN ƏKBƏRDƏN İNQİLAB ANONSU

"AZƏRBAYCANDA DƏYİŞİKLİKLƏR QAÇILMAZDIR"

Yanvarın 8-də Klassik Xalq Cəbhəsinin qərargahında Sülhəddin Əkbərin sədri olduğu Avro-Anlantik Şuranın Nərimanov rayon şöbəsinin təsis yığıncağı keçirilib.

Avro-Atlantik Şura 2011-ci il oktyabrın 27-də təsis olunub. Qurumda yüzdən artıq ictimai-siyasi xadim, ziyalı, jurnalist, 34 qeyri-hökumət təşkilatı təmsil olunur. Şuranın sədri Müsavat Partiyası Məclisinin keçmiş rəhbəri Sülhəddin Əkbər, onun müavini isə hərbi ekspert Yaşar Cəfərlidir.

Şura Azərbaycanın Avroatlantik məkana, NATO və Avropa Birliyinə inteqrasiyasını əsas prioritet elan edib və bu istiqamətdə ictimai dəstəyi təmin etmək niyyətindədir.

Avro-Atlantik Şura bölgələrdə təşkilatlanmağı da nəzərdə tutur və bu proses artıq başlayıb. Ötən ilin dekabr ayında Şuranın Sumqayıt şəhər təşkilatı təsis olunub və fəaliyyətə başlayıb.

Şuranın illik fəaliyyət planında ən azı 40 rayonda təşkilatlar qurmaq nəzərdə tutulur.

Nərimanov təşkilatının təsis yığıncağı 50-yə qədər tərəfdarın iştirakı ilə baş tutub. Yığıncaqda Avro-Atlantik Şuranın sədri Sülhəddin Əkbər, müavini Yaşar Cəfərli və qurumun təsisçilərindən olan Hərbi Analitik Tədqitqatlar Mərkəzinin rəhbəri, ehtiyatda olan polkovnik İldırım Məmmədov iştirak ediblər. Təsis olunmaqla bağlı qərar qəbul olunduqdan sonra açıq səsvermə ilə Məzahir Əkbərov təşkilatın sədri, Qabil Qafarov onun müavini, Zaur İsa, Səlahəddin Əkbər, Nəsimi Əliyev, Zakir Hüseynov, Məhəmməd Hüseynov və Vaqif Məmmədov isə İdarə Heyətinin üzvləri seçiliblər.

Bundan sonra Sülhədin Əkbər Avro-Atlantik Şuranın hədəfləri, dünyada, regionda və Azərbaycandakı vəziyyətlə bağlı çıxış edib, diqqəti ötən ildən dünyada başlayan böyük dəyişikliklərə yönəldib. Şura sədri əminliyini bildirib ki, dəyişikliklər növbəsi hökmən Azərbaycana da çatacaq: «Bizim də qarşımızda duran əsas vəzifələrdən biri ondan ibarətdir ki, xalqımızı bu dəyişikliyə hazırlayaq, proses başlayanda onu düzgün istiqamətə yönəldə bilək».
S.Əkbər deyib ki, Azərbaycanın demokratikləşməsinin, Avroatlantik məkana inteqrasiyasının alternativi yoxdur, Şura üzvləri xalqımızı buna inandırmaq üçün onunla canlı təmasa keçməli, prosesin sürətləndirilməsinə öz töhvələrini verməlidirlər.

S.Əkbər yeni təsis olunan təşkilat üzvlərinin suallarını da cavablandırdıqdan sonra İldırım Məmmədov və Yaşar Cəfərli çıxış ediblər və tərəfdarları fəallığa səsləyiblər.

Avro-Atlantik Şuranın növbəti təsis yığıncağı qarşıdakı bazar günü Suraxanı rayonunda olacaq.


Geri qayıt