Əsas Səhifə > Hadisə > HƏBS OLUNMUŞ CƏBHƏÇİNİN TALEYİ MƏLUM DEYİL
HƏBS OLUNMUŞ CƏBHƏÇİNİN TALEYİ MƏLUM DEYİL6-01-2012, 13:46 |
ZEYNAL BAĞIRZADƏ İLƏ BAĞLI ZİDDİYYƏTLİ XƏBƏRLƏR Son günlər Naxçıvan hakimiyyəti ölkə ictimaiyyətini inandırmağa çalışır ki, həbs olunmuş Zeynal Bağırzadənin işi ilə bağlı qeyri-adi heç nə baş vermir. Xatırladaq ki, ötən ilin sonlarında Nehrəm kənd sakini dələduzluqda və saxta sənəddə ittiham olunaraq həbs edilib. Buna əsas kimi onun öz hərbi sənədlərini saxtalaşdırması və uzun illər Çernobıl faciəsinin veteranı kimi qanunsuz pensiya alması göstərilib. Lakin hakimiyyətin Bağırzadənin dələduzluğunu “yadına salmasına” səbəb onun qardaşı Yaşarın Nehrəm kəndini sudan məhrum edən yerli məmurların özbaşınalığına etiraz etməsi olub. Bundan sonra qardaşlara həm psixoloji, həm də fiziki təzyiqlər nəticə verməyib və onlar öz tələblərindən geri çəkilməyiblər. Zeynal saxlanılaraq amansızcasına döyülüb. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb, yaxınları ilə görüşünə imkan verilməyib. Ailə bildirir ki, o, özünə qarşı irəli sürülən ittihamları etiraf etməkdən imtina etdiyinə görə işgəncələrə məruz qalıb. Sonra Naxçıvan prokurorluğu və ombudsman bəyanatla çıxış edərək bildiriblər ki, Bağırzadə dələduzdur, o, düzgün olaraq həbs edilib və saxlanma şəraiti ilə bağlı şikayəti yoxdur. Lakin hər dəfə qanunsuz həbs və hətta saxlanan şəxsin ölümü baş verdiyi halda belə, Naxçıvandan bu cür bəyanatlar səslənir. Bu, Naxçıvan MTN-də işgəncə nəticəsində vəfat etmiş Turac Zeynalovla da baş vermişdi. Ötən gün Naxçıvandan daha bir xəbər gəlib ki, Z.Bağırzadə özünü yaxşı hiss edir. Bu dəfə Demokratiya və İnsan Hüquqlarını Müdafiə Mərkəzi adlı hüquq-müdafiə təşkilatı belə məlumat yayıb. QHT bildirib ki, İşgəncələr Əleyhinə Komitənin yerli nümayəndəsi ilə Bağırzadəyə baş çəkiblər və o, özünü yaxşı hiss edir, heç bir şikayəti yoxdur. Demokratiya və QHT-nın İnkişaf Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova bu məlumatları şərh edərək bildirib ki, uzun müddətdir ki, Bağırzadəyə baş çəkmək üçün Penitensiar Xidmətdən və hakimiyyətdən icazə ala bilmir. Öz növbəsində İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov bildirib ki, öz nümayəndəsinin Bağırzadəyə baş çəkməsi üçün göstəriş verməyib və başçəkmənin nəticəsi barədə məlumatı yoxdur. Digər yerli hüquq müdafiəçisi Elman Məmmədov hüquq müdafiəçilərinin həbs olunan şəxsə baş çəkməsi faktından təəccübləndiyini bildirib. “İndiyədək Naxçıvanda onlarla işgəncə, qanunsuz həbs halları baş verib. Lakin heç zaman hüquq müdafiəçiləri onların yanına buraxılmayıb. Bu hüquq müdafiəçiləri kimlərdir ki, onları ora buraxıblar. Biz belə hüquq müdafiəçiləri tanımırıq”, - o vurğulayıb. Yuxarıda qeyd olunanlar çox qəribə görünür, halbuki, Naxçıvanda bu cür hallar əvvəllər də baş verib. Yerli və beynəlxalq ictimaiyyətin insan haqlarının pozulması ilə bağlı tənqidlərinin qarşısını almağa çalışan hakimiyyət özünü təmizə çıxarmaq və haqq qazandırmaq üçün bu cür addımlar atır. Geri qayıt |