Əsas Səhifə > Partiya > MÜXALİFƏT BMT TƏHLÜKƏSİZLİK ŞURASINA MÜRACİƏT EDƏ BİLƏR
MÜXALİFƏT BMT TƏHLÜKƏSİZLİK ŞURASINA MÜRACİƏT EDƏ BİLƏR6-01-2012, 12:04 |
AXCP FUNKSİONERİ DAXİLİ SİYASƏTDƏ DƏYİŞİKLİK ARZULAYIR Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının (TŞ) qeyri-daimi üzvü kimi srağagündən fəaliyyətə başlayıb. Yanvarın 4-də BMT TŞ-nin iclasında ilk dəfə üzv ölkə kimi iştirak edib. Ölkəmizin yanvar ayında 11qapalı məsləhətləşmədə, 3 formal debatda və 5 brifinqdə iştirak edəcəyi gözlənilir. Müzakirələr Yaxın Şərq, xüsusilə də Suriya və Liviyada cərəyan edən hadisələr, ədalətin və qanunun aliliyi, eləcə də BMT ilə Afrika Birliyi arasında əməkdaşlıq məsələləri ətrafında aparılacaq. Təhlükəsizlik Şurasının gündəliyi yanvarın 4-də keçirilən plenar iclasda müəyyənləşdirilib. BMT Təhlükəsizlik Şurasında fəaliyyətə başlamasının Azərbaycanda demokratiyanın xeyrinə olub-olmayacağı barədə danışarəkən AXCP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Razi Nurullayev “Yeni Müsavat” qəzetinə açıqlamasında bildirib ki, BMT TŞ-yə qeyri-daimi üzv seçilməsindən sonra Azərbaycan özü beynəlxalq aləmin reaksiyasını və tələbini gözləmədən siyasətində pozitiv dəyişikliklər etməlidir. Əgər daxili siyasətdə müsbət dəyişikliklər edilməsə, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü ola-ola da insan haqlarını, demokratiyanı pozması məsələsi ortaya çıxacaq: “Hesabatlarda bu məsələ kəskin şəkildə ortaya çıxacaq ki, Azərbaycan hakimiyyəti belə vəziyyətin yaranmaması üçün vaxtında islahatlara getməlidir. Məncə, hakimiyyət ciddi islahatlara getməsə də, görüntü naminə müəyyən kiçik müsbət addımlar atmaqla beynəlxalq aləmi razı salmağa çalışacaq. Çünki bunsuz mümkün deyil, Azərbaycan artıq beynəlxalq oyunçuya çevrilir. Ölkəmiz BMT Təhlükəsizlik Şurasında iki il ərzində iki dəfə sədrliyi həyata keçirəcək. Bu çox ciddi məsələdir. Əgər Azərbaycanda fundamental insan hüquq və azadlıqları pozularsa, ola bilsin ki, BMT Təhlükəsizlik Şurasına üzv olan və demokratiyanı prioritet elan edən dövlətlər Azərbaycan Şuraya sədrlik edən zaman toplantını tərk edə bilərlər. Belə situasiya isə Azərbaycan üçün çox böyük zərbə olardı ki, hakimiyyət bunları indidən nəzərə almalıdır. Azərbaycan öz addımlarında kifayət qədər korrekt davranmalı olacaq”. R.Nurullayev onu da bildirib ki, Azərbaycanın demokratik qüvvələri, vətəndaş cəmiyyəti institutları BMT Təhlkəsizlik Şurasına ölkəmizdə demokratiyanın, fundamental insan haqlarının pozulması barədə məktub ünvanlaya bilərlər: “Azərbaycanda islahatlar həyata keçirilməzsə, sərbəst toplaşmaq azadlığı kimi fundamental azadlıqlar bərqərar olmazsa, BMT Təhlükəsizlik Şurasına məktublar, müraciətlər ünvanlana bilər. Azərbaycanın demokratik qüvvələri əlbəttə ki, ölkəmizin BMT Təhlükəsizlik Şurasından çıxarılmasını istəməzlər. Sadəcə müraciətlərdə Azərbaycan hakimiyyətinə BMT-nin demokratiya və insan haqları ilə bağlı təsir etməsi istənilə bilər. Çoxlu sayda müraciətlər ünvanlansa müəyyən müsbət təsiri olar. Azərbaycanın demokratik qüvvələrinin müraciəti cavabsız qalmayacaq. Demokratik qüvvələrin BMT Təhlükəsizlik Şurasına çoxsaylı müraciətləri Azərbaycan iqtidarı üçün orada başağrısı yarada bilər. Üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək dilemması ilə üz-üzə qoyulması istisna deyil”. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv olmasının hakimiyyəti daha da arxayınlaşdıracağı barədə iddialara gəlincə, R.Nurullayev vurğuladı ki, belə iddialar əsassızdır. Geri qayıt |