Əsas Səhifə > Gündəm, Manşet > GÜLƏR ƏHMƏDOVA HƏBSDƏKİ 2-Cİ HACI MƏMMƏDOVDUR

GÜLƏR ƏHMƏDOVA HƏBSDƏKİ 2-Cİ HACI MƏMMƏDOVDUR


13-08-2013, 10:36
GÜLƏR ƏHMƏDOVA HƏBSDƏKİ 2-Cİ HACI MƏMMƏDOVDUR
ONUN AQİBƏTİ HAKİMİYYƏTİÇİ MÜNASİBƏTLƏRDƏN BİRBAŞA ASILIDIR

DİA.AZ: - Həbsi ərəfəsində keçmiş deputat Gülər Əhmədova bir açıqlaması ilə böyük səs-küy yaratdı. Xatırladaq ki, Gülər Əhmədova onun ünvanına səslənən fikrə reaksiya verirdi. Həmin iddiaların müəllifi isə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov idi.

İlk əvvəl DİA.AZ olaraq Tağı Əhmədovun Gülər Əhmədovanın ünvanına səsləndirdiyi iddiaları xatırladırıq: “ Gülər Əhmədova hansısa fırıldaqçıdan bir milyon pul qoparıb, gedib özünə ev alıb. Elə indinin özündə də həmin evdə yaşayır. Bilirsiniz, Gülərin nənəsi erməni olub. Biz o qədər ürəyiaçıq xalqıq ki, bunu bilə-bilə onun millət vəkili olmasına şərait yaratmışıq. Gülər son vaxtlar o qədər cızığından çıxmışdı ki, YAP-ın üzvü ola-ola partiyanın iclaslarına gəlmir, deputatlıq etdiyi rayonun icra hakimi ilə yola getmirdi. Mən həmişə demişəm ki, nə qədər ki, Azərbaycanda yüksək vəzifələri təmizqanlı azərbaycanlılar tutmur, belə hallar baş verəcək”.

Onu da qeyd edək ki, Gülər Əhmədovanın milli kimliyinə şübhə ilə yanaşılması heç də ilk dəfə deyildi və buna qədər də yerli mətbuatda belə bir fikirlər səslənmişdi. Hətta bu məsələ zamanında o qədər böyük rezonans yaratmışdı ki, düşmən Ermənistan mediasında belə Gülər Əhmədovaya sahiblənmə meyilləri hiss olundu.

Və həbsi ərəfəsində Gülər Əhmədova Tağı Əhmədova cavab verdi. Həmin cavab isə belə idi: “Yıxılana balta çalan çox olar. Bildirim ki, ulu öndər Heydər Əliyevin 2001-ci ildə mənə verdiyi evdə yaşayıram.YAP-dan çıxarılsam da, heç vaxt əqidəmi dəyişən deyiləm və öləndə də Heydər Əliyevçi kimi öləcəm, bundan kimsənin şübhəsi olmasın. Tağı Əhmədovun məntiqiylə yanaşsaq, onda Bakıda 20 yanvar qırğınlarını törətmiş ruslarla qohum olanların da uşaqlarına yüksək vəzifə vermək olmaz. Hər kəs dediyimidən nəticə çıxara bilər.”

Bəli, Gülər Əhmədovanın son cümləsində bir hədə var idi və bu hədəsilə keçmiş deputat özünə və müəyyən qədər də ictimaiyyətə bəlli olan ünvanlara hədə də yollamışdı. Və siqnal alındı. Gülər Əhmədova həbs olundu. Çünki o, artıq danışmağa başlamışdı.

Əslində Gülər Əhmədovanın danışma təhlükəsi hər zaman olub. Elə DİA.AZ-a daxil olan informasiyalardan da aydın olur ki, uzun müddətdir istintaq altında saxlanılan Gülər Əhmədova əslində məhz danışmaması üçün bir növ Hacı Məmmədov sayağı girov saxlanılır.

Bu barədə məlumatlı mənbənin söylədikləri: «Gülər Əhmədovanın həbs müddəti də məhz bu səbəbdən uzadılır. Əslində ya onu açıb buraxmalıdırlar (çünki bu məsələdə ittiham edən, zərərçəkən kimi görünən Elşad Abdullayev hələ də istintaqla əməkdaşlıqdan boyun qaçırır -red.), ya da Elşad Abdullayevi Azərbaycana gətirib, işə gərəkən hüquqi qiyməti verməlidirlər. Amma bunların heç biri baş vermir. Və Gülər Əhmədovanın həbs müddəti seçkilərdən sonraya qədər uzadılır».

Mənbəmiz bunu təsadüfi hesab etmir. Qaynağın iddialarına görə, keçmiş YAP-çı deputatın danışmaması kiməsə sərfəlidirsə, bu həbsdə bir məqam da var: «Deməli, hadisələr konservləşdirilib. Yəni Gülər Əhmədova kartından seçkilərdən sonra istifadə olunması nəzərdə tutulur. Bu həbs daha kimlərinsə həbsinə gətirib çıxaracaq. Təbii ki, burada kimin Gülər Əhmədovaya kamera yoldaşı olacağı hadisələrin - məhz siyasi müstəvidə, iqtidar daxilində cərəyan edən hadisələrin inkişaf axarından birbaşa asılıdır. Yəni kimin mövqeyi güclü olacaqsa, Gülər Əhmədovanın da aqibəti məhz bu dəngələrarası münasibətə uyğun şəkildə müəyyənləşəcək».

Geri qayıt