Əsas Səhifə > Hadisə > ÖLKƏ İQTİSADİYYATININ İDXALDAN ASILILIĞI ARTACAQ
ÖLKƏ İQTİSADİYYATININ İDXALDAN ASILILIĞI ARTACAQ5-01-2012, 14:13 |
QUBAD İBADOĞLUDAN BƏDBİN PROQNOZLAR Daha bir il arxada qaldı. Ölkə iqtisadiyyatı nə qazandı, hansı "baqajla" növbəti ilə qədəm qoyur? Bu barədə İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu açıqlama verdi. Onun sözlərinə görə, 2011-ci ili Azərbaycan iqtisadiyyatı üçün məsuliyyətli və çətin dövr kimi xarakterizə etmək olar. Uzun illər davamlı iqtisadi artımdan sonra milli iqtisadiyyat 1996-cı ildən bəri ilk dəfə ən aşağı səviyyədə - yanvar sentyabr ayının yekunlarına görə 0,3 faiz artım nümayiş etdirdi. Bu göstərici MDB ölkələrinin ümumi daxili məhsul (ÜDM) üzrə eyni dövrə olan orta artım göstəricisindən (4,5%) 15 dəfə aşağıdır. Müvafiq dövrdə MDB-də iqtisadi artım tempinin ən yüksək həddi Türkmənistanda (14.6%), ən aşağı göstərici isə Azərbaycanda (0.3%) qeydə alınıb. Ötən ilin yanvar-sentyabr aylarında 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə ixrac 26%, idxal isə 51% artıb və xarici ticarət balansının profisiti 12.9 mlrd.dollar olub. İxracdan əlavə dövr ərzində ölkəyə xarici valyuta daxilolmaları həm də pul baratları və xarici investisiyalar hesabına artıb. Belə ki, 2011-ci ilin 9 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə daxil olan pul baratlarının həcmi 38% artaraq 1321 mln. dollar təşkil edib. Ölkə iqtisadiyyatına qoyulmuş xarici investisiyaların həcmi isə ötən ilin eyni dövrü ilə müqayisədə 25.6% artıb. Ötən ilin 11 ayında Azərbaycan dünya bazarında 35 milyon ton və ya 21,3 milyard dollarlıq xam neft, 1,4 milyard dollarlıq neft məhsulları və 524 milyon dollarlıq qaz və 37 milyon dollarlqı elektrik enerjisi satıb. Bütövlükdə yanacaq-energetika məhsullarının ixracatından 23,26 milyad dollarlıq valyuta gəliri əldə edilib. Azərbaycan iqtisadiyyatı nefdən asılı vəziyyətdə olduğundan xarici ticarət balansının profisiti məhz karbohidrogen ehtiyatlarının ixracdakı yüksək payı hesabına baş tutub. İdxal məhsullarının strukturuna nəzər salsaq, burada ərzaq məhsullarının böyük pay təşkil etdiyini görərik. Azərbaycanda ixrac potensiallı qeyri-neft sektorunun inkişaf etməməsi, istehsalatda beynəlxalq standartların təbiqi prosesinin zəif getməsi və kənd təsərrüfatı istehsalının ildən-ilə pisləşməsi ölkəmizin idxaldan asılılığını gücləndirir. 2011-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 8978,9 mln. manat, xərcləri 8734,8 mln. manat olub, 244,1 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Cari ilin ötən dövründə 1 bankın lisenziyası ləğv edilib və nəticədə fəaliyyətdə olan bankların sayı 44-ə enib. 2011-ci ilin yanvar-sentyabr aylarında kredit portfelinin 6,5%-ni vaxtı keçmiş kreditlər təşkil edib. Müddəti uzadılmış kreditlərin 1 oktyabr 2011-ci il tarixinə kredit portfelində xüsusi çəkisi 13,7% olub. Beynəlxalq Valyuta Fondunun bir neçə il öncəki araşdırmasına görə, Azərbaycanda maksimum 15-20 bankın fəaliyyəti bu bazar üçün yetərlidir. Ancaq çox təəssüf ki, Mərkəzi Bank hələ 2010-cu ildə bankların konsolidasiyası haqqında strategiya hazırlayacağını açıqlasa da sonrdan bu fikrindən vaz keçdi. Başa çatmaqda olan 2011-ci ildə də bu sahədə heç bir addımın atılmaması, eyni zamanda, Beynəlxalq Bankın gündən-günə pisləşən maliyyə vəziyyəti ilə bağlı tədbirlərin görülməməsi təəssüf doğurur. Təsadüfi deyil çi, "Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın Beynəlxalq Bankının (ABB) uzun müddətli və qısa müddətli, fərdi və dayaq reytinqlərini aşağı salıb və bunu ABB-nin rekapitalizasiyasının, yəni borclarının səhmlərinə nisbətinin qaydaya salınmasının ləngidilməsi, bankın tənzimləmə qaydalarına riayət etməməsi ilə izah edib. "Fitch"in ekspertləri hesab edir ki, əgər Azərbaycan hökuməti 2012-ci ilin 15 yanvarına kimi yardım etməsə, bankın kreditorlarla bağlı problemləri yaranacaq. 2011-ci ilin ən agır qərarı dekabrın 1-dən metroda gediş haqlarının 33 faiz artırılması olub. İl ərzində əhalinin son istehlak xərcləri artaraq onun gəlirlərinin 67,2 faizini təşkil edib. Milli Məclisin bu il iyulun 24-də qəbul etdiyi "İcbari sığortalar haqqında" qanun 2012-ciu ildən ailə büdcəsində sığorta xərclərinin əhəmiyyətli artımını şərtləndirəcək. Bu qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləyir. Yeni qanuna görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üşün baza məbləği 50 manat müəyyən edilib və mühərriki 1500 sm3 olan minik avtomobillərinə tətbiq olunur. Avtomobilin mühərrikinin həcmi artdıqca, baza sığorta məbləğlərinə 1,5-dən 5-dək əmsal tətbiq olunur. Avtobuslara münasibətdə əmsal sərnişin yerlərinə görə, yük avtomobillərinə münasibətdə isə onların icazə verilən maksimum kütləsinə görə dəyişir. İlin əvvəlindən Vergi Məcəlləsinə nağdsız əməliyyatların stimullaşdırılması ilə bağlı köklü dəyişikliklərin ediləcəyi vəd olunsa da, bu, baş tutmayıb. Rəsmi açıqlamalara görə, yaxın müddətdə reallaşacağı da gözlənilmir. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə qarşı ədalətsizlik qismən də olsa aradan qaldırılıb. "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişikliyə uyğun olaraq (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) onların əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ilədək iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il iyulun 1-dən yenidən hesablanılıb. Bu dəyişiklik 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə də şamil olunub. 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin pensiyalarının yenidən hesablanması tədbirinin illik maliyyə yükü 390 mln. manat təşkil edib. Bundan əlavə, Əmək Məcəlləsinə "Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi" adlı 10.1 maddəsi əlavə olunub. Əlavə olunmuş maddədə qeyd olunub ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Ancaq çox təəssüf ki, Əmək Məcəlləsinin 4-ci maddəsinə edilən əlavəyə əsasən, Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi tədqiqat və ali təhsil müəssisələrinə şamil edilməyib. Prezident noyabrın 1-dən Daxili İşlər Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının və Fövqəladə Hallar Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə (tarif) maaşlarını orta hesabla 30 faiz artırıb. Prezident dekabrda da əmək haqqıları artırıb. Bu daha çox görüntü məqsədi daşıyan bir addım olub. Belə ki, sosial təminat, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma, elm və elmi-tədqiqat müəssisələrinin (Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olanlar istisna olmaqla) səhiyyə, təhsil (ali məktəblər istisna olmaqla) sahələrində çalışan işçilərin əmək haqqılarının artırılması haqqında fərmanlar imzalanıb. Həmin fərmanlara görə, 2011-ci il dekabrın 1-dən cədvəldə göstərilən müəssisələrin işçilərinin əmək haqqıları cüzi şəkildə - 10 faiz artırılıb. 2011-ci ilin 9 aylıq göstəricilərinə əsasən, respublika üzrə orta aylıq əmək haqqı 355.1 manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.3 faiz çoxdur. Pensiyaların və əmək haqlarının artırılmasına, orta əmək haqqının mütəmadi dinamika nümayiş etdirməsinə baxmayaraq əhalinin real gəlirləri xərclərinn qarşıyacaq səviyyədə deyil, eyni zamanda, onun bir hissəsi inflyasiyanın yeminə çevrilir. İTM-in hər ay hesabladığı inflyasiya və minimum istehlak səbəti (MİS) göstəriciləri hökumətin rəsmi göstəricilərinin reallığı əks etdirmədiyini göstərir. İTM-in hesablamalarına görə, noyabr ayı üçün MİS əmək qabiliyyətli əhali üçün 168.89, pensiyaçılar üçün 151.93, uşaqlar üçün isə 210,87 manat olub. Nəzərə alsaq ki, MİS əhalinin minimum ehtiyaclarının ödənilməsini nəzərdə tutur, onda aydın olar ki, əhalinin xərcləri gəlirlərini bir neçə dəfə üstələyir. 1 iyul 2011-ci il tarixinə olan məlumata görə, Azərbaycan Respublikasının dövlət xarici borcunun həcmi (milyon ABŞ dolları ekvivalentində) 4 512.6 təşkil edir. Adambaşına düşən xarici borc məbləği 495.3 dollar təşkil edir. Dövlət xarici borcunun ÜDM-ə faiz nisbəti 8.1%-dir. 2011-ci il oktyabrın 1-ə olan məlumat görə, Neft Fondunun aktivləri 32 242,5 milyon ABŞ dollar olub, ölkənin strateji valyuta ehtiyatları 39,7 mlrd.dolları ötüb. Rəsmi məlumatlara görə, orta illik inflyasiya 8,4% təşkil edib. Orta illik qiymət artımının təqribən 3/4-ü ərzaq qiymətləri hesabına olub. İqtisadi Tədqiqatlar Mərkəzinin alternativ hesablamalarına görə, cari ilin 9 ayında manatın ABŞ dollarına qarşı məzənnəsi mülayim templə, cəmi 1.4% möhkəmlənib. Hesabat dövründə manatla pul bazası 12,7%, pul kütləsi isə 16% artıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, kənd təsərüfatında dekabrın 1- dək taxıl istehsalı 2457,9 min ton olaraq, keçən ilə nisbətən 450 min ton artıb, belə olan halda idxal olunan taxıl məhsullarının həcmində ciddi azalma baş verməli idi. Lakin son 10 ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal olunan taxıl məhsullarının, xüsusən buğda ununun idxalı ciddi şəkildə - 44 dəfə artıb. DSK-nın məlumatına görə, heyvandarlıq məhsulları istehsalı 3,6 faiz artıb. 11 ayın məlumatına baxsaq, süd istehsalı əvvəlki illin müvafiq dövrü ilə müqayisədə artaraq 1 491,5 min ton olub. Belə olan halda ölkəyə idxal olunan heyvandarlıq məhsullarında ciddi azalmalar baş verməli idi. Lakin bu ilin 10 ayında idxal olunan süd və süd məhsullarının məbləği 33,3 faiz artıb. Belə hal heyvandarlığın digər subsektorunda da baş verib. Belə ki, ət istehsalı diri çəkidə 417,2 min ton göstərilsə də, 2011-ci ilın on ayında ölkəyə 17 500,07 min ABŞ dolları dəyərində ət və ət məhsulları idxal olunub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 20,93 faiz çoxdur. Balıq və balıq məhsulları idxalı isə 4 550,24 min ABŞ dolları dəyərində olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 28,72 faizlik artım deməkdir. Göründüyü kimi, əsas heyvandarlıq məhsullarının idxalı ciddi surətdə artıb. Diqqəti özünə cəlb edən məqamlardan biri isə quş ətinin idxalı ilə bağlıdır. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətlərinin verdiyi açıqlamada ölkəyə 20131 ton quş əti, 1224 ton quş əti sosiskası, 235 ton isə quş ətindən hazırlanmış kolbasa idxal olunub. Son illər Azərbaycan hökuməti quş ətinə olan ehtiyacı daxili istehsal hesabına ödənildiyini bəyan edir. Halbuki, il ərzində quş əti istehsalı 23 min tondan yuxarı qalxmır. Nəzərə alsaq ki, on ay ərzində ölkəyə 21 590 ton quş əti və quş ətindən hazırlanmış məhsul idxal olunub və hələ idxal prosesi davam edir, belə olan halda başqa bir mənzərə ortaya çıxır. Deməli respublikada istehlak olunan quş ətinin ən yaxşı halda yarısı, yəni 50 faizi daxili istehsal hesabına ödənilir. Kənd təsərrüfatı məhsullarının idxalının ilbəil artması yerli fermerlərin istehsal imkanını zəiflədir. Bazarı məhdud olan Azərbaycan fermerləri, mövcud bazarı daha güclü olan əcnəbi rəqiblərinə güzəştə getmək məcburiyyətində qalırlar. Son illər ölkəyə idxal olunan ərzaq mallarının, kənd təsərrüfatı məhsullarinin məbləği 1 milyard 200 milyon dollardan yüksəkdir. Belə olan halda isə ölkənin idxaldan aslılığı artır, ərzaq təminatına ciddi təhlükə yaranır. Proqnozlara gəlincə, 2012-ci il üçün dövlət büdcəsinin gəlirləri 16 milyard 438 mln. manat, xərcləri 17 milyard 072 mln. manat, büdcə kəsiri isə 634 milyon manat proqnozlaşdırılır. Əsas iqtisadi göstəriclərlə bağlı rəsmi proqnozlar isə aşağıdakı kimidir: ÜDM - 43.5 milyard manat (5.7% artım) ÜDM adambaşına - 4743.5 manat (4.4% artım) ÜDM-də neft sektorunun payı 33,9%, qeyri-neft sektorunun payı 57.3% 46 mln ton neft, 28.3 mlrd m3 təbii qaz hasilatı Neftin 1 barelinin qiyməti 80 ABŞ dolları götürülüb Xarici borclar - 7226 mln. ABŞ dolları İnflyasiya - 6% Avrasiya İnkişaf Bankının rəsmi saytında dərc olunan hesabata əsasən, MDB ölkələrində 2012-ci il üzrə iqtisadi artım 4.6% olacaq. Bankın proqnozlarına görə, ən yüksək göstərici Türkmənistanda (8.4%) və Özbəkistanda (7.4%) gözlənilir. MDB üzrə Belarus (3%) və Rusiyanın (4.1%) orta iqtisadi göstəriciləri isə artacaq. Geri qayıt |