Əsas Səhifə > Siyasət, Manşet > İQTİDARI PARÇALAYAN DAHA BİR ADDIM ATILIR

İQTİDARI PARÇALAYAN DAHA BİR ADDIM ATILIR


7-08-2013, 11:36
İQTİDARI PARÇALAYAN DAHA BİR ADDIM ATILIR
İKİNCİ HAKİMİYYƏT PARTİYASININ YARADILMASINA START VERİLİR

DİA.AZ: - «Bu günlərdə yeni partiya elan olunacaq». Bu sözləri DİA.AZ-a hökumətə yaxın bir şəxs açıqlamasında qeyd edib. Mənbə iddia edir ki, yaxın günlərdə hakimiyyətə aid bir qrupp şəxsin dəstəyilə yeni siyasi partiyanın elan olunması planlaşdırılır.

«Bu qədər iqtidaryönlü partiya var, yeni partiyaya hansı zərurət nədən olub» sualımızın cavabında mənbə bildirib ki, əslində hazırda mövcud olan iqtidaryönlü partiyalar nadir hallarda iqtidariçi oyunlara qatılıb, qrup maraqlarından çıxış edib: «Bu, çox nadir hallarda olub. Məsələn, keçən prezident seçkilərində bu kimi halları müşahidə etdik. Hakimiyyətyönlü partiyalardan birinin sədri olan namizəd kənd təsərrüfatı naziri İsmət Abbasovun istefasını tələb etdi. Bir başqası isə o zamanlar iqtisadi inkişaf naziri olan Heydər Babayevin. Yəni əslində həmin namizədlər onlara verilən təlimata uyğun olaraq tələblər irəli sürürdü».

Mənbəmiz bildirir ki, yaradılması planlaşdırılan partiya isə konkret olaraq iqtidar daxilindəki bir qrupun marağından çıxış edəcək: «Elə partiyanın yaradılması da onların marağındadır. Onlar bu qərarlarını «yuxarılara» fərqli formada izahlamağa çalışırlar. Guya ki, hakim Yeni Azərbaycan Partiyası başqa bir qrupun təsiri altında olduğundan, hakimiyyətə yaxın olan əksəriyyət məhz həmin qruppa rəğbətinin olmaması səbəbindən YAP-da təmsilçilik əldə edə bilmir. Elə buna görə də iqtidarın ikinci bir yandaş partiyaya ehtiyacı var».

Hələlik bu qərarın tam olaraq onay almadığını da bildirən mənbəmiz əlavə etdi ki, amma tədarük prosesinə start verilib.

Bu partiyada kimlər olacaq? Bu partiyanın arxasında kimlər dayanır?... Bu və digər bu kimi sualların cavabını yaxın vaxtlarda təqdim edəcəyimiz ilginc faktlardan tapacaqsınız. Bizi izləməkdə davam edin…

Geri qayıt