Əsas Səhifə > Siyasət, Manşet > «QAİ» DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏN ALINA BİLƏR

«QAİ» DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏN ALINA BİLƏR


27-09-2011, 12:04
«QAİ» DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏN ALINA BİLƏR

RAMİZ ZEYNALOV ZİYA MƏMMƏDOVA TABE ETDİRİLİR

DİA.AZ: - Bir müddət əvvəl Dövlət Yol Polisi Baş İdarəsinin rəisi Ramiz Zeynalovun görəvdən alınacağı barədə məlumatlar yayıldı. Bildirilirdi ki, Ramiz Zeynəlov hakimiyyətiçi oyunların qurbanına çevrilir. Və hətta bəzi qəzetlər daha da irəli gedərək DYP şefinin yerinə təyin ediləcək kadrın kimliyi ilə bağlı da məlumatlar verməyə başlamışdılar.

Lakin bütün bu söz-söhbətlər prosesə daxili işlər naziri Ramil Usubovun müdaxiləsinin ardından səngimiş oldu. Belə ki, DİN rəhbəri DYP-yə baş çəkməklə yanaşı, Ramiz Zeynalova açıq dəstək verdiyini sərgilədi. Halbuki bir sıra media vasitələrində DYP şefinin «vurulmasında» Ramil Usubovun da maraqlı tərəf olması barədə məlumatlar verilməkdə idi.

İndi vəziyyətin yenidən dəyişməsi barədə məlumatlar almışıq. Hakimiyyət daxilindəki etibarlı mənbələrin «Dünya» İnformasiya Agentliyinə (dia-az.site) ötürdüyü xəbərdə vurğulanır ki, nəinki Ramiz Zeynalov görəvindən azad edilə bilər, hətta onun rəhbəri odduğu strukturun özünün ləğvi istiqamətində müəyyən ideyalar mövcuddur.

Bu barədə mənbənin bildirdiyinə görə, bir zamanlar bütün SSRİ ərazisində olduğu kimi, Azərbaycan SSR-də də mövcud olan Dövlət Avtomobil Müfəttişliyi («QAİ») yenidən bərpa oluna bilər: «Söhbət mükəmməl qaydada icrası nəzərdə tutulan bir plandan gedir».

Mənbəmiz bildirir ki, buna qədərsə DYP-nin Daxili İşlər Nazirliyindən alınaraq Nəqliyyat Nazirliyinin balansına verilməsi planlaşdırılır: «Bunun ardından da DYP-nin ləğv edilməsi, onun bazasında da Dövlət Avtomobil Müfəttişliyinin yaradılması nəzərdə tutulur».

Mənbə bildirir ki, əslində bəzi ölkələrdə yol polisi funksiyasını məhz nəqliyyat nazirlərinin avtomobil müfəttişləri həyata keçirir: «Azərbaycan üçün də bu münasibdir. Çünki son zamanlar aparılan islahatlar da zəruri edir ki, DYP daha da təkmilləşsin və onsuz da qanunlara görə, əsas işi yol hərəkətinə riayət edilməsinin tənzimlənməsi və qanun pozuntuları ilə bağlı hüquqi ölçü götürülməsi olan bu funksiya daha çox nəqliyyat nazirliyinin sahəsi hesab oluna bilər».

Mənbəyə görə, hələlik bütün bunlar ideya şəklində olsa da, artıq siyasi hakimiyyətin müsbət qərarı var. Hətta prezidentin də bu yeniliyiə, əslində isə köhnənin daha da mükəmməl qaydada bərpasına sıcaq yanaşdığı söylənilir: «Tək qalanı bu işin hüquqi bazasının yaradılması və rəsmiləşdirilməsidir ki, buna da yaxın aylarda şahidlik edə bilərik».

Məhz bundan sonra Ramiz Zeynalovun da görəvdən alınacağının təbii proses olduğunu bildirən mənbəmiz vurğuladı ki, artıq NN sisteminə daxil ediləcək DYP-nin yeni rəhbərliyi də olacaq.


Geri qayıt