Əsas Səhifə > Hadisə > DAHA BİR MEHMANXANA PLANA DÜŞDÜ

DAHA BİR MEHMANXANA PLANA DÜŞDÜ


4-01-2012, 13:41
DAHA BİR MEHMANXANA PLANA DÜŞDÜ

İKİ GÜNDÜR “CƏNUB” MEHMANXANASINI SÖKÜRLƏR

Yanvarın 3-də Bakının mərkəzində, “Sahil” metro stansiyasının yaxınlığında yerləşən “Cənub” mehmanxanasının sökülməsinə başlanılıb.

50-ci illərin əvvəllərində tikilmiş altımərtəbəli mehmanxana binası artıq bir neçə il idi ki, normal fəaliyyət göstərmirdi. 90-cı illərin əvvəllərində biznesmenlər və siyasətçilər bu obyekti özəlləşdirmək istəyirdilər. Otel sahibləri tez-tez dəyişib və şəhər hakimiyyəti indiyədək binanın sahibinin kimliyi barədə dürüst məlumat verməyib.

Bununla belə, obyektin sahibi binanı əsaslı təmir etmək əvəzinə, onu sökmək qərarına gəlib. Bu, belə güman etməyə əsas verir ki, binanın yerində növbəti göydələn tikiləcək. Gələcək memarlıq şedevrinin layihəsini hələlik görən yoxdur, şəhər meriyası isə hər zaman olduğu kimi, bununla bağlı hər hansı açıqlama vermir.

Mehmanxanaya gəlincə, yaşlı nəsil bakılılar onu yaxşı tanıyırdı, ilk növbədə ikinci mərtəbədəki restoranına görə. Sovet dövründə orada tanınmış musiqiçilər çıxış edirdilər. Həmin illərdə bu mehmanxana “İnturist”lə yanaşı xaricilərin qaldığı tək-tük mehmanxanalardan biri idi. İllər ərzində oteldə yaşayış şəraiti və xidmətin keyfiyyəti aşağı düşməyə başlayıb və otel otaqları ofis kimi icarəyə verilib. Belə ki, 90-cı illərin ortalarında orada İranın İrna agentliyinin müxbir məntəqəsi yerləşib.

Son illər otelin sahibləri müştəriləri restoranın girişində dayanan Afrika geyimində qara dərili mühafizəçilərlə tovlamağa çalışırdılar.

Hazırda işçi briqadası binanın yuxarı mərtəbəsində divarları sındırır, tikinti zibillərini yerə atırlar. Briqadirlərdən biri Turan-ın müxbirinə bildirib ki, söküntü bir neçə ay davam edəcək. Binanın yerində nəyin tikiləcəyindən isə xəbərsiz olduğunu deyib.


Geri qayıt