Əsas Səhifə > Gündəm, Manşet > İQTİDAR SEÇKİDƏN SONRA YENİ FORMATDA GƏLİR

İQTİDAR SEÇKİDƏN SONRA YENİ FORMATDA GƏLİR


3-08-2013, 13:26
İQTİDAR SEÇKİDƏN SONRA YENİ FORMATDA GƏLİR
BU PROSES ZAMANI RAMİZ MEHDİYEV VƏ ONUN ÇEVRƏSİ ÇIXDAŞ OLUNUR

DİA.AZ: - Bu gün ən çox dartışılan mövzulardan biri də prezident seçkilərindən sonra İlham Əliyevin hazırki hakim komanda təmsilçilərindən kimlərlə yoluna davam edəcəyi, kimlərə «əlvida» deyəcəyi ilə bağlıdır. Onu da bildirək ki, bu istiqamətdə yerli KİV-də müxtəlif səpgili informasiyalar dolaşsa da, ümumi bir qənaət də mövcuddur. Söhbət illərdir «boz kardinal» ünvanı ilə Azərbaycan hakimiyyətində aparıcı mövqedə dayanan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin gedişinə tədarükdən gedir.

Bəli, Ramiz Mehdiyevin vəzifəsindən alınması artıq hakimiyyətin yeni siyasi dəst-xəttinin də sifarişi kimi qəbul olunur. Bununla bağlı DİA.AZ-a danışan hökumət içindəki qaynaq da bildirir ki, əslində PA şefinin yola salınması ilə iqtidar özünün mahiyyətində də ciddi dəyişikliklər etmiş olacaq. Mənbənin söylədikləri:

«Ramiz Mehdiyev əslində istənilən bir hakimiyyət üçün vacib bir fiqurdur. Yəni belə bir persona iqtidarların möhkəmləndirilməsi siyasətini uğurla həyata keçirməklə yanaşı, həm də idarəetmə mexanizminin formalaşdırılmasında kifayət qədər peşəkar olması səbəbindən əhəmiyyətlidir. Amma hazırki iqtidar artıq qeyd olunan tərzə ehtiyac duymağından Ramiz Mehdiyevin üsulları yeniləşən siyasətdə artıq hesab olunur ki, bu da rəsmi Bakının PA şefi ilə yollarını ayırmasını vacib edən başlıca şərtdir».

Mənbəmizə görə, eyni zamanda Ramiz Mehdiyevlə vidalaşmaq həm də hakimiyyətin yeni siyasi dönəmdə möhkəmləndirilməsi üçün vacib şərtə çevrilib: «Yəni ibtidai üsul-idarəçilik yeniləşən dönəmdə əlverişli hesab olunmur. Əksinə, bu gün Azərbaycanın təsiri altından çıxmasını rahatlıqla seyr edə bilməyən Kremlin əsas dayaqlarının biri kimi tanıdığımız Ramiz Mehdiyevin görəvdə saxlanılması hakimiyyət üçün çox təhlükəlidir.

Birincisi ona görə ki, istənilən halda bu məsələdə mühafizəkarlıq hakimiyyətin monolitliyini, vahid mərkəzdən idarə olunmasını təhdid edir. Ramiz Mehdiyev və onun çevrəsi zaman-zaman muxtarlıqlarını sübuta yetirməyə çalışan cəhdlərdə bulunublar. Hətta vəziyyət o həddə çatıb ki, Ramiz Mehdiyevin kölgəsi altında püxtələşən PA-nın şöbə müdiri Əli Həsənov özünü hətta Ramiz Mehdiyevdən də yüksək mövqedə görür. Yəni belə bir ambisiyalı çevrə hakimiyyətin vahid komandanlığına birbaşa zərbədir».

Mənbəmiz bu məsələdə Əli Həsənovla bağlı məqama da xüsusi önəm verməyin gərəkənliyindən danışır: «Əli Həsənov bu gün Ramiz Mehdiyevin ona həvalə etdiyi siyasi və mətbu rıçaqlarla özünü güclü hesab etdiyindən hətta özünü Ramiz Mehdiyevin varisi kimi də görür. Amma vəziyyətin dəyişkənliyi Ramiz Mehdiyevin Əli Həsənovla əvəzlənməsini tələb etmir, əksinə, Əli Həsənov kölgəsinə sığındığı Mehdiyevlə birgə yola salınacaq».

Mənbəmiz iddia edir ki, prezident seçkilərindən dərhal sonra baş verəcək bu dəyişikliklər zamanı onlarla məmurun, aralarında nazir, icra başçısı olan heyətin vəzifədən alınması planlaşdırılır ki, bu da daha çox iqtidar daxilindəki «separatizm»in öldürülməsinə hesablanıb.

Geri qayıt