Əsas Səhifə > Siyasət, Manşet > 65 YAŞ SENZİ KİMİ VƏZİFƏSİNDƏN EDƏCƏK?

65 YAŞ SENZİ KİMİ VƏZİFƏSİNDƏN EDƏCƏK?


4-01-2012, 11:29
65 YAŞ SENZİ KİMİ VƏZİFƏSİNDƏN EDƏCƏK?

“YAXT KLUB” QALMAQALI AYDIN BƏŞİROVA BAHA BAŞA OTURUB

DİA.AZ: - Xəzər Dəniz Gəmiçilik İdarəsinin (XDGİ) rəisi Aydın Bəşirov görəvindən getmək barədə ona göndərilən mesajları eşitməzdən gəlib. A.Bəşirov iqtidarın «gəncləşdirmə siyasəti»nə qarşı çıxır və uzun illərdən bəri oturduğu kreslonu təhvil vermək istəmir. Bu barədə redaksiyamıza etibarlı mənbə bildirib.

Mənbənin deməsinə görə, hakimiyyət çevrələrində 65 yaşla bağlı məhdudiyyətin qüvvəyə minməsindən sonra bu qərarın yalnız aşağı ranqlı vəzifə sahiblərinə şamil edilmədiyi görüntüsü yaratmaq və iri çaplı məmurların da sözügedən yasaqdan nəsibini almasını təmin etməklə xırda məmurların mümkün narazılığını önləmək üçün uzun müzakirələr aparılıb. Müzakirələr sonucu yaşı 65-dən yuxarı olan bir neçə ciddi vəzifə sahibini təqaüdə göndərmək qərarlaşdırılıb: «Onlardan biri də «gəmiçilik şefi» Aydın Bəşirov olmalı idi. Amma A.Bəşirov bununla bağlı duyum aldıqdan sonra dərhal hərəkətə keçib və müxtəlif vasitələrlə işdən alınmasına dirəniş göstərib. Belədə XDGİ rəisi ilə bağlı qərar ertələnib. Amma onun bu davranışı çətin ki, unudulsun və ən uyğun situasiyada «gəmiçilik şefi»nin hökumətlə hökumətlik etməsinin ona baha başa gələcəyi gözləniləndir».

Qeyd etmək yerinə düşər ki, 2010-cu ilin əvvəllərindən etibarən Aydın Bəşirovun vəzifədən alınacağı barədə xəbərlər kəskinləşib. Hətta ötən il iqtidara yaxın media quruluşları yazırdılar ki, Xəzər Dəniz Gəmiçiliyinin rəhbəri A.Bəşirovun vəzifəsilə vidalaşması qaçılmaz reallığa çevrilib. Bu müddətdə bir neçə dəfə KİV yazıb ki, artıq yuxarı dairələrdə Aydın Bəşirovun vəzifəsindən getməsi barədə qərar qəbul olunmaq üzrədir.

Bu qədər müddətdə XDGİ müxtəlif məhkəmələrə çəkilib, məsələn, bir dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Dəniz Gəmiçiliyini məhkəmə yolu 10 min manat cərimələtdirib. A.Bəşirovun nəzarətindəki «Kaspar» xəstəxanası ətrafında cərəyan edən hadisələr, xəstəxana kollektivinin XDGİ rəisinə qarşı «qiyama» qalxması və s. kimi hadisələr Aydın Bəşirovun dayağını itirməsindən xəbər verən faktlar olaraq qəbul edilib.

Hətta aylar əvvəl hökumətə yaxın media orqanlarından biri də yazmışdı ki, XDGİ rəisinə artıq sonuncu xəbərdarlıq edilib və yaxın vaxtlarda vəzifədən uzaqlaşdırılacağı deyilib. Ümumiyyətlə, Aydın Bəşirovun dayaqları təxminən 2009-cu ilin sonlarından zəifləyib. Onu himayə edən kanallar həmin vaxtdan tədricən gücünü itirib, get-gedə A.Bəşirovun da hakimiyyətin iri məmurları ilə eyni məclislərdə, tədbir və törənlərdə görünməsinə qadağa qoyulub. Elə həmin məsələdən sonra Aydın Bəşirovun yaxın qohumları vəzifədən azad edilib və işsiz qalıblar. Salyan rayonunun sabiq icra başçısı, Aydın Bəşirovun qardaşı Rasim Bəşirovun ötən ilin sonlarında vəzifədən çıxarılması və başqa işlə təmin edilməməsi də o vaxt Aydın Bəşirovun «vurulmasına» yönələn addımlardan idi.

İddialara görə, müxtəlif vaxtlarda XDGİ-də aparılan yoxlamalar xeyli ciddi yeyinti faktları ortaya çıxarıb. A.Bəşirovun maddi gücü hələ ki, ciddiliyini saxlayır və onun «vurulması»nı gecikdirən əsas amil də elə bu hesab olunur.

Amma hesab edilir ki, bu vəziyyət uzun çəkməyəcək, A.Bəşirov maddi baxımdan da əhəmiyyətli şəkildə sarsıdıldıqdan sonra görəvdən alınacaq. İlginc olan isə budur ki, idarə rəisi bu situasiya ilə qarşılaşmamaq üçün artıq başqa üsullara əl atmaq, müxtəlif vasitələrlə maliyyə gücünü qorumağa və gücləndirməyə çalışmaqdadır. Elə onun son vaxtlar restoran biznesinə girişməsi də bu qəbildəndir.

Aydın Bəşirovun vəzifədə qalmaq istiqamətindəki çabaları bir yana, üstəlik, öz biznesini də gücləndirməyə çalışması ona qarşı siyasi qəzəbi daha da artıra və postundan uzaqlaşdırılması yönündəki prosesləri sürətləndirə bilər.

Onu da qeyd edək ki, Aydın Bəşirov son olaraq “Yaxt Kulb”un inşası zamanı adını “qara siyahıya” salmağa “müvəffəq olmuşdu”. Belə ki, həmin prosesdə XDGİ rəhbərinin ən azından 2 milyon manat itirdiyi bildirilir. Indi isə o, görəvini belə itirmə təhlükəsini yaşayır.


Geri qayıt