Əsas Səhifə > Ölkə, Manşet > ASTARANIN BAŞ GÖMRÜKÇÜSÜNÜN QƏRİBƏ MEXANİZMİ

ASTARANIN BAŞ GÖMRÜKÇÜSÜNÜN QƏRİBƏ MEXANİZMİ


2-08-2013, 14:28
ASTARANIN BAŞ GÖMRÜKÇÜSÜNÜN QƏRİBƏ MEXANİZMİ
GEDİŞ ƏRƏFƏSİNDƏ PUL YIĞIMI

DİA.AZ: - Astaranın gömrük idarəsinin rəisi Hikmət Məmmədovdan şikayətçi düşən vətəndaş, Cəlilabad rayon sakini Müzəffər Talıbov iddia edir ki, bu günlərdə İrandan gətirmək istədiyi kənd təsərrüfatı mallarının müqabilində şəxsən gömrük rəisi ondan 20 min manat rüşvət tələb edib.

Şikayətçi DİA.AZ-a açıqlamasında bildirir ki, ondan əvvəlcə 50 min pul istəyiblər: «Mən davamlı olaraq İrandan kənd təsərrüfatı məhsulları gətirirəm. Və hər dəfəsində gömrüyün «haqqını» vermişəm. Amma bu dəfə məndən 50 min manat istədilər və bildirdilər ki, rəis belə deyib. Və əgər həmin pulu ödəsəm, o zaman bir il ərzində istədiyim qədər mal gətirə bilərəm».

Sahibkarın sözlərinə görə, bu qədər pulunun olmadığını bildirsə də, ona gömrüyün Elşən adlı işçisi bildirib ki, o zaman İrandan mal gətirməyi unutsun: «Mən də Hikmət Məmmədovla görüşmək istədim. Və uzun-uzadı get-gəldən sonra «Rokfeller» kimi tanıdığımız Hikmət müəllimlə görüşə bildim. O da işçisinin dediklərini təkrarladı. Və bundan sonra bazarlıq etməyə başladım. Bildirdim ki, bu qədər pula gücüm çatmır. Nəhayətdə bir il üçün 20 min manat pul verə biləcəyimi dedim, onlar da razılaşdı.

Lakin sonradan öyrəndim ki, Hikmət Məmmədovu vəzifəsindən yaxın günlərdə alacaqlar. Ona görə də bu adam mənim kimi İranla alış-verişi olan bütün sahibkarlara eyni təklifi edib. Yəni vəzifəsini dəyişəcəyindən indidən bir ilin pulunu yığmaq istəyir. Və çalışır ki, pulu alsın, dediyi məbləğ olmasa belə».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt