Əsas Səhifə > Siyasət, Manşet > MÜXALİFƏT SEÇKİYƏ, GÖRÜN BİR, KİMNƏN GEDİR?

MÜXALİFƏT SEÇKİYƏ, GÖRÜN BİR, KİMNƏN GEDİR?


2-08-2013, 11:08
MÜXALİFƏT SEÇKİYƏ, GÖRÜN BİR, KİMNƏN GEDİR?
SAAKAŞVİLİNİN SÖYLƏDİYİ HƏQİQƏT VƏ SEÇKİ ƏRƏFƏSİNDƏ BOĞULAN MƏMLƏKƏT

DİA.AZ: - Gürcüstanın prezidenti Mixail Saakaşvili olduqca ilginc açıqlaması ilə diqqətə gəldi. Əslində gürcü dövlət başçısı təəccüblü heç nə danışmadı. Hamısı bildiyimiz həqiqətlər idi. Sadəcə olaraq bu həqiqətlərin məhz Azərbaycan müxalifətinin də etibar etdiyi, etimad göstərdiyi bir mərtəbədən ifadə olunması faktı artıq hər şey deməkdir.

Bəli, Saakaşvilinin Milli Şura layihəsinin arxasında Kremlin dayandığını və bu layihənin birbaşa olaraq Azərbaycan dövlətinə (hakimiyyətinə deyil) əleyhinə olduğunu ifadə etməsi Azərbaycanda və regionda yeni atmosfer formalaşdırmış olacaq.

Əslində Milli Şura ideyasının arxasında Rusiyanın dayandığını hətta Milli Şurada bəh-bəhlə təmsil olunan müxalifət liderlərinin özləri də gözəl bilirdilər. Onlar oynamaq istədilər. Xüsusən də Müsavat başqanı İsa Qəmbər. Hamı onu qınayırdı. Daha doğrusu, müxalifətin «obıvatel» təbəqəsi Müsavat başqanını yenə də müxalifətin ümumi birliyini pozmaqda ittiham edirdi.

Amma İsa Qəmbər yaxşı başa düşürdü ki, ertəsi günü canını bu millətin və dövlətin uğrunda fəda etmiş sıravi müsavatçıya cavab verə bilməyəcək ki, nədən Azərbaycanın dövlət maraqlarını təhdid edən bir siyasi oyunbazlığın altına imzasını basdı. Ona görə də İsa Qəmbərə lazım idi ki, özü üçün əlyeri qoysun.

Və dünən «Azadlıq» radiosunun canlı efirində də İsa Qəmbər bunu dolayı yollarla ifadə etməyə çalışırdı. Müsavat başqanı bildirdi ki, o, bu cür vahid namizəd müəyyənləşdirməsinə qarşı olub. Və onun dəstəklədiyi ideya müxalifətin əsas namizədinin ortaya çıxarılması olub. Yəni seçkilərə qədər gedilir və kim seçki ərəfəsində güclüdürsə, o da əsas namizəd kimi hakimiyyətin namizədi ilə seçkidə gücünü yoxlayır.

İsa Qəmbər bunu deməsilə həm də əslində Milli Şura barədə Saakaşvilinin ondan sonra dediyi fikirlərini təsdiqləməkdə idi. Sadəcə olaraq, başqan bu gün populyar mövqedə olan müttəfiqlərinə ayaq uydurmaq zorunda qaldığını da hiss etdirirdi ki, ertəsi gün özünü hədəf olmaqdan yayındıra bilsin.

Təbii ki, hətta bu halda belə nə İsa Qəmbər və nə də Əli Kərimli haqq qazandırılan mövqedə ola bilməz. Çünki İsa Qəmbər «ehtiyat namizəd» ideyası ilə, Əli Kərimli də susması ilə prosesdəki könülsüzlüyünü ifadə etməyə çalışırsa da, bu onları ertəsi günün sorğu-sualının məsuliyyətindən azad etmir. Hər halda, dövlət, millət maraqları şəxsi maraqların üstündə olmalı idi. Yəni özün üçün sabahı fikirləşdiyin kimi, dövlət və millət üçün də sabahlar fikirləşilməli idi.

Bəli, artıq müxalifət seçkilərə 1:0-lıq məğlubiyyətlə başlayır. Əslində elə bu seçkidə cəmi bir top vurulacaqdı ki, artıqi vurulub. Bunu çox güman özünü sığortalama yollarını arayan müxalifət liderləri də başa düşürlər. Elə buna görə də artıq onların seçkilərə qatılmayacaqları haqda da fikirlər səslənir. AXCP sədri Əli Kərimli əvvəlindən çomağını «boykot» ideyasının üzərinə dayayıb. Təbii ki, Əli Kərimli də yetərincə məlumatlı bir siyasətçi kimi əslində bu ideyanı gündəmə gətirməsiylə baş verə biləcəklərdən sığortalanmağı qəsd edirdi.

O zaman seçkilərə kim gedəcək? Təbii ki, bu sualın cavabı sadədir. Yenə də müxalifət 1998-ci ilin seçkisinə bənzər bir situasiyanı yaşamalı olacaq. Necə ki, həmin ərəfədə boykot etmək zorunda qalan SİDSUH-da birləşmiş müxalifət liderləri Etibar Məmmədovu hakimiyyətlə döyüşə yolladılar, eləcə də bu seçkidə ənənəvi müxalifət cinahı İlham Əliyevlə döyüşə İqbal Ağazadəni göndərməli olacaqlar.

Doğrudur, bu gün İqbal Ağazadənin müxalifliyini belə şübhəyə alırlar və buk imi ittihamlar yetərincədir. Elə 1998-ci ildə də Etibar Məmmədov haqqında da eyni fikirlər var idi və Etibar Məmmədov da Heydər Əliyevlə siyasi bazarlıqdan məğlub çıxmış bir siyasətçi kimi tanınırdı. Amma nə baş verdi? Etibar Məmmədovun həmin seçkidə qalib gəldiyini hətta onu Heydər Əliyevin layihəsi olduğunu söyləyən müxalifət mətbuatı da öz səhifələrində yazmalı oldu. Yəni belə bir iddiaları ortaya atdı.

Bəli, bu seçki Azərbaycanda çox məsələləri duruldacaq - deyənlər yanılmayıblar. Azərbaycan ikinci dəfə öz müstəqilliyini qoruma uğrunda mübarizə aparmaq zorundadır. Çünki Saakaşvilinin ifadə etdiyi həqiqət Azərbaycanın hansı dərəcədə ağır durumda olmasının göstəricisidir.

Bunu ilkindən də anlamaq olardı. Milli Şuranın vahid namizədi olan Rüstəm İbrahəimbəyov bildirirdi ki, ona görə Qarabağ problemi tarixçilərin problemidir. Bəli, bu adamın dili dönmürdü ki, Qarabağın Azərbaycan, türk torpağı olduğunu söyləsin. Bu hal isə birbaşa olaraq rus xarakterinə uyğunluq təşkil edir. Yəni bu adam Rusiyanın etimadını doğrultmağa çalışırdı, Azərbaycanın yox…

Bizə isə Azərbaycanı sevindirəcək adam lazımdır, cənablar…

Azər - DİA.AZ

Geri qayıt