Əsas Səhifə > Güney Press / Manşet > NAZİRİN HOLDİNQİ FƏHLƏLƏRİN PULUNU MƏNİMSƏYİB

NAZİRİN HOLDİNQİ FƏHLƏLƏRİN PULUNU MƏNİMSƏYİB


1-08-2013, 17:11
NAZİRİN HOLDİNQİ FƏHLƏLƏRİN PULUNU MƏNİMSƏYİB
DİA.AZ: - Məlum olduğu kimi “Gilan Holdinq” ölkənin əsas iqtisadi nəhənglərindən biridir. Holdinqin tərkibində bir istehsalat və emal müəssisələri, zavod və fabriklər fəaliyyət göstərir. Ölkə iqtisadiyyatının əksər sahələri – qida məhsulları istehsalı, yüngül səaye, kənd təsərrüfatı, turizm və digər bu kimi istiqamətlər “Gilan Holdinq”in maraq dairəsinə daxildir. Bu şirkətin arxasında isə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dayandığı, şirkətin ona məxsus olduğu kimsəyə sirr deyil.

DİA.AZ bildirir ki, holdinq bu gün Azərbaycanda xüsusilə dinamik inkişafı ilə nəzərə çarpan inşaat sektorunda da təmsil olunur. Elə fəlakət zonalarında təmir-bərpa işlərinin “Gilan”a həvalə edilməsi də FHN şefinin dövlət pullarını öz şirkətinə ötürməsini sübutlayan əsas faktlardandır. Məsələn sonuncu dəfə şimal bölgəsində dövlətin zəlzələnin fəsadlarının aradan qaldırılması üçün ayırdığı 50 milyon manata yaxın vəsait “Gilan”ın nəzarətinə verildi.

Bu sahədə “Gilan Holdinq”i təmsil edən şirkət isə “Gilan İnşaat” MMC-dir. Bu şirkət yaşayış komplekslərinin, istirahət mərkəzlərinin, idman komplekslərinin, körpülərin, yeraltı qarajların, yeraltı keçidlərin layihələndirilməsi və tikintisi ilə məşğul olur. Həmçinin “Gilan İnşaat” MMC tikinti sektorunda istifadə olunan bütün növ maşın və mexanizmlərin istismarına dair xidmətləri təqdim edir. “Gilan İnşaat” MMC tikinti işlərində əsasən “Gilan Holdinq” şirkətlərinin istehsal etdiyi məhsullardan istifadə edir. Bu məqsədlə də holdinqin beton zavodları, mərmər-qranit emalı zavodu, penobeton zavodu, üzlük daş emalı sexi, xammal qəbulu stansiyası, müasir tikinti materiallarının satış mərkəzi fəaliyyət göstərir.

Əlbəttə ki, bütün bu göstəricilər “Gilan İnşaat” MMC-ni ilk növbədə etibarlı bir tərəf müqabili kimi təqdim edir. Lakin təəssüflər olsun ki, bu gün ölkənin inşaat sektorunda artıq son dərəcə arzuolunmaz bir tendensiya formasını almaqda olan fırıldaqçılıq halları “Gilan İnşaat” MMC-dən də yan keçməmişdir.

DİA.AZ-a şikayət ərizəsi ilə müraciət edən Ramazanov Gündüz Yaqub oğlu da belə bir fırıldaq əməlinin qurbanı olduğunu iddia edir. Öz ərizəsində G.Ramazanov bildirir ki, o, rəhbərlik etdiyi briqada ilə birlikdə artıq beş ildən artıq bir müddətdir ki, “Gilan İnşaat” MMC ilə əməkdaşlıq edir. Şikayətçinin sözlərinə görə bir müddət əvvəl onun briqadası “Gilan İnşaat” MMC-nin sifarişi əsasında, Qəbələ şəhərində inşa olunan “Karvansara” otel kompleksinin və konfrans zalının tikintisində iştirak etmişdir.

İnşaat işləri artıq tamamilə başa çatsa da, “Gilan İnşaat” MMC-nin təmsilçiləri Gündüz Ramazanovun briqadasına görülmüş işlərə görə yaranmış borcu ödəməkdən boyun qaçırırlar. G.Ramazanov bildirir ki, yaranmış borcun məbləği 15 000 (on beş min) manat təşkil edir. Lakin, icraçıların “Gilan İnşaat” MMC-nin ərazi kuratoru kimi tanıdıqları və indiyə qədər maliyyə məsələlərinə baxan Elxan adlı şəxs həmin məbləği ödəməkdən imtina edir. Maraqlıdır ki, tərəflər arasında borcun məbləğinə dair heç bir mübahisəli məqam da yaranmayıb. Sadəcə olaraq Elxan fəhlələrin pulunu vermir, vəssəlam. G.Ramazanov həmçinin bildirir ki, yaranmış problemlə bağlı bir dəfə “Gilan İnşaat” MMC-nin rəhbəri Mərifət müəllimə də müraciət olunub. Cavabında isə Mərifət müəllim yenə də məsələni Elxanla yoluna qoymağı tövsiyyə edib. Elxan isə məsələni heç cür yoluna qoymaq istəmir...

Mövzuya yenidən qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt