Əsas Səhifə > Hadisə > FƏRHAD ƏLİYEVİN ANASI OĞLUNUN ƏFVİ ÜÇÜN MÜRACİƏT EDİB
FƏRHAD ƏLİYEVİN ANASI OĞLUNUN ƏFVİ ÜÇÜN MÜRACİƏT EDİB1-08-2013, 12:59 |
Son vaxtlar bir sıra mətbuat orqanlarında keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevlə bağlı bir sıra informasiyalar yayılıb. Bu məlumatlara aydınlıq gətirmək üçün Turan onun hüquqlarının Müdafiə Komitəsinin sədri tarixçi Cəmil Həsənliyə müraciət edib. Professor öz cavabinda deyib: “Təəssüf ki, bu informasiyalarda bəzi qeyri- dəqiqliyə yol verilib. Nəzərə almaq lazımdır ki, siyasi mülahizələrlə həbs edilmiş Fərhad Əliyev 8 ildir siyasi məhbus həyatı yaşayır və ağır zindan həyatının bütün çətinliklərinə dözməli olur. Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, ağır məhbus həyatı yaşayan bir adamla bağlı kütləvi informasiya vasitələrində verilən hər hansı qeyri-dəqiq məlumat şübhəsiz ki, onun səhhətinə, xüsusilə mənəvi durumuna mənfi təsir göstərir. Bəzən heç bir dəlil göstərmədən F.Əliyevin guya hansısa şərikinin mülkiyyətinin əlindən alınması, guya ona məxsus olan hansısa obyektin taleyi ilə bağlı mətbuata müəyyən yalan məlumatlar sızdırılır. Bir qayda olaraq, bu məlumatlar məqsədli xarakter daşıyır və keçmiş nazirlə bağlı xoş olmayan müəyyən qərəzli niyyətlərdən irəli gəlir. Onun hüquqlarının Müdafiə Komitəsinin sədri kimi mənim keçmiş nazirlə görüşüm barədə də mətbuatda bəzi suallar səsləndirilir. Mən bu məsələyə aydınlq gətirmək üçün bir daha qeyd etmək istəyirəm ki, Müdafiə Komitəsinin rəhbəri kimi Fərhad müəllimin işi, onun müxtəlif tərəfləri, sağlıq durumu ilə daim maraqlanmışam, lakin 2010-cu ildən sonra onunla görüş barədə müvafiq dövlət orqanına mənim hansısa bir müraciətim olmayıb. Bildiyim qədər keçmiş nazirin ailə üzvləri və yaxın qohumları Azərbaycan qanunlarının müəyyən etdiyi qaydada onunla görüşürlər. Onun əfv haqda müraciət edib-etməməsinə gəlincə, məndə olan məlumata görə, F. Əliyevin anası müxtəlif vaxtlarda oğlunun əfv olunması barədə Azərbaycan prezidentinə müraciətlər edib. Lakin təəssüf ki, indiyi qədər bu yaşlı ananın müraciətləri bir nəticə verməyib. Avropa İnsan Hüquqları Məhkəməsində keçmiş nazirin işinə baxılması ilə bağlı qeyd etmək istəyirəm ki, F.Əliyevin Avropa məhkəməsinə olan müraciətinə hələ 2010-cu ildə baxılıb və onun qanunsuz həbs olunduğu təsdiq edilib. Əgər belə bir qərar hüququ ali tutan hər hansı ölkənin həbsdə olan vətəndaşı haqqında qəbul edilsəydi, heç şübhəsiz ki, Avropa məhkəməsinin belə qərarından sonra dərhal onu azad edərdilər. Təəssüf ki, bu, Azərbaycanda baş vermədi”. Geri qayıt |