Əsas Səhifə > Hadisə, Manşet > “AZAL”DA TALAN SİYASƏTİ

“AZAL”DA TALAN SİYASƏTİ


29-12-2011, 16:51
“AZAL”DA TALAN SİYASƏTİ

CAHANGİR ƏSGƏROV NEFT PULLARINI HAVAYA SOVURUR

DİA.AZ: - Cari ilin ərzində sərnişin daşımalarına görə Azərbaycan aviaşirkətlərinin itkiləri 90 mln manatdan artıq təşkil edib. Bu barədə mötəbər mənbədən məlum olub. Cari il ərzində Azərbaycanın iki sərnişin daşıyan aviaşirkətinin gəlirləri 137 248,5 min manat təşkil edib, bu da ötən ilin müqayisə olunan dövründəkindən 36,2% çoxdur. Aviaşirkətlərin xərclərinin artım tempi gəlirlərin artımını 16,3% üstələyib. Göstərilən dövrdə aviaşirkətlərin xərcləri 223 917,5 min manat təşkil edib.

«Azerbaijan Airlines» Dövlət Aviaşirkətinin xidmət rəisi Məhərrəm Səfərli şirkətlərin maliyyə göstəricilərini şərh etməkdən imtina edib və bunu kommersiya sirri ilə əsaslandırıb. Halbuki «Kommersiya sirri haqqında» qanununun 4 maddəsinə əsasən, mühasibat balansına aid məlumatlar kommersiya sirrinə aid deyil. Bundan əlavə, «AZAL» QSC-nin nizamnaməsi və «Mühasibat uçotu haqqında» qanununa əsasən, bazarın inhisarçı subyekti kimi aviaşirkət beynəlxalq mühasibat uçotunun standartlarına cavab verən illik mühasibat balansını dərc etməlidir. Aviaşirkət qanunvericiliyin bu tələbinə əhəmiyyət vermir.

Azərbaycanda sərnişin daşımaları ilə «AZAL» və «Turan Air» («Silk Way Holding» törəmə strukturu) məşğul olur. Sərnişin daşımalarının 97%-i «AZAL»ın payına düşür. Yerli marşrutlara görə aviaşirkətlərin tarifləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.

Rəsmən zərərli olan isə Bakı-Naxçıvan-Bakı marşrutu ilə uçuşlar hesab edilir. Dövlət hər il bununla əlaqədar «AZAL»a 12 mln manat subsidiya ödəyir. Hər iki istiqamətdə biletlərin qiyməti 160 manat təşkil edir, onun 40 manatı dövlət büdcəsindən ödənilir. Bu reysin zərərli olmasının səbəblərini aydınlaşdırmaq mümkün deyil. Belə ki, «Azerbaijan Airlines» QSC-nin prezidenti Cahangir Əsgərov bu barədə hətta yazılı sorğulara da cavab vermir.

Beynəlxalq hava yollarına görə «AZAL» bazarın konyukturasından asılı olaraq tariflər müəyyənləşdirir.

Qeyd etmək lazımdır ki, bu gün sərnişin daşımalarının həcmində artım var. Cari ilin 11 ayı ərzində (məlumatlar Azərbaycan Dövlət Statistika Komitəsindən təqdim edilib) yerli hava gəmiləri ilə 1 297,5 min sərnişin daşınıb, bu da 2010-cu ilin analoji dövrünün göstəricisini 37,9% üstələyir. Bu şəraitdə necə itki ilə işləmək olar, bu, sirr olaraq qalır.

Müqayisə üçün «Aeroflot-Rusiya hava yolları» ASC-nin maliyyə göstəricilərini təqdim edirik. 2011-ci ilin 9 ayının nəticələrinə görə, aviaşirkətin xalis mənfəəti 36,6% artaraq 383,7 mln dollara çatıb. Bu zaman Rusiyanın avidaşıyıcısının gəliri 24% artaraq 3,92 mlrd dollar təşkil edib.


Geri qayıt