Əsas Səhifə > Siyasət, Manşet > BU SEÇKİ İLİ RAMİZ MEHDİYEV ÜÇÜN HƏLLEDİCİDİR
BU SEÇKİ İLİ RAMİZ MEHDİYEV ÜÇÜN HƏLLEDİCİDİR1-08-2013, 12:17 |
RƏQİBLƏRİ PA ŞEFİNİ SIRADAN ÇIXARA BİLMƏLƏRİ ÜÇÜN YOLLAR ARAYIR DİA.AZ: - «Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin son zamanlar mövqelərini möhkəmləndirə bilməsi rəqib cinahı yeni planlar üzərində işləməyə vadar edib». Bu məlumatı DİA.AZ-a ötürən hökumət içindəki qaynağın iddialarına görə, vəziyyət o həddə çatıb ki, builki prezident seçkiləri dönəmində belə müəyyən təxribatlar baş verə bilər. Səbəbsə seçkilərdən sorumluluğu üzərinə götürmüş Mehdiyevin nüfuzdan salınması, ona olan etimadın darmadağın edilməsidir. Mənbənin söylədikləri: «Ramiz Mehdiyev hələ də hakimiyyətdaxili qruplaşmalar sırasında favoritliyini qorumaqdadır. Ona qarşı müxtəlif istiqamətlərdən aparılan kampaniyaları ustalıqla dəf edən PA şefi hazırda kölgəyə çəkilmiş kimi görüntünü yaratsa da, əslində bu gün bir çox istiqamətlər üzərində ciddi nəzarətə malikdir». Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev Ramiz Mehdiyevə qarşı böyük bir kampaniya başlatmışdı. Lakin bu kampaniyanı uğurla başa çatdıra bilmədi ki, bu da daha çox Mehdiyevin arxasında Kremlin dayanması ilə əlaqələndirilir. Belə ki, rəsmi Bakıya davamlı olaraq təzyiqlər edən Kreml öz adamını qoruya bilməsi üçün ən müxtəlif təhdidlərdən belə istifadə etdi. Hətta Milli Şura ideyasının belə bu gün hakimiyyət daxilində Ramiz Mehdiyevin mövqelərinin qorunmasına, yəni həm də Rusiyanın təsir gücünün saxlanılmasına xidmət etdiyi söylənilir. Bu barədə danışan mənbə iddia edir ki, bu gün Milli Şuranın effektsizliyinin arxasında da məhz PA şefinin müdaxiləsi yaranır: «Bu, konfliktologiyada ənənəvi üsullardan biridir. Süni şəkildə problem yaradıb, sonra da yaradılan problemi istənilən məcraya yönəltmək. Və bu zaman hədəf əslində problemin hədəfinin hansısa addıma vadar edilməsi olur». Mənbəmizin sözlərinə görə, məhz bu kimi texnologiyalar hesabına həm ayaqda durmağı və həm də mövqelərini qorumağı bacaran PA şefi bu seçki prosesini də eyni qaydada yola verə biləcəksə, o zaman «onun gedişi yalnız onun istədiyi vaxta təsadüfi edəcək» şərti daha da möhkəmlənmiş olacaq: «Buna görə də seçkilərin «dinc şəraitdə» yola verilməməsi üçün rəqiblərin hətta təxribata belə əl atması istisna edilmir». Geri qayıt |