Əsas Səhifə > Ölkə, Manşet > KOMİTƏ SƏDRİNİ KİM “VURUR”?

KOMİTƏ SƏDRİNİ KİM “VURUR”?


29-12-2011, 14:34
KOMİTƏ SƏDRİNİ KİM “VURUR”?

KƏRƏM HƏSƏNOV HƏLƏ DƏ TƏHLÜKƏDƏN TAM SIĞORTALANMAYIB

DİA.AZ: - “Azərbaycanda həqiqətən Hacı Məmmədovun dəstəsindən də qatı cinayətkar dəstə var və onlar bir neçə ay əvvəl çox böyük bir əməliyyat keçiriblər. Hüquq-mühafizə orqanlarının mühacirətdə olan sabiq əməkdaşlarının belə bir dəstənin mövcudluğu ilə bağlı dedikləri həqiqətdir”. Bunu DİA.AZ-a hakimiyyət daxilində baş verənlərdən məlumatlı olan etibarlı mənbə deyib.

Qeyd edək ki, MTN-in Fransada mühacirətdə olan sabiq əməkdaşı Ramin Nağıyev bir müddət öncə mətbuata müsahibəsində Azərbaycanda Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun dəstəsindən də böyük bir cinayətkar dəstənin olduğunu bildirmişdi.

Bizə danışan mənbənin bildirdiyinə görə, həmin dəstə bir neçə ay əvvəl Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşlarından birini oğurlayıb: “Kərəm Həsənovun qardaşı axşam saatlarında uzunmüddətli izlənmədən sonra oğurlanıb və Dağıstana aparılıb. Bir neçə gündən sonra Kərəm Həsənova zəng edilib və qardaşının onların əlində olduğu bildirilib. Komitə sədrindən külli miqdarda pul istənilib. Uzun müddət danışıqlar aparılıb, amma dəstə üzvləri istədikləri qədər pul ünvanına çatdırılmayınca oğurladıqları şəxsi qaytarmayacaqlarını bildiriblər. Təxminən 15 gündən sonra Kərəm Həsənov dəstənin dediyi pulu verib və qardaşını girovluqdan azad edib”.

Mənbənin bildirdiyinə görə, qardaşının qaytarılması üçün K.Həsənov bir neçə milyon dollarından keçməli olub: “Kərəm Həsənov həmin dəstənin başında kimlərin durduğunu bilir. Eyni zamanda bu dəstənin üzvlərinin hansı serial cinayətlər həyata keçirdiyini və onlara gözün üstdə qaşın var deyən olmadığını bildiyindən səs-küy salmayıb”.

Qaynağın xəbərində deyilir ki, əslində K.Həsənov və onun deputat qardaşı Malik Həsənovun vəziyyəti bəzi mətbuat orqanlarında yazıldığı kimi yaxşı deyil: “Onların biznesinin böyük hissəsi əllərindən alınıb. Onların adına çıxılan ”Azinko" şirkətinin gəlirlərinin isə cəmi bir neçə faizi Həsənov qardaşlarına çatır. Bu şirkətin gəlirinin böyük hissəsi iqtidardakı familiyalardan birinə aiddir".

Mənbə bildirib ki, K.Həsənovun vəziyyəti daha da pis ola bilərmiş. Amma qüdrətli bir familiyanın çətirinin altına sığınması onu bir qədər qoruyub: “Bununla belə, Kərəm Həsənov hələ də təhlükədən tam sığortalanmayıb. Hər zaman onun başının üstünü qara buludlar ala bilər. Buna səbəb isə Kərəm Həsənovun bir müddət əvvəl hakimiyyət daxilindəki qruplaşmalardakı yerini dəyişdirməsidir. Onun biznesini başqa qrupun çətirinin altına keçirməsi (”krışa"sını dəyişməsi) hakimiyyətdəki başqa böyük bir qruplaşmanı bərk qəzəbləndirib və Kərəm Həsənovun bitirilməsinə qərar verilib. Komitə sədri bunu bilir və himayədarlarının razılığını ala bilsə, canını götürüb ölkədən qaçar. Vəziyyət bu qədər ciddidir".

Qaynaq onu da deyib ki, ümumiyyətlə, hazırda hakimiyyətdə təmsil olunan imkanlı orta ranqlı məmurlar, arxasında güclü klanın dayanmadığı iş adamları özlərinin mal-mülkünü və həyatlarını təhlükədə hiss edirlər. İstənilən an onların əmlaklarına əl qoyula, özləri isə həbs oluna bilər. Mənbənin iddiasına görə, hakimiyyətdəki orta ranqlı məmurlar, oliqarxlarla müqayisədə daha az mal-mülkə sahib olan şəxslər indiki vəziyyəti “böyük balıqların balaca balıqları yeməsi”nə bənzədirlər və səksəkə içərisində “udulacaqları” günü gözləyirlər.

Mövzu ilə bağlı adları çəkilən hər kəsin mövqeyini işıqlandırmağa hazırıq.


Geri qayıt