Əsas Səhifə > Siyasət, Manşet > TOFİQ ZEYNALOV ŞİKAYƏTÇİLƏRDƏN NİYƏ QAÇIR?
TOFİQ ZEYNALOV ŞİKAYƏTÇİLƏRDƏN NİYƏ QAÇIR?30-07-2013, 13:07 |
ÇARƏSİZ TOVUZLULAR DƏRDLƏRİNİ SÖYLƏMƏYƏ ÜNVAN TAPA BİLMİRLƏR DİA.AZ: - «Tovuz rayonunda sosial durum acınacaqlı həddədir. Kimə şikayət ediriksə, səsimizi dinləyən yoxdur. İcra başçısı Tofiq Zeynalov isə o qədər arxalıdır ki, hətta mətbuatda da bizi eşitmirlər». Bu sözlər DİA.AZ-a daxil olan bir qrup tovuzlunun şikayət məktubundadır. Şikayətçilər bildirir ki, onlar aylardır icra başçısının qəbuluna düşməyə çalışsalar da, buna nail ola bilmirlər: «Əslində bizim problemlərimiz başçıya məlumdur. Hərəmizin bir dərdi var. Kimi sosial yardımla bağlıdır, kimi torpaq haqqının bərpasını istəyir, kimi də övladının qanunsuz həbsindən şikayətçidir və s. Amma başçı ilə görüşə bilmirik. Elə bil Tofiq Zeynalov padşahdır». Sakinlərin məktubunda deyilir ki, onlar problemlərilə bağlı əlaqədar təşkilatlara müraciət etsələr də, hər dəfəsində şikayətləri geriyə - icra başçısının üstünə qaytarılıb: «Tamam, problem yerində həll olunmalıdırsa, nədən başçı bizdən qaçır? Hansı qəzetə üz tuturuqsa, başçı ilə dost olduğunu bildirir. Bəs, biz qara camaatın dostu yoxdurmu?» Onu da bildirək ki, Tofiq Zeynalov Dövlət Baş Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun doğmaca qardaşıdır. Görünür, başçıdan edilən şikayətlərin səmərəsizliyi də bununla əlaqədardır. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |