Əsas Səhifə > Partiya > İQTİDAR MÜXALİFƏTDƏN QORXUR?

İQTİDAR MÜXALİFƏTDƏN QORXUR?


29-12-2011, 12:19
İQTİDAR MÜXALİFƏTDƏN QORXUR?

O ZAMAN DÜŞƏRGƏLƏR NƏDƏN DİALOQ MASASINA OTURMUR?

Son zamanlar iqtidar-müxalifət dialoqu ilə bağlı müxtəlif çağırışlar səsləndirilir. Sonuncu belə çağırışı ötən həftə Milli Məclisin deputatı Vahid Əhmədov edib və o, Azərbaycanı qorumaq üçün birləşməyin vacib olduğunu vurğulayıb. Millət vəkili iqtidarla müxalifətin dialoqunun vaxtının artıq yetişdiyini bildirib. İqtidar-müxalifət dialoqu ilə bağlı çağırışlara, təkliflərə baxmayaraq indiyə qədər bu istiqamətdə real nəticə əldə olunmayıb. Azərbaycan iqtidarı ilə müxalifəti niyə dialoqa gələ bilmir? Burada günahkar kimdir?

Modern.az-ın əməkdaşı suala müxtəlif adamlarından cavab öyrənməyə çalışıb.

Politoloq Eldar Namazov düşünür ki, iqtidarla müxalifətin bir araya gələ bilməməsinin səbəbi cəmiyyətə aydındır.

“Ona görə ki, hakimiyyət nümayəndələri müxalifətlə dialoqun tərəfdarı olmadıqlarını gizlətmirlər. Və təkcə müxalifətlə deyil, vətəndaş cəmiyyəti ilə də dialoqa çıxmağa o qədər meyl göstərmirlər”.

Siyasi partiyalar, ictimai qurumlar, ziyalıların daim belə dialoqu təklif etdiklərini deyən E.Namazovun sözlərinə görə, o da bu prosesin nəhayət başlamasını aruzlayır. “Amma təəsüflər olsun ki, hakimiyyətin mövqeyində hələlik heç bir dəyişiklik yoxdur”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev artıq uzun illərdir ki, müxalifətlə iqtidar arasında real dialoq faktını görmədiyini deyir.

“Baxmayaraq ki, müxtəlif səviyyədə, daha çox beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in vasitəçiliyi ilə görüşlər olur, lakin hamısı səmərəsiz nəticələnir. Çünki bu danışıqlar real səlahiyyətlərə malik insanlar arasında aparılmır. İincisi, müxalifətlə iqtidar arasında qarşılıqlı anlaşma ortada yoxdur”.

Arif Əliyev hesab edir ki, dialoqun alınmamasına səbəb iqtidarın bundan çəkinməsidir.

“Çünki dəfələlərlə şahidi olmuşuq ki, müxalifət haqqında kütləvi şəkildə onu kiçildən, daim zəif kimi qiymətləndirən çıxışları olub.

İqtidar müxalifəti zəif hesab etdiyi və ona üstdən aşağı baxdığı üçün real məsələlərdə, məsələn Dağlıq Qarabağ, siyasi islahatlar, ölkənin daxili iqtisadi potensialının, xüsusilə daxili istehsalın yüksəldilməsi və s. istiqamətlərdə vacib problemləri onun müzakirə etməyə və təkliflərini nəzərə almağa heç həvəs də göstərmir. Müxalifətin “Yol xərətəsi” adlı təklifini xatırlatmaq istərdim. Hakimiyyət bu sənədi nə qədər utopik, zəif hesab etmiş olsa da, burada yəqinki müzakirə obyekti kimi seçilə biləcək bir neçə bənd tapa bilərdi və bunun üzərində müzakirə apara bilərdi”.

Arif Əliyev hesab edir ki, ilk növbədə cəmiyyətdəki mövcud düşmənçilik atmosferi, digər qüvvələrə yuxarıdan aşağı baxmaq, onları zəif hesab etmək və səsini hesaba almamaq real dialoqa mane olan əsas səbəblərdir.

Xalq artisti Mənsum İbrahimov siyasətlə məşğul olmadığını deyərək bu barədə fikir yürütməkdə çətinlik çəkdiyini qeyd edib.

“Ancaq bütün müsahibələrimdə hər zaman deyirəm ki, 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi günüdür və gəlin həmin gün hamımız həmrəy olub, bütün dünyaya gücümüzü göstərək”.

İqtisadçı Vüqar Bayramov düşünür ki, nəinki iqtidarla müxalifət arasında, ümumiyyətlə ölkədə bir-birinə qarşı olan və ya bir-biri ilə baxışları üst-üstə düşməyən bütün qüvvələrin dialoqa gəlməsi vacibdir.

“Azərbaycanın coğrafi mövqeyi elədir ki, bütün hallarda, hətta ölkənin stabil, o cümlədən müxalifətin piketlərinin ehtiyacının az olduğu dövrlərdə belə, dialoqun olması olduca vacibdir. Çünki ölkələrin inkişaf tarixi göstərir ki, müxalifət və ya digər qurumlar institut kimi formalaşmalıdır. Bu zəif və ya güclü də ola bilər. Ancaq müxalifət siyasi arenada bütün dünyada qəbul edilən institutulardan biridir”.

Müxalifətlə iqtidarın dialoqa hazırda gələ bilməməsi və ya müxtəlif məsələ üzərində vahid mövqe nümayiş etdirməməsini iqtisadçı iki tərəf arasında kifayət qədər böyük uçurumların olması ilə əlaqələndirir.

“Çox təəsüf ki, müxtəlif vaxtlarda iki tərəf arasında körpülərin yandırılması müşahidə olunur və bu, imkan vermir ki, müxalifətlə iqtidar bir araya gəlsin”-deyə müsahibimiz vurğulayıb.

“İqtidarın rəsmi arqumenti onun güclü və müxalifətin zəif olması ilə bağlıdır. Müxalifət isə belə görünür diaoloqda maraqlıdır, amma müxalifətin də şərtləri bəzi hallarda kifayət qədər ağır olur. Dialoqla həm iqtidar, həm də müxalifət tərəfdən müxtəlif dövrlərdə təkliflər irəli sürüb. Mən o təkliflərin bir qismi ilə tanışam. Xüsusən müxalifətin dialoqla bağlı təklifləri yumşaq olmalıdır”.

V.Bayramov bildirib ki, dialoqun alına bilməməsinin səbəbi burada kifayət qədər ağır şərtlərin və təkliflərin qoyulmasıdır.

“Çox təəsüf ki, bəzi hallarda dialoqla bağlı şərtlərdə hər iki tərəf sonda görmək istədiyini daha tez görməyə çalışır.

Əslində birinci mərhələ dialoqun alınmasıdır. Xüsusən birinci mərhələdə müxalifətin şərtləri kifayət qədər yüngül olmalıdır. Bu şərtlər elə olmalıdır ki, məhz dialoq üçün zəmin yaratsın və iqtidar bu dialoqa gəlsin. O baxımdan hər iki tərəf çalışmalıdır ki, körpüləri yandırmasın. Söhbərt Azərbaycanın taleyi ilə bağlı məsələlərin dialoqundan gedir və bu dialoq iqtidarın və ya müxalifətin buna ehtiyacı olduğu zamanlarda deyil, bütün hallarda gündəmdə olmalıdır”.

V.bayramovun sözlərinə görə, dialoqun baş tutması üçün tərəflərin maksimalist düşünməkdən çəkinməsi lazımdır. Çünki tərəflərin maksimalist düşünməsi məhz bu tip dialoqların yaranmasına imkan vermir.


Geri qayıt