Əsas Səhifə > Gündəm, Manşet > ZİYA MƏMMƏDOV BÜDCƏNİ TALAN EDİB

ZİYA MƏMMƏDOV BÜDCƏNİ TALAN EDİB


29-12-2011, 12:07
ZİYA MƏMMƏDOV BÜDCƏNİ TALAN EDİB

NAZİR NƏQLİYYAT SEKTORUNA AYRILAN PULLARIN YARIDAN ÇOXUNU MƏNİMSƏYİB

DİA.AZ: - Nəqliyyat Naziri Ziya Məmmədovun yeni maxinasiyası ortaya çıxıb. Nəqliyyat Nazirliyi dövlət büdcəsindən nəqliyyat sektoruna ayrılan pulların 60 faizini mənimsəyib. Nazirlik təkcə avtobus biznesindən fantastik dərəcədə gəlir əldə edib. Araşdırmalar zamanı məlum olub ki, xaricdən Azərbaycana avtobuslar gətirilərkən onların qiyməti şişirdilib.

İddia olunur ki, Bakıya gətirilən avtobuslara ən azı 100 min dollar xərclənir. Amma gömrük qeydlərində həmin avtobusların qiyməti olduqca aşağı göstərilib. Əldə etdiyimiz xəbərə görə, 250 min dollara olduğu iddia edilən avtobuslar gömrükdən cəmi 35 minə qeydiyyatdan keçirilib. 100 mindən baha olduğu deyilən avtobuslar isə sənədlərdə 39 min dollara göstərilib.

İqtisadçılar isə hesab edirlər ki, gömrük sənədləri olmadan belə, bu prosesdə kifayət qədər korrupsiya elementləri mövcuddur. Maraqlıdır ki, nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə açıqlamasında deyib ki, hökumət xəttilə təxminən 280 avtobus gətirilib. Dövlət büdcəsinin xərc hissəsində Nəqliyyat Nazirliyinə avtobusların və nəqliyyat üçün ehtiyat hissələrinin alınmasına 27 milyon manat vəsait ayrılıb.

Hökumətin hazırladığı hesabatda isə iritutumlu avtobusların dövlət büdcəsindən ayrılmış 22 milyon manat vəsait hesabına alındığı qeyd olunur. Bir illik dövrü əhatə edən sənədlərdə nəqliyyat sektoruna ayrılmış vəsaitlərlə bağlı ayrı-ayrı rəqəmlərə rast gəlinir. Ortadakı 5 milyon manatlıq fərqi isə avtobus biznesində külli-miqdarda yeyintidən xəbər verir. Hətta avtobusların sayı ilə bağlı göstərilən rəqəmlər də üst-üstə düşmür.

Hökumətin hesabatında 140-a yaxın iritutumlu avtobus, nazir müavini isə 280 avtobus alındığını deyir. Avtobusların markalarına gəlincə, alış qiymətlərini araşdırarkən maraqlı faktlar ortaya çıxıb. Bu günə kimi ölkəyə əsasən «MAN», «MAZ» və Koreya istehsalı olan «DAEWOO» markalı avtobuslar gətirilib. Onlardan ən bahalısı «MAN» avtobusları sayılır. rəsmi sənədlərdə bu markalı avtobusların alış qiyməti 200-250 min dollar göstərilir.

Amma «MAN»ın Rusiyadakı nümayəndəliyinin internet saytında bu avtobusların 120-140 min avro arasında olduğu göstərilib. Bu da təxminən 190-210 min dollar edir. Bizimkilər isə «MAN» avtobuslarının 240-250 min dollara alındığını iddia edirlər.

«DAEWOO» markalı iritutumlu avtobusların biri isə 156 min dollardır. Ancaq «aewoobus.co.kr» saytında qeyd olunur ki, 300 ədəd avtobusun alınması ilə bağlı Azərbaycan hökuməti ilə Koreya zavodu arasında tamamilə fərqli şərtlərlə saziş imzalanıb. Bu sazişə əsasən, Koreya tərəfi Azərbaycanı nəinki ucuz avtobuslarla, həm də onların təmiri üçün lazım olan avadanlıqla təchiz edəcək.

«Daewoo international» şirkəti ilə Azərbaycanın «Transgeyt» şirkəti arasında ötən ilin oktyabrında saziş imzalanıb. Bu müqaviləyə əsasən, Bakıya ümumi qiyməti 120 milyon dollar olan min avtobus göndəriləcək. Amma «Korea herald» informasiya agentliyi eyni saziş üçün tamamilə başqa bir məbləğ göstərir. Bu agentliyin bülletenində min avtobusa 60 milyon dollar ödəniləcəyi bildirilib. rəqəmlərdəki ziddiyyətlər gömrük göstəricilərində də əks olunur. Gömrük sənədlərinə görə, ötən il Koreyadan 276 ədəd avtobus gətirilib və onlara 13 milyon 567 min 600 dollar xərc çəkilib.

Yəni, hərəsi təxminən 49 min dollara. Halbuki, Ziya Məmmədovun nazirlikdəki «əsabələri» Koreyadan gətirilən avtobuslar üçün azı 100 min dollar ödənildiyini deyirlər. Avtobus biznesindəki növbəti maxinasiya onları gətirən şirkətlərlə bağlıdır. Nəqliyyat Nazirliyinin rəsmiləri iddia edirlər ki, avtobusların yalnız bir hissəsi dövlət vəsaiti hesabına gətirilir.

Həmin nəqliyyat vasitələrinin bir hissəsini isə ölkəyə ayrı-ayrı özəl şirkətlər gətirir. «Nihad motors», «Transqeyt», «Saf» LTD, «Çinarlı» MMC, «Gəncəli» MMC kimi şirkətlər tərəfindən Azərbaycana müxtəlif ölçülü avtobuslar gətirilib. Ancaq bu da sirr deyil ki, adıçəkilən şirkətlər Ziya Məmmədovun «biznes səltənəti»nə daxildir.


Geri qayıt