Əsas Səhifə > Partiya > RƏŞİD HACILI PREZİDENTİN TƏSDİQLƏDİYİ PLANI “DEKLARATİV” ADLANDIRDI
RƏŞİD HACILI PREZİDENTİN TƏSDİQLƏDİYİ PLANI “DEKLARATİV” ADLANDIRDI28-12-2011, 18:27 |
“BU, TƏBLİĞAT ADDIMINA BƏNZƏYİR” Media Hüquqları İnstitutunun (MHİ) direktoru Rəşid Hacılı prezident İlham Əliyevin dünən təsdiq etdiyi İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması üzrə Milli Fəaliyyət Planını skeptik qiymətləndirib. “Proqram adlandırılan sənəd ciddi fəaliyyət planından daha çox deklarativ, təbliğat addımına bənzəyir”, deyə Hacılı Turanın müxbiri ilə söhbətində bildirib. Proqram dəqiq icra mexanizmi göstərilməyən tədbirlər yığınıdır. Bundan başqa, proqramda qəbul edilmiş qanunlara uyğun olaraq çoxdan həyata keçirilməli olan bəndlər əksini tapıb. Xüsusən, 2005-ci ildə qəbul edilmiş “İnformasiya əldə edilməsi haqqında” qanuna uyğun olaraq, vətəndaşlara bu hüquqi aktdan irəli gələn hüquqlarının izah edilməsi üzrə maarifləndirmə işi aparılması nəzərdə tutulurdu. Lakin 6 il ərzində bu sahədə heç bir iş görülməyib. Vətəndaşlara hüquqlarını izah edən heç bir sosial reklam olmayıb. Bundan başqa, Hacılı qeyd edib ki, qanunvericilikdə və Azərbaycanın beynəlxalq öhdəliklərində onsuz da nəzərdə tutulan və həyata keçirilməli olan maddələr proqrama köçürülüb. Söhbət qanunvericilik aktlarının Konstitusiyaya və beynəlxalq hüquqi sənədlərə uyğunlaşdırılmasından gedir. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin tələblərinə əsasən (ifadə azadlığı) diffamasiyaya görə cinayət məsuliyyətinin ləğv edilməsi haqqında qanunun qəbulu zərurətinin göz önündə olmasına baxmayaraq, proqramda prezident administrasiyasına bu məsələ ilə bağlı təkliflər hazırlamaq tapşırığı yer alıb. “Hazır qanun layihəsi olduğu halda daha hansı təkliflər hazırlanmalıdır? Bu bəndin proqrama daxil edilməsi isə açıq-aşkar bu qanunun qəbulunu daha da gecikdirmək məqsədi güdür”, Hacılı belə hesab edir. Onun fikrincə, bu sənədin müəyyən müsbət nəticələri olacaq, amma əsaslı dəyişikliklər gözləməyə dəyməz. Qanunvericilik onsuz da insan hüquq və azadlıqlarına geniş şəkildə zəmanət verir, lakin problem onların tətbiqindədir. Məsələn, Konstitusiya və qanun toplaşmaq azadlığına zəmanət verir, amma hakimiyyət ona əməl etmir və siyasi iradə olmadan heç bir “fəaliyyət planı” ilə problemi həll edə bilməz. Hacılı xatırladıb ki, əvvəllər də insan hüquqları sahəsində belə dövlət proqramları qəbul edilirdi, lakin onlar elə kağız üzərindəcə qaldı. Geri qayıt |