Əsas Səhifə > Güney Press / Manşet > NƏQLİYYAT NAZİRLİYİNİN BAYRAM NƏZİRİ

NƏQLİYYAT NAZİRLİYİNİN BAYRAM NƏZİRİ


28-12-2011, 16:24
NƏQLİYYAT NAZİRLİYİNİN BAYRAM NƏZİRİ

VAĞZALLARDAKI “SEZONNI” BİLET BİZNESİNDƏ KİMLƏR MARAQLIDIR?

DİA.AZ: - Hər il bayramqabağı insanların rayonlara axını müşahidə olunur. Kimi ailəsini, kimi qohumlarını, kimi dünyasını dəyişmiş əzizlərinin qəbrini ziyarət etmək üçün, kimi də sadəcə, istirahət məqsədilə paytaxtı bir neçə günlüyə tərk edir. Elə bu səbəbdən də avtobus və qatarların qiymətində süni artım müşahidə olunur. Bəzən hətta bilet tağmaq da müşkül məsələyə çevrilir.

Hər bayram öncəsi eyni avtovağzallarda eyni mənzərə müşahidə olunur. Əgər adi günlərdə sərnişinlərin sayı 5-6 min olurdusa, bayrama yaxın bu say 2-3 dəfə artır. Sərnişin bolluğundan istifadə edən vağzal rəhbərləri də qiymətləri süni şəkildə qaldırır. Çünki ailəsi rayonda, özü isə burada işləyən və təhsil alanların sayı çoxdu. Əlacsız qalan belə insanlar, qiymətlər hər nə olursa, olsun, onsuz da həmin bileti almaq məcburiyyətində qalacaqlar. Bəzən isə ümumiyyətlə, bilet tapmaq mümkün olmur. Belə halda artıq sərnişinləri qiymət belə maraqlandırmır. Vəziyyətin bu həddə çatdığını görən rəhbərlik qiymətləri daha da artırmağı unutmur. Sanki biletlər auksiona çıxarılır. Hətta kimlərəsə "axşam gəl" deyilərək, ayrıca qiymətlər "oxunur".

Avropa ölkələrində bayram günlərində kampaniya olur və qiymətlərdə endirim edilir. Bizdə isə, vağzal rəhbərlikləri fürsəti əldən vermək istəmirlər. Ona görə də məsələn, adi günlərdə əgər Gəncəyə getmək 7 manatdırsa, bayramqabağı olur 10 manat, Ucara 5 manat olan bilet də iki qat qalxır və s. Bu avtobuslara olan biletlərin qiyməti idi. "FORD" markalı maşınlarda isə vəziyyət daha da qəlizdir. Ən aşağı qiymət 20 AZN-dir. Nəticədə evinə getmək istəyən sərnişinlər soyulub buraxılır.

Bu insanları açıq şəkildə soymaq, onları ələ salmaqdır. Vətəndaşlar vəziyyətdən şikayətlənərək söyləyirlər ki, bayram günlərində vağzal rəhbərləri yoxa çıxır, sürücülər də deyir ki, özün bil, istəmirsən getmə. Ancaq adi günlərdə yalvarırlar. Bu səbəbdən də insanların əksəriyyəti artıq getmək fikrindən daşınır. Bayramı əzizləri ilə deyil, paytaxtda keçirmək məcburiyyətində qalır.

Digər bir məsələ isə odur ki, gedəndə güclə bilet tapan insanlar, sonra da başqa bir problem ilə üzləşirlər. Belə ki, müəyyən müddətlik işdən icazə alanlar, tətil bitən kimi məktəb və universitetə getməli olanlar çox vaxt getdikləri rayondan vaxtında qayıda bilmirlər. Artıq burda qiymət yox, bilet çatışmazlığı əsas problemli məsələyə çevrilir. Məcbur olub özəl maşınlarla geri qayıtmalı olurlar. Görəsən, bu, bayramdan sonra da belə olacaq? Təkcə fərdi şəkildə yaxınları ilə bayramlaşmağa gedən insanın yola xəclədiyi pul ən aşağısı 20 manat təşkil edirsə, ailəvi gedənlərin vəziyyətindən heç danışılası da deyil. Bir sözlə bayram mövsümündə rayona üz tutan hər bir vətəndaş nəqliyyat nazirliyinə sanki nəzir verir…


Geri qayıt