Əsas Səhifə > Siyasət, Manşet > İSGƏNDƏROVLAR NABRAN FACİƏSİNİ BELƏ YOZURLAR

İSGƏNDƏROVLAR NABRAN FACİƏSİNİ BELƏ YOZURLAR


26-07-2013, 10:23
İSGƏNDƏROVLAR NABRAN FACİƏSİNİ BELƏ YOZURLAR
ONLAR BALACA İMRANIN ATASINI GÜNAHKAR ÇIXARMAQ İSTƏYİRLƏR

DİA.AZ: - Hamının böyük təlaşla qarşıladığı Nabrandakı «Nabran Holiday Village»dəki faciəli olayın ardından sözügedən istirahət mərkəzinin fəaliyyətinə qadağanın qoulmasına müxtəlif cür reaksiyalar verilməkdədir.

Xatırladaq ki, 2 yaşlı İmran Cəfərzadənin ağır xəsarət aldığı “Nabran Holiday Village” istirahət mərkəzinin sahibinin kimliyi bəllidir. Bu şəxs sabiq millət vəkili Nizami İsgəndərovdur. Məlumata görə, N.İsgəndərov “Nabran Holiday Village” istirahət mərkəzini icarəyə veribmiş. Amma özgələrinə yox, elə özünə yaxın qohumlarına.

Qeyd edək ki, "Nabran Holiday Village” istirahət mərkəzi "CTF" firması tərəfindən icarəyə verilib və "CTF" firmasının təsisçisi və rəhbəri də məhz N.İsgəndərovdur.

Xatırladaq ki, İmran Cəfərzadə atası ilə birlikdə iyulun 21-də saat 12:30 radələrində istirahət etdikləri mərkəzin ərazisindəki hovuzun içərisində suda olarkən hovuzun yaxınlığında quraşdırılmış “Akvapark” adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi açılıb. Cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb. Hazırda iş üzrə istintaq davam etdirilir.

Onu da bildirək ki, N.İsgəndərov "Unvermaq Zaman" adı ilə məşhur olan Zaman İsgəndərovun oğludur. O, 2005-2010-cu illərdə Sumqayıt şəhərindən Milli Məclisin deputatı olub. Növbəti seçkilərdə iştirak etməyən Nizami İsgəndərov çox qısa müdət ərzində spiker Oqtay Əsədovun köməkçisi vəzifəsində də çalışıb.

DİA.AZ-ın əldə etdiyi informasiyalardan aydın olur ki, baş verənlərlə bağlı əks tərəf kimi İsgəndərovlar da izahatlarını veriblər. Amma maraqlıdır ki, onlar İmran Cəfərzadənin atasını və qohumlarını şərləməyə çalışıblar. Onlar əks tərəf kimi iddia ediblər ki, İmran Cəfərzadənin böyüklər üçün nəzərdə tutulan hovuzda çimməsi məhz atasının guya ki, istirahət mərkəzinin əməkdaşlarının israrlı xəbərdarlıqlarını qulaqardına vurmasının nəticəsidir.

Mənbənin söylədikləri: «Onlar ifadələrində göstəriblər ki, guya istirahət mərkəzinin işçiləri atasına xəbərdarlıq ediblər ki, azyaşlı uşağı həmin hovuzda çimizdirmək olmaz. Atası isə bu zaman pivə içirmiş və xəbərdarlıqları qulaqardına vurub».

Hər halda, İsgəndərovların və istirahət mərkəzi əməkdaşlarının verdiyi izahat belədir. Amma ən dəhşətlisi isə orasıdır ki, onlar həm də hovuzun «akvapark» adlanan qurğusunun qarşısında olmalı olan dəmir örtüyün də məhz İmran Cəfərzadənin atası tərəfindən çıxarıldığını iddia ediblər: «Onlar belə bir iddianı istintaqa da söyləyiblər ki, guya İmran Cəfərzadənin atası həmin dəmir örtüyü ayağının altına qoyaraq pivə içirmiş. Hər halda, belə bir yalanın danışılması belə İsgəndərovların durumunu yaxşılaşdırmayacaq».

Mənbə əlavə edir ki, İsgəndərovlar sonradan İmran Cəfərzadənin xərclərini öz üzərinə götürmək istədiklərini bildiriblər: «Bu təklifin hansı formada qəbul olunduğu məlum deyil. Amma onlarla bağlı hüquqi tədbirlərin davamı olacaq».

Geri qayıt