Əsas Səhifə > Ölkə, Manşet > GƏLƏN İL NƏLƏR BAŞ VERƏCƏK?

GƏLƏN İL NƏLƏR BAŞ VERƏCƏK?


28-12-2011, 13:12
GƏLƏN İL NƏLƏR BAŞ VERƏCƏK?

HAKİMİYYƏT STRUKTUR İSLAHATLARINA TƏDARÜK GÖRÜR

DİA.AZ: - Neçə müddətdir ki, hakimiyyətin struktur islahatlarına tədarük görməsi barədə məlumatlar yayılsa da, bu yöndə elə bir ciddi addımlar müşahidə olunmur. Doğrudur, bu vaxta qədər müəyyən dəyişikliklər həyata keçirilib, amma atılan addımların fundamental xarakter daşımaması hələ də 2007-ci ildə Azərbaycan dövlətinin Dünya Bankı qarşısında götürdüyü öhdəliyin yerinə yetirilmədiyi barədə təəsürat yaratmaqdadır.

Xatırladaq ki, qeyd olunan tarix rəsmi Bakının struktur islahatları ilə bağlı öhdəliyinin son icra müddəti olsa da, ayrılan vəsaiti təyinatı üzərə xərclənmədiyi haqda qənaətlər yaratdı.

Və məlum oldu ki, sonradan Dünya Bankının ekspertləri tərəfindən Azərbaycan hakimiyyətinə çox ciddi iradlar səsləndirildi. Bu barədə yayılan məlumatlarda o da qeyd olunurdu ki, rəsmi Bakı 2012-ci ildə vəd etdiyi islahatların icrasına qərarlıdır.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına hökumət içindəki qaynaqlardan ötürülən xəbərdə bildirilir ki, gələn ilin əvvəllərindən etibarən bir sıra samballı addımların atılması planlaşdırılır: «Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinə birləşdirilməsi üçün müvafiq hüquqi bazanın yaradılması yönündə iş gedir. Eyni zamanda Xüsusi Dövlət Mühafizə İdarəsinin də Milli Təhlükəsizlik Nazirliyinə birləşdirilməsi planlaşdırılır».

Mənbəmiz iddia edir ki, hər iki dövlət qurumunun nazirliklərə birləşdirilməsi hakimiyyətin müəyyən qanadlarının narazılıqlarına səbəb olsa da, bu addımların atılması yolunda verilən qərar qətidir: «Birbaşa olaraq bu məsələdə prezidentin də maraqlı olduğu məlum olduğundan hansısa iç qruplaşmanın müqaviməti yetərli hesab oluna bilməz».

Məlumatlı mənbə redaksiyamıza onu da bildirdi ki, eyni zamanda Bakı meriyasının və yaxud da Bakı Böyük şəhər Bələdiyyəsinin yaradılması ideyası da hökumət tərəfindən ciddi şəkildə müzakirə olunur: «Məlumdur ki, beynəlxalq qurumların Azərbaycan iqtidarına tutduğu iradlardan biri də Bakı meriyasının yaradılması ilə bağlıdır. Amma buna baxmayaraq hələ də bu yöndə elə bir ciddi addım atılmayıb».

Verilən xəbərlərə görə, gələn ilin ortalarında bu istiqamətdə də ciddi addımlar atılacaq: «Ola bilsin ki, gələn il parlamentin payız sessiyasında Bakı meriyasının yaradılması məsələsi deputatların müzakirəsinə buraxılsın. Prezident seçkilərinə qədərsə bu məsələ tam olaraq həllini tapacaq».

Bütün bu addımların hələ qabaqcadan planlaşdırıldığını bildiən mənbəmiz vurğuladı ki, rəsmi Bakı neçə müddətdir beynəlxalq təşkilatlarla danışıqlar masasına oturub: «Bu danışıqlar bitmək üzərədir. Artıq YAP hakimiyyəti bir xeyli məsələ ilə bağlı qaldırılan problemin həllinə müsbət cavab verib».


Geri qayıt