Əsas Səhifə > Gündəm, Manşet > SDU-NUN REKTORU HANSI YOLLA VARİDAT TOPLAYIR
SDU-NUN REKTORU HANSI YOLLA VARİDAT TOPLAYIR25-07-2013, 10:24 |
UNİVERSİTET ƏRAZİSİNDƏ OBYEKTLƏR TİKƏN REKTORLA BAĞLI ŞOK FAKTLAR DİA.AZ: - Redaksiyamızın elektron poçtuna Sumqayıt Dövlət Universitetində (SDU) fəaliyyət göstərən “Rüşvətsiz Təhsil” tələbə hərəkatının fəalları tərəfindən göndərilmiş yeni məlumatlar daxil olmuşdur. Qeyd edək ki, biz əvvəlki materiallarda da bu təşkilatın yaranma səbəbləri və fəaliyyəti barədə müəyyən qədər məlumat vermişdik. Bu xüsusda qeyd olunmuşdu ki, SDU-da yer almış çoxsaylı problemlər tələbələri bir müddət əvvəl əsil gizli təşkilat yaratmağa sövq edib. Bu tələbələrin tək dərdi isə təhsil aldıqları ali məktəbi nə vaxtsa rüşvət və korrupsiya buxovlarından azad olmuş görməkdir. Sumqayıt Dövlət Universitetində gedən proseslər isə artıq xeyli müddətdir ki, ölkənin bir çox informasiya vasitələri tərəfindən diqqətlə izlənilir. Bir tərəfdən SDU-da yer almış “adi” korrupsiya halları, digər tərəfdən isə universitet daxilində aparılan intriqalar baş verənlərin müzakirələrə çıxarılması ilə yanaşı, müəyyən məqamların araşdırılmasını da maraqlı edir. “Rüşvətsiz Təhsil” tələbə hərəkatının fəalları tərəfindən DİA.AZ-a göndərilmiş yeni məlumatlar isə SDU-nun rektoru Nadir Qəhrəmanov tərəfindən universitetin ərazisinin bir hissəsinin zəbt olunması və bu ərazidə hündür mərtəbəli binanın inşasına dairdir. Beləliklə, məktubda bildirilir: “Nadir Qəhrəmanov Universitetin həyətində hasarı geri cəkdirərək, bu ərazidə iki bloklu, hündür mərtəbəli bina tikdirib. Binanın 1-ci mərtəbəsində, 793 kv.m. qeyri-yaşayış sahəsində müxtəlif kommersiya-ticarət obyektləri yaradıb. Bundan başqa rektor həmin ərazidə ayrıca 2 mərtəbəli Ticarət mərkəzi tikdirirdi. Məlumatlara görə onun yarımçıq qalan inşasına tələb olunan 40 min manat vəsait də universitetin hesabından ödənilib. Lakin sonradan həmin tikinti dayandırılıb və hətta hazır olan hissə də sökülüb. Ticarət mərkəzi üçün ayrılmış yerdə isə 30-dan çox fərdi qaraj tikilərək satılıb. Yeni tikilən hündür binanın əksər mənzilləri də rektor və onun yaxın ətrafı üçün nəzərdə tutulub. Belə ki, 1-ci blokda 1900,4 kv.m, 2-cü blokda isə 480,4 kv.m və 424,4 kv.m sahəli mənzillər rektor tərəfindən özününküləşdirilib. Nadir Qəhrəmanov bu mənzillərdən bir qismini qohumlarının və yaxınlarının adına rəsmiləşdirib. Məsələn, 1-ci blokda 12 saylı mənzili öz adına, 11 saylı mənzili isə BDU-da tələbəsi olmuş və özü ilə Sumqayıta gətirdiyi, indi isə ümümi şöbənin müdiri, Umumi Fizika kafedrasının dosenti Sevil xanımın adına sənədləşdirib. 17 saylı mənzili Nadir Qəhrəmanov öz yaxın qohumu, prorektor Əkbər Ağayevə verib. Qeyd edək ki, bu prorektor imtahanlardan yığılan pullara nəzarət edir. 13 və 14 saylı mənzillər isə rektorun qardaşları Rəşid və Polada məxsusdurlar. Rektor sabiq katibəsi Nelli xanımı da unutmayıb. Həmin blokda 16 saylı mənzili də ona verib. Hətta onun üçün bir şöbə də acıb və Nelli xanımı bu şöbəyə müdir təyin edib. İndi o, Türkiyədə magistraturada oxusa da burda rektorun köməkçisi kimi hər ay maaş alır. Bu qız ona görə Türkiyədə oxuyur ki, burda mümkün deyil. Nelli xanım katibə olandan sonra, bu universitetin iqtisadiyyat fakultəsinə testdən kənar qəbul olub və buranı bitirib. Qeyd edək ki, rektorun oğlu Emin, qızı Könül, qardaşlarının övladları və digərləri də bu binada yaşayır və bu universitetdə işləyirlər. Məlumata görə oğlu Emin Qəhrəmanov maşın kolleksiya edir və moskvada 5 milyonluq ev alıb. Digər məlumata görə Bakıda ATV-nin yaxınlığında hündürmərtəbəli bir binada Nadir Qəhrəmanov 20 mənzil alıb. Qəribədir ki, Saray qəsəbəsində “Yetər” şadlıq evinə, restoranlar şəbəkəsinə, çoxsaylı villalara, ticarət obyektlərinə, Yeni Sarayda çoxsaylı villalara və torpaq sahələrinə, ticarət obyektlərinə, Bakıda “Afaq” modalar evinə və 44-dən çox kommersiya obyektinə malik olan bu rektordan soruşan yoxdur ki, bütün bunları necə əldə etmisən? Məlum olduğu kimi Şəhər prokurorunun yaxın qohumu Nemət müəllim burda işləyir. Bəzi mənbələr iddia edirlər ki, məhz bu məqam Nadir Qəhrəmanovu bir çox xoşagəlməz vəziyyətlərdən sığortalayan amil kimi çıxış edir. Yeni məlumatlarımızı gözləyin.” Qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |