Əsas Səhifə > Partiya > ZİYALILARDAN GƏNCLƏRƏ DƏSTƏK

ZİYALILARDAN GƏNCLƏRƏ DƏSTƏK


28-12-2011, 12:10
ZİYALILARDAN GƏNCLƏRƏ DƏSTƏK

FORUMDA GƏNC NƏSLİN PROBLEMLƏRİ MÜZAKİRƏ OLUNACAQ

“Ziyalılar Forumunun növbəti toplantısının keçirləcəyi yer və mövzu müəyyənləşib. Belə ki, dekabrın 29-u saat 15:00-da “Hyatt Regency” otelində keçiriləcək toplantı gənclərə həsr olunacaq”. Bunu Modern.az saytına açıqlamasında Ziyalılar Forumunun rəhbərliyində təmsil olunan politoloq Eldar Namazov deyib. Onun sözlərinə görə sabahkı toplantı Ziyalılar Forumunun 2011-ci ildə son tədbiri olduğu üçün mövzu ətrafında uzun zaman müzakirələr aparılıb.

“Rüstəm İbrahimbəyovun təklifilə 2011-ci ilin son toplantısını Azərbaycan gəncliyinə həsr etməyi qərarı aldıq. Beləliklə, sabahkı iclasda gənclərin problemləri müzakirə predmeti olacaq”.

E.Namazov bu məsələ ilə bağlı artıq xüsusi məruzələrin hazırlandığını və gənclər təşkilatları arasında müəyyən sorğuların da keçirildiyini qeyd edib.

“Sorğunun nəticələri də toplantıda müzakirə predmeti olacaq və bu problemlər ətrafında həm ziyalılar, həm gənclər təşkilatlarının fəallarının maraqlı müzakirələri gözlənilir”.

2011-ci ilin son toplantısında kimlərin iştirak edəcəyini gəlincə, Eldar Namazov “foruma əvvəl iştirak edən ziyalılar və son zamanlar bizə tədbirdə iştirak üçün müraciət edən simalar dəvətlidir. Son toplantının gəncliyə həsr olunduğunu nəzərə alaraq, biz, 8 aparıcı gənclər təşkilatının fəallarını da ora dəvət etmişik. Ona görə hesab edirəm ki, maraqlı təkliflər və müzakirələr olacaq” deyə qeyd edib.

Azərbaycan Ziyalılar Forumu 2009-cu ildə yaradılıb. Qurumun missiyası ölkədə ictimai rəyin formalaşması və qərar qəbul etmə prosesinə təsiri artırmaq üçün ziyalıları toparlamaq, ölkənin sabit və davamlı inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsində Azərbaycanın vətəndaş cəmiyyətinin rolunu artırmaqdır.


Geri qayıt