Əsas Səhifə > Siyasət, Manşet > GƏLƏCƏK NƏSİLLƏR ÜÇÜN “MİRAS”

GƏLƏCƏK NƏSİLLƏR ÜÇÜN “MİRAS”


28-12-2011, 11:58
GƏLƏCƏK NƏSİLLƏR ÜÇÜN “MİRAS”

XARİCİ BORCLARIMIZ DA "DİNAMİK İNKİŞAFDADIR"

DİA.AZ: - Ölkəmizdə büdcədən maliyyələşən orqanlara, onların rəhbərləri olan ayrı-ayrı məmurlara nəzarət kifayət qədər yetərli olmadığından hər gün, hər ay yüz minlərlə, milyonlarla manat vəsait şəxsi məqsədlər üçün sərf edilir, oliqarxlar tərəfindən mənimsənilir, oğurlanır. Ekspertlər bildirirlər ki, Azərbaycanda fəaliyyət göstərən bütün orqanlarda maliyyə-hesabat işi şəffaf olsa, bu, büdcəyə milyonlarla manat əlavə vəsaitin daxil olması deməkdir.

Aylıq maaşı 1250-1500 olduğu halda qiyməti 200-250 min manat təşkil edən bahalı avtomobillərdə gəzən, 800 min manat - 1 milyon manatlıq imarətlərdə, villalarda yaşayan bəzi icra başçılarından, deputatlardan, nazirlərdən hesab sorulsa, büdcədən oğurlanan milyardların kimlərin ciblərinə axması üzə çıxar. Elə buna görədir ki, 2011-ci ildə respublikamızın xarici dövlət borcu 16,5-17 faiz artaraq, 4,5 milyard dollara çatıb. Deməli, xarici borcun adambaşına düşən həcmi 500 dollardan artıqdır. Qeyd edək ki, bu, rəsmi rəqəmlər olaraq Maliyyə Nazirliyinin açıqlamasıdır.

Nazirliyin rəsmi məlumatlarına görə, ötən dövr ərzində ölkənin xarici borcunun həcmi 4512,6 milyon ABŞ dolları təşkil edib. Belə çıxır ki, cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanın xarici borcunun həcmi 655,3 milyon dollar artıb. Qeyd edək ki, 2011-ci ilin əvvəlində bu rəqəm 3857,3 milyon dollar təşkil edib.

Beləcə, 2010 və 2011-ci ildə borcumuzun həcmi 47 faiz, rəqəmlərlə ifadə etsək, 1,45 milyard dollar artıb. 1 iyul 2009-cu il tarixinə xarici dövlət borcu 3071,8 milyon dollar təşkil edib. Bununla da dövlət xarici borcunun ümumi daxili məhsulda payı 8,1 faizə yüksəlib. Yanvarın 1-i tarixinə borcun ÜDM-də xüsusi çəkisi 7,42 faiz olub.

2010-cu il yanvarın 1-də borcun həcmi 3421,8 milyon dollar və ya ÜDM-in 7,9 faizini təşkil edib. Dövlət xarici borcunun adambaşına düşən həcmi ilin əvvəlindəki 428,6 dollardan iyulun 1-nə 501,4 dollara yüksəlib.

Bütün bunlara rəğmən, bir sıra ekspertlər həyəcan siqnalı çalmağın vaxtının yetişdiyini, bu istiqamətdə əməli addımların atılmasını tövsiyə edirlər. İqtisadçı Pərviz Məmmədovun sözlərinə görə, bir sıra orqanların maliyyə-hesabat sistemində şəffaflıq prosesi daha da gücləndirilməli, yoxlamalar həyata keçirilməlidir. Lakin bununla yanaşı, narahatçılıq üçün əsas görməyənlər də var. Mütəxəssislərdən bəziləri Azərbaycanla müqayisədə digər respublikalardakı vəziyyətin bundan da acınacaqlı olması qənaətindədirlər. Ekspertlər bildirirlər ki, borc göstəriciləri bir neçə indeqatorla ölçülür. Adambaşına düşən xarici borcumuzun məbləğinə ümumdaxili məhsula görə yanaşsaq, xarici borcun məbləği az və risksisiz görünür. Bundan narahat olmağa dəymir. Ancaq ekspertlər bununla yanaşı, son yanvar-iyun aylarını əhatə edən yarımillik borcun artım dinamikasının yüksək olmasını təhlükəli hesab edirlər. Pərviz Məmmədov hesab edir ki, respublikamızın yeni borc alması narahatçılığı yaratmayan göstəricilərin dəyişməsinə səbəb ola bilər. Azərbaycanın borc alma siyasəti konservativ siyasətdir: "Sevindirici haldır ki, başqa ölkələrlə, o cümlədən düşmən Ermənistanla müqayisədə nikbin olmağa əsas var. Məsələ burasındadır ki, Gürcüstan, Ermənistan hətta neft ölkəsi olan Qazaxıstanla müqayisədə respublikamızda bu siyasət daha yüksək mövqedə durur.

İqtisadçılar xarici kredit təşkilatlarından kredit almağı büdcə vəsaitlərinin xərclənməsindən daha məqsədəuyğun hesab edirlər. Çünki borc vasitəsilə respublikamıza həm də kapital gəlir. Külli miqdarda olan bu vəsait müəyyən texnologiyalara, investiya layihələrinə yatırılır. Şübhəsiz ki, bütün bunlar respublika iqtisadiyyatının müasirləşdirilməsi üçün zəruridir. Azərbaycanda elə sahələr var ki, onları daxili vəsaitlər hesabına tənzimləmək olduqca çətindir.

Qeyd etdiyimiz kimi, bir sıra problemlər - dövlət büdcəsindən maliyyələşən layihələrin şəffaflığında, hesabatlılığında ciddi nöqsanların olması külli miqdarda mənimsəmələrə yol açır. Aidiyyəti orqanlar təftiş aparmaq üçün lazımi informasiyaları əldə edə, yoxlamalar keçirə bilmirlər. Bu isə dövlət büdcəsinin çapıb-talanmasına, oğurlanmasına rəvac verir. Reallıq bundlan ibarətdir ki, şəxsi məqsədlər üçün istifadə edilən, ayrı-ayrı məmurların ciblərinə axan milyonlarla, milyardlarla vəsait büdcəyə daxil olmalı pullardır.


Geri qayıt