Əsas Səhifə > Gündəm, Manşet > «BANK OF BAKU» DA MEDİA İNHİSARINA DƏSTƏK VERİR

«BANK OF BAKU» DA MEDİA İNHİSARINA DƏSTƏK VERİR


23-07-2013, 12:28
«BANK OF BAKU» DA MEDİA İNHİSARINA DƏSTƏK VERİR
BANKIN GÜZƏŞTLİ KREDİT KAMPANİYASI İLƏ BAĞLI REKLAM FIRILDAQ İMİŞ

DİA.AZ: - Məlum olduğu kimi, 22 iyul Azərbaycan mətbuat işçilərinin peşə bayramı ilə əlaqədar “Bank of Baku” jurnalistlər üçün endirimli kredit kampaniyası elan edib. Biz də bu elanı eşidib, bankın reklamlarına inandıq. Və zənn etdik ki, sosial rifah halının acınacaqlı olduğu dönəmdə «Bank of Baku»nun bu təşəbbüsündən mətbuat işçiləri xeyli faydalanacaq. Amma yanılmışıq.

DİA.AZ bildirir ki, əgər bankın reklamlarına inansaq, “Jurnalist krediti” kampaniyasının şərtinə əsasən, “Bank of Baku” Azərbaycan mətbuat işçiləri üçün pul kreditlərinin illik faiz dərəcəsində 5%-lik endirimə başlayır. Belə ki, jurnalistlərə yalnız 3 gün ərzində, 22-23-24 iyul tarixlərində “Faizlər tətilə çıxdı” kampaniyası çərçivəsində elan olunmuş 3%-lik endirimə əlavə olaraq 2%-lik peşə bayramı endirimi elan olunur. Beləliklə, mətbuat işçilərinə toplam 5%-lik endirim tətbiq ediləcək.

Kreditin maksimal məbləği əmək haqqı və bankla iş tarixçəsindən asılı olaraq 10.000 manat təşkil edir. Müddət - 24 aya qədər.
«BANK OF BAKU» DA MEDİA İNHİSARINA DƏSTƏK VERİR

Hər halda, şərtlər cəlbeidici olduğundan biz də «Bank of Baku»ya müraciət etdik və peşman olduq. Sən demə, «Bank of Baku» üçün də əlahiddə olan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun nəzarəti altında olan möhtəşəm Mətbuat Şurası imiş. Yəni bu qeyri-hökumət təşkilatı mahiyyətli qurum o qədər vacib imiş ki, sözügedən bank da kreditini yalnız mətbuat şurasının üzvlərinə verir.

Hər halda, maraqlı bir tendensiyadır. Biz onu bilirdik ki, jurnalistlərə dövlət büdcəsindən KİVDDF-nin xətti ilə ayrılan dövlət yardımları mətbuat şurasının inhisarındadır. Və buna artıq öyrəşmişdik də. Amma biz onu bilmirdik ki, özəl sektor da bu inhisara dəstək verir. Nə deyirik, pul sizindir…

Amma bir məsələ də var. Xahiş edirik, reklamlarınızın mətninə düzəliş edin və qeyd edin ki, yalnız mətbuat şurasının üzvlərinə kredit verilir - daha «JURNALİSTLƏRƏ KREDİT VERİRİK» deyib saqqalımıza minnət qoymayın…

Geri qayıt