Əsas Səhifə > Gündəm, Manşet > ŞEYXİN QUDASI BİLGƏHDƏ MEYDAN SULAYIR

ŞEYXİN QUDASI BİLGƏHDƏ MEYDAN SULAYIR


22-07-2013, 11:43
ŞEYXİN QUDASI BİLGƏHDƏ MEYDAN SULAYIR
DEPUTAT QALİB SALAHZADƏ HƏTTA ARİF PAŞAYEVİN SÖZÜNÜ YERƏ SALIB

DİA.AZ: - Keçən günlərdə vətəndaş Seymur Quliyevin şikayət ərizəsi əsasında hazırlanmış material hazırlamışdıq. Materialda bildirilirdi ki, şikayətçinin Bilgəh qəsəbəsində, A.Salahzadə küçəsi, döngə 21, ev 2 ünvanında yerləşən ikimərtəbəli şəxsi evi millət vəkili, Bilgəh qəsəbə bələdiyyəsinin sədri olmuş Qalib Salahzadənin təcavüzünə məruz qalaraq tamamilə sökülmüş, ev əşyaları talan edilmişdir. Bildirək ki, Qalib Salahzadə sıradan birisi deyil. Şeyxin qudası və millət vəkilidir.

Onu da qeyd edək ki, Seymur Quliyev bütün müvafiq sənədlərin, o cümlədən Abşeron rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin də surətini təqdim etməklə isbatlayır ki, göstərilən ünvanda yerləşən ev onun xüsusi mülkiyyətindədir. Lakin bütün bunlar millət vəkili Qalib Salahzadə üçün elə də əhəmiyyət kəsb etmir. Biz artıq qeyd etmişdik ki, bu ərazinin ətrafında yerləşən digər torpaq sahələri də Qalib Salahzadə tərəfindən alınmışdır. Yalnız bir sahədən başqa. Daha dəqiq desək, millət vəkilinin mülklərinin əhatəsində iki torpaq sahəsi qalmışdır ki, bunlardan da biri məhz Seymur Quliyevə məxsusdur.

Digər sahənin sahibi isə bizə artıq dünən müraciət edərək özünü təqdim etmişdir. S.Quliyevlə qonşu olan bu şəxs Məcid Nuru oğlu Əliyevdir. Məcid Əliyev qonşusu S.Quliyevin başına gələn olayın DİA.AZ-dakı təsvirini tam təsdiqləyərək, eyni hadisə ilə özünün də qarşılaşdığını bildirir. Başqa sözlə desək, Qalib Salahzadə bəlkədə soyadaşının adını daşıyan küçədə başqalarının da yaşamaları faktı ilə razılaşmaq istəməyərək, öz qonşularının evlərini yıxmaq qərarına gəlmişdir.



Ötən yazımızda biz həmçinin qeyd etmişdik ki, Qalib Salahzadə öz məqsədlərinə çatmaq üçün daha nüfuzlu şəxslərin adlarını hallandırmaqdan çəkinmir. Göstərmişdik ki, bu şəxslərdən biri bütün Qafqazın Şeyxi Allahşükür Paşazadədir. Məlum olduğu kimi Qalib Salahzadə Şeyxin qudasıdır və onun bu qohumluq əlaqələrinə müxtəlif problemlərin həllində dəfələrlə istinad etdiyi heç kim üçün sirr deyil.

Qalib Salahzadənin bu qalmaqalda adından sui-istifadə etməyə çalışdığı digər görkəmli şəxs isə hörmətli akademik Arif Paşayevdir. Belə ki, Qalib Salahzadə Bakı ŞİH tərəfindən sərəncam verilmiş “İnşaat Servisez” MMC-nin “PAŞA Holding” MMC-yə aid olduğunu iddia etməklə Seymur Quliyevə aid torpaq sahəsinin də məhz bu şirkətin rəhbərliyi tərəfindən alındığını sübuta yetirmək istəyir. Amma əslində “İnşaat Servisez” MMC “PAŞA Holding” MMC-nin törəmə şirkəti olan “PAŞA İnşaat” MMC-nin sadəcə podratçı şirkətlərindən biridir.

Seymur Quliyev özü isə bütün bu məsələlərə “PAŞA Holding” MMC rəhbərliyinin heç bir aidiyyatı olmadığına əmindir. Biz ötən materialda da göstərmişdik ki, Seymur Quliyev və valideynləri hörmətli akademik Arif Paşayevə bu barədə şikayətlərini çatdırmağa müvəffəq olublar. Akademik Arif Paşayev isə Qalib Salahzadəni ora dəvət edərək dərhal vətəndaşlara dəyən ziyanın ödənilməsini bir tələb kimi ortaya qoymuşdur.

Lakin millət vəkili Qalib Salahzadə bu tələbə etinasızlıqla yanaşmışdır. Əlbəttə, düşünmək olar ki, Arif Paşayev kimi nüfuzlu bir şəxsin tam ədalətli tələbinə qarşı çıxmaqla Qalib Salahzadə özünü arzuolunmaz vəziyyətə qoya bilər. Lakin bu münasibətlərdə bir incə məqam da nəzərə alınmalıdır. Məsələ bundadır ki, Qalib Salahzadə akademik Arif Paşayevin köməkçisi olan Elman adlı bir şəxslə şərikli biznesə malikdir. Beləliklə, bu məqam bir tərəfdən millət vəkilinin törətdiyi qanunsuzluqlarda pərdələnmək niyyətilə hörmətli akademikimizin adını hallandırmaq ideyasının haradan qaynaqlandığına aydınlıq gətirir. Digər tərəfdən də isə şəxsi biznes maraqları yəqin ki, Elmanı Qalib Salahzadənin əməllərinə dair rəhbərliyə təhrif olunmuş hesabat verməyə sövq edir. Eyni zamanda da yəqin ki, Seymur Quliyevin və Məcid Əliyevin növbəti şikayətləri də akademikin korrespondensiyasından eyni səbəblərə görə çıxarılır...

Onu da bildirək kİ, DİA.AZ olaraq bu barədə daha geniş araşdırma materialını yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin. Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt