Əsas Səhifə > Gündəm, Manşet > İKİ NAZİR YOLA SALINIR

İKİ NAZİR YOLA SALINIR


28-12-2011, 11:43
İKİ NAZİR YOLA SALINIR

GƏNC KADR ELMAR MƏMMƏDYAROVU ƏVƏZ EDƏCƏK

DİA.AZ: - Redaksiyamıza hakimiyyətin yeni təyinatları ilə bağlı çox ilginc məlumatlar daxil olub. İqtidar düşərgəsinə aid çox məlumatlı qaynaq iddia edir ki, gələn ilin fevral ayından Elmar Məmmədyarov istefaya göndəriləcək və onun yerinə xaici işlər naziri postuna hal-hazırda Azərbaycanı Avstriyada səfir kimi təmsil edən Qalib İsrfailov təyin ediləcək. Bu xəbərə keçməzdən öncə Qalib İsrafilovla bağlı müəyyən bilgiləri diqqətinizə çatdıraq.

Bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyev Qalib Malik oğlu İsrafilovun Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncamı bu ilin 5 iyul tarixində imzalayıb.

Onu da bildirək ki, bir müddət əvvəl, daha dəqiqi, bu ilin may ayının 26-da Qalib Malik oğlu İsrafilova yenə də prezidentin sərəncamı ilə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilməsi barədə sərəncam imzalanmışdı və o, prezident İlham Əliyevin digər sərəncamı ilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Vyana səhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi təyin edilmişdi.

Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, Qalib İsrfailovun bu cür vəzifə yüksəlişi təsadüfi deyilmiş: «İndi artıq onun nazir postuna təyinolunmasına tədarük gedir». Mənbəmiz onu da bildirdi ki, Elmar Məmmədyarov əslində hakimiyyətin işinə yarayan bir kadrdır: «Sadəcə olaraq, onun gedişi sırf olaraq Qalib İsrfailovun yüksəlişi ilə bağlı olan niyyətlər səbəbindən baş tutur. Çünki prezidentin yeni komandasında XİN başçısı postunda məhz Qalib İsrafilov qərarlaşıb».

Bu dəyişikliyin həm də prezident komandasının quruculuğu yolunda atılan növbəti addım olduğunu bildirən mənbəmiz onu da vurğuladı ki, keçmiş millət vəkili Nazim Məmmədovun da Natiq Əliyevin yerinə energetika naziri təyin olunması ilə bağlı müəyyən tədarüklər var: «Nazim Məmmədov zamanında Gədəbəydən deputat olub. Doğrudur, son parlament seçkilərində onun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qəzəbinə tuş gəldiyi bildirilirdi. Amma sabiq deputat yalnız FHN şefinin hədəfi olduğundan bu gün nazir postuna adı hallanmaqdadır».

Mənbəmiz bildirir ki, daha iki nazirin də mövqeləri laxlamaq üzərədir və gələn ildən etibarən hakim düşərgədə çox ciddi silkələnmələr müşahidə olunacaq: «Əslində bu dəyişikliklər enindən-sonunda baş verməli idi. Çünki İlham Əliyev 10 ilə yaxındır ki, görəv başında olsa da, hələ də sırf olaraq özünə aid bir komandanı formalaşdırıb bitirməyib. İndi isə tam zamanıdır. Prezident 2013-cü ilə yeni və özünə məxsus olan kadrları ilə getməyi düşünür».


Geri qayıt