Əsas Səhifə > Gündəm, Manşet > O, ÖZÜNÜ RAMİZ MEHDİYEVİN YERİNDƏ GÖRÜR…
O, ÖZÜNÜ RAMİZ MEHDİYEVİN YERİNDƏ GÖRÜR…20-07-2013, 11:01 |
BU GÜNƏ QƏDƏR USTALIQLA GƏLƏN ƏLİ HƏSƏNOV BİR İMPERİYA SAHİBİDİR... DİA.AZ: - Redaksiyamıza hakimiyyət daxilində gedən bir sıra proseslərlə bağlı ilginc faktlar daxil olub. Söhbət son zamanlar müşahidə olunan ab-havadan və iqtidar daxilində özünə yer edib, kifayət qədər şəbəkələşmə fürsəti əldə edən bir CƏRƏYANDAN gedir. Əslində, bu gün özünü yetərincə reklam etdirməkdə olan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovu iqtidarın «elektrik cərəyanı» da adlandırmaq olar. Necə ki, hər kəs elektrik xəttinə məhz VURULMAQ aqibətindən ehtiyatlanaraq uzaq qaçmağa çalışır, eləcə də ictimai-siyasi müstəvidə olanlar, ələlxüsus da mətbuatımız bu gün Əli Həsənovdan ehtiyatlanmaqdadır. Hətta bu gün adı «Ramiz Mehdiyevin mətbuatı» kimi çıxan qəzetlər belə yeri gələndə Ramiz Mehdiyevi hədəfə alırsa, amma buna paralel olaraq Əli Həsənovdan yalnız mübarək kəlmələri səhifələrinə köçürürsə, deməli, Əli Həsənovdan qorxmağına dəyərmiş. Ən azından onlar üçün… Yəni Əli Həsənovdan qidalananlar üçün… DİA.AZ bildirir ki, həqiqətən də bu gün «Əli Həsənovdan qidalananlar» ifadəsi tam olaraq yerindədir. Çünki onun özü də barəsində belə bir təəssürat yaradır. Dövlətin, prezidentin mətbuata qayğısını ÖZÜNÜN KİV-LƏRƏ QAYĞISI kimi təqdim etməkdən çəkinməyən Əli Həsənov bunun belə olduğunu ən azından bu gün çətiri altına yığa bildiyi KİV-lərə tamamən sübuta yetirə bilib. Onlar da əmindirlər ki, Əli Həsənovu görmədən nəinki prezidentin mətbuata qayğısının təzahürü olan Jurnalistlərin Binasından ev ala bilməyəcəklər, hətta KİVDDF-nin xətti ilə yağma malı kimi dağıdılan dövlət pullarına da ümid edə bilməzlər. Əsas olanı Əli Həsənovun rəyidir. Ona görə də bu gün Əli Həsənovdan yazı yazmaq, onun fikirlərini yozmaq həmin şəbəkəyə aid mətbuatın həddində deyil. DİA.AZ-a daxil olan məlumatlar da təsdiqləyir ki, əslində bu gün mətbuatda PA rəhbəri Ramiz Mehdiyevin hədəflənməsi, bütün ağırlıqların onun üzərinə köklənməsi də Əli Həsənovun işinə yarayır, onun beyninin məhsuludur: «Çünki Əli Həsənovun özünün də hələlik bir çətirə ehtiyacı var. Bu çətir rolunu isə Ramiz Mehdiyev edir. O, «Ramiz Mehdiyevin adamı» kimi hər kəsə meydan oxuyur, hər kəsi Ramiz Mehdiyevin adından hədələyir və hər kəsi Ramiz Mehdiyevlə düşmən edir. Necə ki, onun nəzarəti altında olan şəbəkə bu gün iqtidara ancaq düşmən qazandırmaqdadır və hətta iqtidarın şinelində olanları belə məhz Əli Həsənovun gözünə xoş görünməməsi səbəbindən dışlanaraq «xalq düşməninə» çevirirlər və bundan da yalnız itirən iqtidarın özü olur - Hüseyn Abdullayev, Gültəkin Hacıbəyli, Rüstəm İbrahəimbəyov kimi keçmiş iqtidar yandaşlarının timsalında hakimiyyət üçün arzuolunmazlar çevrəsini daha da möhkəmləndirir, eləcə də iqtidar daxilindəki manevrləri ilə Əli Həsənov Ramiz Mehdiyevlə hər kəsi üz-üzə qoymaqdan çəkinmir». Mənbəmizin iddialarına görə, bu gün mətbuatdan sorumlu olması hesabına Əli Həsənov əslində iqtidarın deyil, özünün cılız siyasi maraqlarının hifzi üçün bir media şəbəkəsi - mətbuat imperiyası formalaşdırmağa müvəffəq olub. Bu imperiyanın hüdudları siyasi yön tanımır - bura müxalifət mətbuatı da aiddir, hakimiyyət KİV-ləri də. Burada özünü müstəqil elan edən media quruluşları da var. Hətta ayrı-ayrı məmurlar tərəfindən maliyyələşdirilən KİV-lər belə məhz siyasi təlimatı Əli Həsənovdan aldıqlarından, məhz KİVDDF xətti ilə dövlət dəstəyini Əli Həsənovun araçılığı ilə əldə etdiklərindən bu gün onun əmri altındadırlar, ona xidmət edirlər. Bəli, mənbəmiz də təsdiqləyir ki, Əli Həsənov yetərincə özünü hazırlıqlı hesab edir. Hələlik… hansı posta… bu barədə məlumatsızıq. Özü də bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, bir ay sonra harda olacağını bilmir. Əslində bu onun Allaha inamı ilə bağlı deyil. Yəni «hər şey Allahın əlindədir» inamından doğan təəssürat deyil. Çünki bu gün onun etdiklərini Allaha inananlar heç bir zaman etməz. Allaha inananlar əmrində müntəzir olduqlarını, hesabına ortaya çıxdıqlarını belə aldatmazlar ki, bu faktlar da Əli Həsənovun aktivində var. Ən azından son günlərin olayları belə qənaət yaradır ki, Əli Həsənov hətta prezidentə belə yalan məlumat çatdırmaq qədərində özünü hazırlıqlı hesab edir. Və onun qənaətinə görə, vəzifəsində artıq davam edə bilməz. Daha yüksək mənsəblərə daşınmalıdır. Qənaətinə görə, artıq kifayət qədər yaşlanmış Ramiz Mehdiyevin yerinə ən şanslı aday odur. O, belə düşünür. Bizə isə yalnız «Allah saxlasın» demək qalır… Ən azından bu gün ölkə mediasının acınacaqlı halını nəzərə alaraq bunları deyirik. İllər sonra bugünkü mətbuatımız «ƏLİ HƏSƏNOVUN MEDİASI» deyilərək anılacaq. Və bu gün mətbuatda təmsil olunanların hər biri, ən azından proseslərdən hali olanların hər biri əllərini vicdanlarının üstünə qoyub etiraf edə bilərlər ki, bu gün Azərbaycan mediası bəlkə də ən acınacaqlı günlərini yaşayır. Kiminsə cılız maraqlarının diqtəsi altında şərəfli medianın formalaşması imkansızdır. Diqqət yetirin, son illərdə Azərbaycan dövlətinə və Azərbaycan prezidentinə, hətta millətimizin ünvanına belə çox ağır ifadələrlə hücuma keçənlər oldu. Əli Həsənovun mediasını bu zaman görə bilmədik. Susdular. Çünki bu söhbətlərin Əli Həsənova aidiyyatı yox idi. Çünki dövlətimizin, millətimizin, prezidentin ünvanına yağdırılan həqarətlərin Əli Həsənova dəxaləti yox idi. Ona görə də susdular. Bu yazımızın ardından isə susacaqlarını zənn etmirik. Heç biz də susmayacağıq. Ən azından Azərbaycanımız və millətimiz adına onların göz yumduqları həqiqətləri yazacağıq. Davamı mütləq olacaq... Seyid ABDULLA – DİA.AZ Geri qayıt |