Əsas Səhifə > Hadisə > PREZİDENTDƏN FƏRHAD ƏLİYEVLƏ ƏLİ İNSANOVUN DA ƏFVİ İSTƏNİLİB

PREZİDENTDƏN FƏRHAD ƏLİYEVLƏ ƏLİ İNSANOVUN DA ƏFVİ İSTƏNİLİB


26-12-2011, 17:12
PREZİDENTDƏN FƏRHAD ƏLİYEVLƏ ƏLİ İNSANOVUN DA ƏFVİ İSTƏNİLİB

“YÜKSƏK DÖVLƏT RƏSMİSİ İLƏ GÖRÜŞMÜŞÜK”

Dekabrın 26-da “Media forum” saytına danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, yüksək dövlət rəsmisi ilə görüşləri olub və əfv məsələsini müzakirə ediblər.

Kiminlə görüşdüklərini açıqlamayan Novella Cəfəroğlu bildirib ki, Hüquq Müdafiəçiləri Monitorinq Qrupunun təqdim etdiyi siyahılara baxılıb: “İndi hər şey prezidentdən asılıdır”.

Hüquq müdafiəçisi vurğulayıb ki, onlar 2 aprel məhbuslarının, gənc fəallar Ruslan Bəşirli, Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, keçmiş nazirlər Fərhad Əliyev, Əli İnsanov və sair siyasi məhbusların əfvini istəyirlər.

Prezident İlham Əliyevin bu həftə əfv sərəncamı imzalayacağı gözlənir. Əfvin bəzi siyasi dustaqlara da şamil olunacağı deyilir.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun (bu qurumda Səidə Qocamanlı, Novella Cəfəroğlu və Çingiz Qənizadə təmsil olunur) siyasi məhbus saydığı 27 şəxs var. Onların 13-ü 2 aprel mitinqinə görə həbs olunan şəxslərdir: Müsavat Partiyasının üzvləri Arif Hacılı, Tural Abbaslı, Ülvi Quliyev, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Elşən Həsənov; AXCP üzvləri Məhəmməd Məcidli, Elnur Məcidli, Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Elnur İsrəfilov.

Qurum 2011-ci ildə məhkum olunmuş daha 4 nəfəri siyasi məhbus sayır: gənc fəallar Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, AXCP üzvü Şahin Həsənli, hüquq müdafiəçisi Vidadi İsgəndərli.

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun siyahısında əvvəlki illərdə həbs olunmuş daha 10 nəfərin adı var: “Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirli, sabiq səhiyyə naziri Əli İnsanov, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, iş adamı Rafiq Əliyev, Xüsusi Təyinatlı Polis Dəstəsinin komandirlərindən olmuş Dəyanət Kərimov, sabiq XTPD-çi Şəmsi Abdullayev, sabiq XTPD-çi Nizami Şahmuradov, XTPD işinə görə həbs olunmuş Mehman Məmmədov, iş adamı Şəmsi Səmədzadə, İranla əlaqəyə görə tutulmuş Telman İsmayılov.


Geri qayıt