Əsas Səhifə > Ölkə, Manşet > "ÇAKIR" HƏLƏ Kİ “KARXANALAR KRALI” ADINI QORUYUR
"ÇAKIR" HƏLƏ Kİ “KARXANALAR KRALI” ADINI QORUYUR19-07-2013, 13:16 |
DÖVLƏT MÜDAXİLƏ EDƏCƏK DİA.AZ: - Qaradağın “Çakır” ləqəbli icra başçısı Süleyman Mikayılovun adı dəfələrlə yerli sahibkarlara qarşı müxtəlif olaylarda hallandırılıb. Elə sonuncu dəfə Lökbatandakı bazarın özəlləşdirilməsi zamanı yol verilən qanunsuzluqlar nəticəsində onlarla sahibkarın haqqının yeyilməsi faktı üzə çıxmışdı. Indi isə “Çakır” daş karxanalarının qəniminə çevrilib. DİA.AZ bildirir ki, əslində bu ittiham heç də yeni deyil. Buna qədər də Süleyman Mikayılov Qaradağ rayonu ərazisindəki karxanalarla bağlı müxtəlif oyunlarda iştirakçı idi. Hətta bu karxana davalarında ölənlər belə olmuşdu. Bu işə dəfələrlə hüquq-mühafizə orqanları da qarışsa da, “kimin pulu çoxdur, o da qazanar” prinsipi” yenə də özünü göstərdiyindən Süleyman Mikayılov “karxanalar kralı” adını hər dəfəsində qorumağa müvəffəq olub. «Şəxsi mülküm olan «Gülbaxt» daş karxanasında polislərin hücumuna məruz qalmışam. Döyüblər, sol gözümü də tapançanın arxası ilə vurub çıxarıblar». Bunları isə dünənki mətbuata müharibə veteranı, sahibkar Maşallah Cəbiyev deyib. Onun bildirdiyinə görə, bir neçə il əvvəl Qaradağda karxana alıb. Karxananı lazım olan avadanlıqlarla təchiz edib, fəhlə götürüb işə başlayanda, rayonun icra başçısı Süleyman Mikayılov karxananı ondan istəyib. «Razılaşmadım. Gələn adamlarına da dedim, başçı mənimlə şərik karxana alıb ki, indi ona bağışlayım? Sonra başçı xəbər göndərdi ki, bir nazirlik haradasa böyük tikinti aparır, ona görə də daş karxanasını müvəqqəti həmin nazirliyə vermək lazımdır. Mən də razılaşıb karxanada işləri dayandırdım. 2-3 ay ötdü, gördüm ki, karxananı qaytarmaq fikrində deyillər. Araşdıranda məlum oldu ki, Süleyman Mikayılov məni aldadıbmış. Karxananı özü işlədirmiş». Sahibkar deyir ki, icra başçısı ilə onun arasında karxana ətrafında mübahisələr də bundan sonra başlayıb: «Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov dəfələrlə üstümə adam göndərdi ki, karxananı ona verim. Razılaşmadım. Öz işçilərimi və texnikalarımızı karxanaya gətirdik, orada işləyən fəhlələri uzaqlaşdırıb özümüz işə başladıq. Elə 2-3 gün idi ki, işə başlamışdıq, işığı kəsdilər. Belə səbəb gətirdilər ki, guya aylıq işıqpulunu qaldırıb 1040 manat ediblər. Buna da razılaşdım. Karxananın işıqlarını birləşdirdilər. Daha bir neçə gün də iş davam etdi». Sahibkarın dediyinə görə, 2011-ci ilin avqust ayının 22-də karxanada ara qarışıb: «Qəflətən 6 maşın polisgeyimli silahlılar karxanaya hücum çəkdilər. Məndən işi dayandırmağı və karxananı boşaltmağı tələb etdilər. Aramızda mübahisə düşdü, bir polis işçisi tapançanın arxası ilə gözümə, bir başqası isə avtomat qundağı ilə boynumun ardına zərbələr ilişdirdi. Sol gözüm töküldü. Şərikimin də gözünü tökdülər, mənim də. Fəhlələrlə qarışıq bizi öz maşınlarına doldurub polisə apardılar. Məni polisin həyətində başqa maşına mindirib xəstəxanaya apardılar. Gözümdən əməliyyat olundum. Məni çox döymüşdülər, vəziyyətim ağır olduğuna görə 2 ay xəstəxanada yatdım. Oktyabr ayında xəstəxanadan çıxandan karxanaya yaxın düşə bilmirəm. İndiyə qədər də Süleyman Mikayılovun nəzarətindədir». Maşallah Cəbiyev karxanaya olan hücuma və əmlakının əlindən alınmasına görə prokurorluq orqanlarına şikayət etsə də, iki ildir ki, bir cavab ala bilmir. Baş Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasov bildirib ki, Maşallah Cəbiyevin ərizəsi Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırılıb. Ötən il martın 31-də müstəntiqin qərarı ilə cinayət işi başlanması rədd edilib. Maşallah Cəbiyevin Baş Prokurorluğa yazdığı şikayətdən sonra araşdırmanın Bakı şəhər Prokurorluğunda davam etməsinə göstəriş verilib. İdarə rəisi söz verib ki, araşdırmanın gedişinə nəzarət olunur və şikayət üzrə obyektiv qərar qəbul ediləcək. Qaradağ rayon İcra Hakimiyyəti isə «Gülbaxt» daş karxanasının hazırda kimin nəzarətində olması barədə sualları cavabsız qoyub. DİA.AZ-a bu barədə daxil olan son məlumatlardan isə aydın olur ki, artıq karxana qalmaqallarının dəfələrlə gündəmi məşğul etməsi səbəbindən bu sahə ilə bağlı dövlətin müdaxiləsi gözlənilir. Bu barədə danışan qaynaq iddia edir ki, yaxın günlərdə Qaradağ rayonundakı daş karxanalarının taleyinə aydınlıq gətiriləcək: «Məlumdur ki, həmin karxanaların hamısı dövlətindir və dövlət tərəfindən sadəcə olaraq ayrı-ayrı vətəndaşlara icarəyə verilib. Bu icarədarların bəzilərinin 1 illik, bəzilərinin isə 30-40 illik karxanalar üzərində hüquqları var». Mənbə iddia edir ki, buna görə də, dövlət hələ də icarə hüququ olan bütün sahibkarlarla danışaraq, onlara müafiq təzminat ödədikdən sonra icarə müqavilələrini ləğv edib, bir dövlət şirkətini yaradıb, həmin istehsal sahəsini dövlət nəzarətinə keçirməyi düşünür. Buna qədərsə… Təbii ki, buna qədərsə Qaradağdakı daş karxanaları ilə bağlı qalmaqallar davam edəcək. Süleyman Mikayılova gəlincə isə o da əlindəki imkanlardan istifadə edib pulunu qazanmağındadır. Ona isə kimsə «gözün üstündə qaşın var» demir. Hətta düşmən kimi gördüyü şəxslərin gözünü çıxartsa belə… Geri qayıt |