Əsas Səhifə > Hadisə > MTN ƏMƏKDAŞINDAN ELDAR MAHMUDOVA ŞİKAYƏT OLUNDU

MTN ƏMƏKDAŞINDAN ELDAR MAHMUDOVA ŞİKAYƏT OLUNDU


19-07-2013, 12:40
MTN ƏMƏKDAŞINDAN ELDAR MAHMUDOVA ŞİKAYƏT OLUNDU
Azərbaycanda əmək kitabçalarının satışı ilə məşğul olan iş adamı, “Gold PEN” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Xancanov Yusif Əkbər oğlu məktubunda bildirir ki, ölkə qanunvericiliyinin bütün tələblərinə uyğun olaraq fəaliyyət göstərməsinə baxmayaraq, qanunsuzluqla üzləşib. DİA.AZ "Bizim Yol"a istinadən xəbər verir ki, bu qanunsuzluğu Milli Təhlükəsizlik Nazirliyinin Qaradağ Rayon Şöbəsinin Faiq adlı əməkdaşı edib.
Belə ki, MTN əməkdaşı Sədərək Ticarət Mərkəzindəki mağazada satışda olan 55 ədəd əmək kitabçasını heç bir hüquqi əsas olmadan müsadirə edib: “Həmin mağazada işləyən Fərəməz Hüseynovdan tələb olunub ki, əmək kitabçalarının topdan satışı ilə məşğul olan “Gold PEN” MMC-nin rəhbəri kimi onunla görüşüm və ona 20 min manat rüşvət verim. Mən qanunla fəaliyyət göstərən sahibkar olaraq bu tələbi qəti şəkildə rədd etdim. Bundan sonra mağazada işləyən həmin satıcıya təklif edib ki, əmək kitabçasının daha ucuz hazırlanan formasını təşkil edə bilər. Həmin satıcıya pirat hazırlanan əmək kitabçasını məndən 1 manat ucuz qiymətə təklif edib. Mən həmçinin, Göygöl rayonunda insan hüquqlarının müdafiəsi ilə məğşul olan Qanunun Aliliyi və Vətəndaş Hüquqlarına Dəstək adlı qurumun rəhbəriyəm. Azərbaycan Prezidentinin və dövlətinin bu sahədə həyata keçirdiyi siyasətə dəstəyimi mətbuat orqanlarındakı çıxışlarımda ifadə etmişəm. Mən MTN əməkdaşına bildirdim ki, onun bu qanunsuz əməlləri ilə bağlı Prezidentə, MTN və Baş Prokurorluğun rəhbərliyinə şikayyət edəcəm. Bundan sonra o əməllərinin qanunsuz olduğunu dərk etdiyindən məsuliyyəti üzərindən atmaq qərarına gəlib. Belə ki, qanunsuz olaraq əldə etdiyi əmək kitabçalarını Qaradağ rayon Prokurorluğuna göndərib. Qaradağ rayon Prokurorluğunun isə qısa arazşdırması zamanı mənim fəaliyyətimdə hansısa qanunsuzluq aşkarlamadığı sübut olundu. Bununla da həmin materiala xitam verildi”.
Mətbuat vasitəsi ilə MTN rəhbəri Eldar Mahmudova müraciət edən sahibkar nazirliyin əməkdaşının bu qanunsuzluğu ilə bağlı ölçü götürülməsini xahiş edir: “Mən ümid edirəm ki, ölkə Prezidentinin sahibkarlığın inkişafı ilə bağlı verdiyi fərman və sərəncamları, həmçinin, Milli Məclisin bu sahədə qəbul etdiyi qanunverici aktları nəzərə alaraq, sahibkarlıq fəaliyyətimə qanunsuz olaraq müdaxilə edən MTN əməkdaşını cəzalandıracaqsınız. Məlumat üçün onu bildirim ki, hələ 2010-cu ildə MTN mənim fəaliyyətimlə bağlı araşdırma aparmış və yoxlama nəticəsində fəaliyyətimdə heç bir qanunsuzluq üzə çıxmamışdır”.

Geri qayıt